SSRİ əhalisi 1953-cü ilin soyuq 5 mart səhərini bəd xəbərlə qarşıladı: "Yoldaş Stalin vəfat edib”.
Rəsmi mətbuat vasitəsilə yayılan bu xəbər ölkə əhalisinin bir qismini sarsıtdı. Sonradan açıqlanan və Rusiya mətbuatının dönə-dönə yaydığı məlumata görə, diktatorun vida mərasimi zamanı yaranan insan izdihamında basabas nəticəsində hətta yüzlərlə ölən vardı. Sovet imperiyası rəsmən 30 ilə yaxın, qeyri-rəsmi olaraq bu müddətdən də artıq ona rəhbərlik etmiş rəhbərini müəmmalı şəkildə itirdi. Onun ölümündən dərhal sonra ortaya belə versiyalar çıxdı – Stalin öldürülüb. Diktator hələ bir neçə il də yaşaya bilərdi. İosif Vissarionoviçin ölümündə bir sıra şəxslər maraqlı idi. Bir versiyaya görə, bu işdə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi agentlərinin də əli var. Həmin müəmma elə indi də müzakirə mövzusudur.
Publika.az Stalinin ölümüylə bağlı müəmmalı versiyaları təqdim edir.
"Məndən sonra Stalin də olmayacaq”
İlk öncə qeyd edək ki, SSRİ rəhbəri ömrünün son illərində ətrafındakı bir sıra şəxslərdən kənar gəzirdi. 1951-ci ilin sonlarından etibarən rəhbərlə görüş tamamilə məhdudlaşdırılmışdı. Hətta qızı Svetlana Alliluyeva da atasına məktub yazmamış onunla görüşə bilməzdi. Svetlana 1953-cü ilin Yeni il şənliyi ərəfəsində ona məktub yazıb, sevimli bayramını atası ilə birlikdə keçirmək istədiyini demişdi. Qızı onun cəmi bir neçə saat vaxtını alacağını bildirmişdi. Qaydaya görə, Svetlana atasının qəbuluna istədiyi ayda, həftədə, gündə gələ bilməzdi. O ya əvvəlcədən məktub yazıb icazə almalı, ya da telefonla zəng etməli idi. SSRİ rəhbərinin hətta öz övladı ilə görüşü də məhdudlaşdırılmışdı.
Birinci müəmma: Stalinin ölümü ilə bağlı sonradan ortaya çıxan versiyaların çoxalmasında ona sadiq insanların həbsi faktoru da mühüm rol oynayır. Belə şəxslərdən biri də 21 il ərzində - 1931-ci ildən 1952-ci ilə qədər diktatorun şəxsi mühafizəsinin rəhbəri vəzifəsində çalışmış general-leytenant Nikolay Vlasik idi. Yalnız Vlasik Stalini yuxudan oyada, onun otağına girə bilərdi. Kremldə uzun illər mövcud olmuş "doqquzluğ”un ideya müəlliflərindən biri də o idi – SSRİ rəhbərini onun gözlənilmədən postlarını yoxladığı 9 mühafizəçi qoruyurdu.
Hər şey Vlasikin "həkimlərin işi” qalmaqallı cinayət işinə görə 1952-ci ili dekabrın 16-da həbs edilməsindən sonra başladı. Qolları qandallanan general atmaca atdı: "Mən həbs ediləndən sonra Stalin də olmayacaq”. Şübhəsiz ki, onun bu eyhamını heç kim ciddiyə almadı. Amma nəticə doğrudan da belə oldu. Stalin generalın bu atmacasından 2 ay sonra dünyasını dəyişdi.
"Sevinin, əclaflar, atamı öldürdünüz”
İkinci müəmma: Stalinlə vida mərasimində iştirak edən şəxslər arasında onun qızı Svetlana və oğlu Vasili də vardı. Əynində general forması olan Vasili həmin gün ayaq üstə güclə dayanır, ağlayır, tez-tez cibindən dəsmalını çıxarıb, gözlərinin yaşını silirdi. O, astadan yanındakılara xitabən "Sevinin, əclaflar, atamı öldürdünüz” – deyərək, hirsini soyutmağa çalışırdı. Son vaxtlar həddən artıq alkoqollu içki qəbul edən, hətta bəzən iş vaxtı qərargaha gəlməyən SSRİ-nin ən gənc və kiçik generalının həyat tərzindən atası da narazı idi. Vasili Stalinin vəzifəsinin aşağı salınması barədə göstərişi elə rəhbərin özü vermişdi. Bu mənada diktator övladına o qədər də ciddi yanaşmırdı. Lakin uşaqlıq dostu Artyom Sergeyevə "Atam olmayandan sonra mən də olmayacam” deyən Vasilinin atasının vəfatından heç 2 ay keçməmiş həbs edilməsi onun bir çox həqiqətləri bildiyini düşünməyə əsas verir. Lakin tam zərərsizləşdirilmiş Vasili atasının ölümü haqda bildiyi faktları özü ilə qəbir evinə apardı.
Bütün bunları nəzərə alsaq, ortaya belə bir sual çıxır: Vasili Stalin "əclaflar” dedikdə kimləri nəzərdə tuturdu?
Döşəmədə can verən diktator – Stalini kim öldürdü?
Üçüncü müəmma: Bu, versiya iflic olmuş diktatorun həkim yardımından məhrum edilməsi – başqa sözlə, ölümünün sürətləndirilməsi ilə bağlıdır. Stalinin beyninə qan sızdığından o, saatlarla Kuntsevadakı qonaq otağında yerə sərələnmiş vəziyyətdə qalmışdı. Hərdən bir neçə saniyəlik özünə gələn diktatora tibbi yardım, həkim köməyi lazım idi. O, arabir böyük çətinliklə əlini tərpədə bilirdi. Bağ evinin keşikçiləri rəhbərin otaqlarında həyat əlamətinin olmadığını görüb, qorxa-qorxa otaqları gəzdilər. Onlar Stalini döşəmədə uzanmış vəziyyətdə görsələr də, yaxınlaşa bilmədilər. Heç kimin İosif Vissarionoviçə toxunmağa, hətta ona yaxınlaşmağa ixtiyarı yox idi. Yeri gəlmişkən, Stalin hətta kitelini də kimsənin köməyi olmadan geyinirdi. Hətta bir dəfə geyinmək üçün rəhbərə kömək etmək istəyən əshabələrindən birinin ona uzanmış əlini əsəbi halda geri itələyərək, "mən özüm” -demiş, paltarını özü geyinmişdi. Bundan sonra heç kim Stalinə yaxınlaşmağa cürət etmirdi. Yalnız SSRİ rəhbərinin əl uzatdığı adamlardan başqa.
Keşikçilər döşəmədə uzanıb hərəkətsiz qalmış, iflic olmuş rəhbərə yaxınlaşa bilməzdilər. Bunun üçün SSRİ Nazirlər Soveti sədrinin müavini Lavrenti Beriyanın icazəsi lazım idi. Dərhal Beriyanın axtarışına başladılar. Uzun-uzadı axtarışlardan sonra onu tapıb, Stalinin Kuntsevadakı evinə çağırdılar. Beriya isə öz növbəsində "Stalin yatıb, onu oyatmaq olmaz” deyə, SSRİ rəhbərinə hər hansı tibbi yardımın göstərilməsinə icazə vermədi. Bu səbəbdən təcili tibbi yardıma ciddi ehtiyacı olan Stalin 12 saat köməksiz vəziyyətdə qaldı. Sonradan olunan, gecikdirilmiş tibbi yardım isə faydasız oldu.
Dördüncü müəmma: Yazının girişində də qeyd etdiyimiz kimi, Stalinin ölümündə onun okeanın o tayındakı düşmənlərinin, o cümlədən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarının da müəyyən rol oynadığı istisna edilmir. Məsələ burasındadır ki, həmin dövrdə gündəlik xatirələrini yazan ABŞ prezidenti Duayt Eyzanhauerin (o, 1953-cü ilin yanvarında prezident seçilmişdi) fevralın sonlarından martın ortalarına qədər öz gündəliyinə heç nə qeyd etməməsi bununla bağlı şübhələrə ciddi əsas yaradır. Bəzi analitiklər hesab edirlər ki, ABŞ prezidentinin və ümumiyyətlə rəhbərliyinin başı 1953-cü ilin fevralının sonlarından martın ortalarına qədər "başqa məsələlərə” qarışmışdı. Bu müddət isə Stalinin ölümü və ondan sonrakı ərəfə ilə tam üst-üstə düşür. Yeri gəlmişkən, sonralar irlandiyalı jurnalistlərdən biri Stalinin ölümündə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin agentlərinin əli olduğunu iddia edən kitab yazdı.
Yaxud müəmmalı olayda amerikalıların barmağı olmasına dair başqa fakt: 1953-cü il, fevralın ortalarında Hindistanın SSRİ-dəki səfiri ilə görüşü zamanı SSRİ rəhbəri gözlənilmədən, söhbətin mövzusuna aidiyyəti olmayan bir neçə söz deyir: "Canavar mənim qanıma susayıb, onu öldürmək lazımdır”. Canavarları çox sevən İosif Vissarionoviçin səfirlə söhbəti zamanı dediyi bu sözlərlə onun ölümü arasındakı zaman məsafəsi ... cəmi 14 gündür. Sual olunur – Stalin "canavar” dedikdə kim(lər)i nəzərdə tuturdu? Hansı qüvvələrə, şəxslərə işarə edirdi?
Can verən kommunist əli ilə kimləri hədələmişdi?
Beşinci müəmma: Atasının həyatının son anlarını xatırlayan Svetlana Alliluyevanın sözlərinə görə, gözlərini yummuş, iflic olduğundan hərəkətsiz qalmış Stalin heç kimin gözləmədiyi halda qəfildən tərpənib. O, gözlərini yarımçıq açaraq, əlini yuxarı qaldırmaq istəyib. SSRİ rəhbərinin bu hərəkəti ilə kimi hədələməsi bu günədək sirr olaraq qalmadqadır. Atasının məlum davranışını həyatının sonuna qədər unutmayacağını deyən Svetlana bildirirdi ki, can verən İosif Vissarionoviçi həmin an sanki kimsə, hansısa sehrli qüvvə boğurdu.
Altıncı müəmma: Nəhayət, Stalinin öz ətrafı tərəfindən öldürülməsi versiyası. Qeyd edək ki, SSRİ diktatorunun qəfil və müəmmalı ölümündə onun öz ətrafının əli olduğunu barədə versiyalar həqiqətə daha yaxın mülahizələrdəndir. Keçək faktlara: 2003-cü ildə Rusiyanın "ORT” telekanalına müsahibə verən Svetlana Alliluyeva bildirirdi ki, atası qan təzyiqinin yüksək olmasından əziyyət çəkirmiş. Bundan əlavə, o, Stalinin müəmmalı ölümü faktını araşdırmaq üçün ABŞ-dan Moskvaya gəlmiş amerikalı tədqiqatçının lentə aldığı sənədli filmdə "Stalini kim öldürdü?” sualına birmənalı olaraq "Beriya” cavabını verdi. Stalinin nəvələri, habelə ona yaxın olmuş şəxslər də amerikalı jurnalistin analoji sualını Siyasi Büronun üzvü Lavrenti Beriyanın adını çəkməklə cavablandırdılar. SSRİ rəhbərliyində təmsil olunmuş şəxsin Stalinin vaxtında tibbi yardım almasında günahkar olmasını yuxarıda (üçüncü müəmmalı versiyada) qeyd etmişik. Məsələ burasındadır ki, Beriyanın diktatorun ölümündə maraqlı olmasını əks etdirən başqa faktlar da var. Belə ki, can verən Stalinin ətrafında gəzişən Beriya onu astadan söyüb, təhqir edib. Hansısa anda gözləri tərpənən diktator özünə gəldikdə Beriya onun qarşısında diz çökərək rəhbərin əlini öpməyə başlayıb. Stalin yenidən huşunu itirdikdə isə ayağa qalxıb, tüpürüb və onu yenidən təhqir edib.
Yeddinci müəmma: və digər şəxslər versiyası
Stalinin ölümündə maraqlı olan şəxslər arasında Nikita Xruşşovun da adı çəkilir. Beyninə qan sızmasından hələ bir neçə ay əvvəl – 1952-ci ilin noyabrında keçirilən XIX qurultayda hamıdan sonra çıxış edən Stalin cəmi 6-7 dəqiqə tribunada ayaq üstə qala bilir. Qurultay başa çatdıqdan sonra partiya rəhbərliyi Mərkəzi Komitənin Rəyasət Heyətinin otağına yollanır. Burada isə Stalin "Baxın ha, mən hələ bacarıram” deməklə, qoca olmasına baxmayaraq, əshabələrinin yanındaca tribunada çıxış etməsi ilə öyünüb. Nikita Xruşşov isə sonralar öz xatirələrində Stalini ələ salaraq onun güclə ayaq üstdə qaldığını, tribunada əvvəlki kimi saatlarla yox, bir neçə dəqiqə dura bilməsini önə çəkib. Xruşşovun əsas məqsədi Stalinin həddən artıq qocalmasına işarə etməklə, onu gözdən salmaq, habelə, diktatorun ölümünün səbəbinin yaşla əlaqədar olduğunu sübut etmək idi. Nikita hansısa səbəblər üzündən Stalinin XIX qurultaydan bir neçə gün sonra Mərkəzi Komitənin Plenumunda 1 saat yarım ayaq üstdə çıxış etməsini ört-basdır etməyə başlamışdı. Sadaladıqlarımız onu göstərir ki, Xruşşovun qurultayda cəmi 6-7 dəqiqə çıxış edən Stalinin həddən artıq qocalması barədə iddiaları yalandır. Stalinin xələfi ona böhtan atmaqla əsl simasını ortaya çıxardı. Yeri gəlmişkən, SSRİ rəhbəri Plenumdakı çıxışında partiyada çat yarandığını bəyan edərək, bu problemin ortaya çıxmasında Anastas Mikoyanı və Vyaçeslav Molotovu ittiham etmişdi. Stalinin çıxışı əslində onlar üçün ölüm hökmü idi. SSRİ rəhbəri yeni həbslər dalğasını planlaşdırırdı. Bu mənada onun ölümündə digər şəxslərin də maraqlı olmasını sübut etmək üçün əlavə dəlillərə ehtiyac qalmır.
Və sonda: Martın 5-də dünyasını dəyişmiş Stalin təkcə cismani yox, həm də siyasi baxımdan öldü(rüldü). Stalinin kiçik oğlu Vasilini həbsxanada çürüdüb, "bomj” kimi dəfn etdilər. Qızı Svetlananı isə ölkədən didərgin saldılar. SSRİ rəhbərinin cəsədi əvvəlcə mavzoleydə qoyuldu. Leninin nəşinin bu günədək saxlanıldığı mavzoley 8 ildən çox hər iki şəxsin adını daşıdı. Lakin 1961-ci ildə Stalini Leninin vəsiyyətlərini pozmaqda suçlandıraraq, onun cəsədini Mavzoleydən çıxardılar. Həmin ilin oktyabrında diktatorun nəşini oradan çıxarıb, Kreml divarında dəfn edildi. Bu dəyişikliklərdə Xruşşovun da əli vardı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !