Dünyanın hər yerindən Rusiyaya çağırış - "Müharibəni dayandırın"

10:50 | 25.02.2022
Dünyanın hər yerindən Rusiyaya çağırış -

Dünyanın hər yerindən Rusiyaya çağırış - "Müharibəni dayandırın"

Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynaya dəstək və həmrəylik üçün bir sıra ölkələrdə etiraz aksiyaları keçirildi. 
 
Almaniyanın Berlin şəhərində rus qoşunlarının Ukraynaya müdaxiləsinə etiraz edənlər Paris meydanına nəhəng Ukrayna bayrağı gətiriblər. Əllərində Ukraynanın bayraqları və plakatları olan insanlar Brandenburq darvazasının qarşısına toplaşıblar. Berlinin əsas görməli yerlərindən biri mavi və sarı rənglərlə işıqlandırılıb. 

Onlarla etirazçı Avstraliyanın Sidney şəhərinin küçələrinə çıxaraq ukraynalılara dəstəklərini ifadə ediblər. İnsanlar qəzəbləndilər və "Rusiyaya qarşı cəhənnəm sanksiyaları tətbiq etməyə” çağırdılar.

Yüzlərlə etirazçı İspaniyanın Barselona şəhərində küçələrinə çıxıb. Artıq hücumlarla bağlı ilk xəbərlərdən sonra etirazçılar Rusiyanın Madriddəki səfirliyinə gəlməyə başlayıb. Onlar hasarın üzərinə müharibə əleyhinə şüarlar yazılmış plakatlar asıblar.

Beyrutda yaşayan ukraynalılar "Putin, evə get” və "Putini dayandır, müharibəni dayandır” şüarları ilə Rusiya səfirliyinə gəliblər.

Rusiyanın Stokholmdakı səfirliyi qarşısında da çoxlu etirazçılar olub. İsveçin baş naziri Magdalena Andersson, müdafiə naziri Peter Hultqvist və xarici işlər naziri Ann Linde Ukraynanın suverenliyinin qorunub saxlanmasına kömək edə biləcəyinə inandıqları həll yolu üzərində artıq çalışdıqlarını bildiriblər.

Yaponiyanın Tokio şəhərində  yaşayan ukraynalılar və yaponlara rəğbət bəsləyənlər şəhərin tam mərkəzindəki Şibuya rayonunda toplaşıblar. Yaponiya rəhbərliyi Rusiyanın təcavüzünə etiraz edənlərlə razılaşır. Dünən, fevralın 23-də baş nazir Fumio Kişida Avstraliya və Kanada başçıları ilə birlikdə Rusiyaya qarşı sanksiyaları açıqlayıb.

Rusiyanın Tallinndəki səfirliyinin yerləşdiyi dar Pikk küçəsində onlarla insan nəhəng Ukrayna bayrağı ilə çıxıb.

Bir çox ukraynalı və rusiyalı Putinin qərarlarından və hərəkətlərindən narazı olaraq Rusiyanın Oslodakı səfirliyinə gəlib. Bəzi plakatlar Putini Stalinə bənzədib.
Rusiya, Moskva, Yekaterinburq və Novosibirsk

Bir qrup ukraynalı öz ölkələrinin bayraqları ilə Niderlandın Haaqa şəhərinin mərkəzindən keçib. Andris Bikerveq küçəsində yerləşən Rusiya səfirliyinə toplaşan yüzə yaxın insan Ukraynanın himnini oxuyub.

Fransanın Paris şəhərində Rusiya səfirliyinin yerləşdiyi Lanna bulvarı mavi və sarı bayraqlar və çiçəklərlə bəzədilib.
 
Niderlandın Rotterdam şəhərində Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynaya dəstək və həmrəylik üçün Erasmus körpüsü mavi və sarı rəngdə işıqlandırılıb.
 
Rusiyanın Ukraynaya hücumunu hansı təşkilatlar pislədi?
 
NATO və Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyib. NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynanın şərqində Donbasda xüsusi hərbi əməliyyat keçirməsindən sonra açıqlama verib.  Stoltenberq Rusiyanın saysız-hesabsız mülki vətəndaşın həyatını təhlükə altına atdığına diqqət çəkərək deyib.

"Rusiyanın Ukraynaya qarşı məsuliyyətsiz və əsassız hücumunu qətiyyətlə pisləyirəm”, - deyə o bildirib. 

Stoltenberq bəyan edib ki, Rusiya xəbərdarlıqlara və diplomatiya çağırışlarına baxmayaraq, növbəti dəfə suveren və müstəqil ölkəyə qarşı təcavüz yolunu seçib.

Stoltenberq Rusiyanın hücumunun "beynəlxalq hüququn ciddi şəkildə pozulması və Avro-Atlantik təhlükəsizliyə ciddi təhdid olduğunu” qeyd edib.

"Rusiyanı dərhal hərbi əməliyyatları dayandırmağa, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıram”, deyə o əlavə edib.

Yens Stoltenberq bu dəhşətli zamanda Ukrayna xalqının yanında olduqlarına və NATO müttəfiqlərinin Rusiyanın təcavüzkar hərəkətlərinin nəticələrini aradan qaldırmaq üçün bir araya gələcəklərinə işarə edərək, "NATO bütün müttəfiqlərini qorumaq və müdafiə etmək üçün nə lazımdırsa edəcək” deyib.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Şurasının sədri Çarlz Mişel, Avropa Parlamentinin (AP) sədri Roberta Metsola və Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell də mövzu ilə bağlı birgə bəyanatla çıxış ediblər. Bəyanatda "Rusiyanın Ukraynaya qanunsuz hücumunu qətiyyətlə pisləyirik” ifadəsindən istifadə edilib.

Ukraynada günahsız qadın, kişi və uşaqların həyatları üçün heç bir səbəb və qorxu olmadan hücuma məruz qaldığına diqqət çəkilən bəyanatda "Kreml məsul tutulacaqdır" ifadəsi işlədilib. 

Avropa Şurasının sədri Çarlz Mişel və Aİ Komissiyasının sədri Ursula fon der Leyen birgə bəyanatlarında hücumu pisləyib və Rusiyanı təcavüzü dərhal dayandırmağa və qoşunlarını geri çəkməyə çağırıblar. Bəyanatda həmçinin Ukraynada insan itkisindən təəssüflənildiyi və Aİ-nin təcili humanitar yardıma hazır olduğu bildirilib.

Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın tələbi ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində ikinci dəfə toplaşan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) əksər üzvləri Rusiyanın Ukraynaya başlatdığı hərbi müdaxiləni kəskin qınayıblar və bunu "Beynəlxalq hüquqa və BMT prinsiplərinə hörmətsizlik” olaraq adlandırıblar.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Rusiyanın Ukraynaya hərbi müdaxiləsini kəskin şəkildə pisləyib. ATƏT-dən verilən yazılı bəyanatda "Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatını qətiyyətlə pisləyirik. Ukraynaya qarşı bu hücum beynəlxalq hüququn və Rusiyanın öhdəliklərinin pozulmasıdır, eyni zamanda milyonlarla insanın həyatını ciddi təhlükə altına atır" deyilib.

Bəyanatda "Bütün hərbi fəaliyyətləri dərhal dayandırmağa çağırırıq” ifadəsi işlədilib.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Rusiya və Ukrayna vətəndaşlarına müraciət edib. O, LXR və DXR rəhbərlərinin kömək xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini söyləyib.
 

















 

Ləman Qasımova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb