Dövlət büdcəsinin xərcləri barədə HESABAT

11:45 | 15.08.2022
Dövlət büdcəsinin xərcləri barədə HESABAT

Dövlət büdcəsinin xərcləri barədə HESABAT

2022-ci ilin 6 ayında dövlət büdcəsinin xərcləri 11,6% artaraq 12936,6 milyon manat olub. Bununla bağlı informasiya Hesablama Palatasının "2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da əksini tapıb.

"Aylar üzrə icranın proqnozdan ən çox aşağı olduğu göstərici 363,1 milyon manat olmaqla yanvar ayında müşahidə edilmiş, bu ay üçün büdcə xərclərinin rüblər və aylar üzrə bölgüsü ilə müəyyən edilmiş göstərici 4,5% olsa da, faktiki göstərici 3,3% təşkil edib", - qurumdan deyilib.
 
İcranın proqnozu ən çox üstələdiyi göstərici 651,5 milyon manat olmaqla martında qeydə alınmış, bu ay üçün büdcə xərclərinin rüblər və aylar üzrə bölgüsü ilə müəyyən edilmiş göstərici 7,7% olsa da, faktiki göstərici 9,9% təşkil edib.
 
Dövrün son 2 ayında büdcə kəsirlə icra edilsə də, əvvəlki aylarda gəlirlərin xərcləri əhəmiyyətli üstələməsi dövrün sonuna profisitin 1268,9 mln. manat (proqnozdan 3,4 dəfə çox) olması ilə nəticələnmişdir. Dövlət büdcəsinin balansı üzrə artan yekunla hesablanan icra göstəricilərinin kəsirin maliyyələşdirilməsi üzrə daxilolma məbləğləri ilə müqayisəsi də fərqin olduğunu göstərir. Belə ki, profisitli büdcə şəraitində daxili borclanmadan vəsait cəlb edilmişdir. 

"Profisitli büdcə idarəetmədə olan vəsaitin artımına səbəb olsa da, qalığın bir hissəsi yerləşdirmədən kənarda qalmış, idarəetmədə olan vəsaitin bir hissəsi büdcə ssudası kimi verilmişdir. Hesabat dövrünün sonlarına doğru vahid xəzinə hesabının sərbəst qalığı üzrə yerləşdirmədən kənarda qalan hissənin azalması və idarəetməyə verilən vəsaitlərdə artım qənaətbəxş hal kimi qiymətləndirilir. Lakin profisitli büdcə şəraitində qalığın bir hissəsinin idarəetmədə olmaması, yerləşdirmədə olan vəsaitlərin müddətsiz şərtlərlə idarəetməyə verilməsi dövlət büdcəsinin idarəetmədən gəlirlərinin həcminə təsir etmişdir. Belə ki, profisitin nəzərdə tutulması və faktiki profisitin olması fonunda yanvar-iyununda sərbəst qalığın 29,0%-66,0%-i yerləşdirmədən kənar qalmışdır. Yanvar-aprel aylarında əhəmiyyətli profisit həm cari hesabın xarici valyutada olan hissəsinin 343,4 milyon manat, həm də Dövlət Neft Fondunda (DNF) yerləşdirmədə olan olan hissənin 500,0 mln. ABŞ dolları artımına səbəb olub", - qurumdan deyilib.
 
Hesabat dövründə büdcə gəlirləri proqnoza nisbətən 7,4%, ötən ilin müvafiq dövrünə nisbətən 20,8% çox olmuş, Dövlət Vergi Xidməti (DVX) və DGK xətti ilə gəlirlərin artımı DNF-in vəsaitlərinə qənaət etməyə imkan yaradıb.
 
Belə ki, DNF transfertləri 1712 milyon  manat kəsirlə icra edilmiş, bu, büdcə gəlirlərində proqnozla müqayisədə DVX xətti hesabına əldə edilmiş əhəmiyyətli artıma azaldıcı təsir edib.
 
"Gəlirlərin 7456,7 milyon manatını qeyri-neft gəlirləri, 6748,8 milyon manatını neft gəlirləri təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən qeyri-neft gəlirlərinin daha sürətlə artması büdcə gəlirlərində qeyri-neft sektorunun payının 52,5%- ə yüksəlməsi ilə nəticələnib 2022-ci ilin dövlət büdcəsi ilə bağlı rəylərimizdə gəlirlərin yüksək icrasının münbit makromühit, qiymət artımı və qanunvericilikdə dəyişikliklər hesabına mümkün olacağı şərh edilib", - qurumun rəsmi saytı yazıb.

DVX xətti ilə daxilolmalar proqnoza nisbətən 2064,7 milyon manat, əvvəlki ilə nisbətən 2140,1 milyon manat çox icra edilib. Ötən ilə nisbətən artımın 56,4%-ni qeyri-neft gəlirləri təşkil etmiş, bu, iqtisadi aktivlik və qiymət artımı ilə əlaqəli olmuşdur. Ötən ilin 6 ayı ilə müqayisədə nominal ifadədə ÜDM 55,4%, qeyri neft-qaz ÜDM-i 22,2%, qeyri-neft sektoru üzrə əsas kapitala investisiyalar 27,4% artmışdır. Neft-qaz qiymətlərinin bahalaşması nəticəsində əvvəlki illə müqayisədə neft-qaz gəlirlərində 934,1 milyon manat çox icra olmuşdur. DVX üzrə daxilolmaların 49,3% artımının 30,7 faiz bəndi hüquqi şəxslərin mənfəət vergisinin, 10,3 faiz bəndi isə ƏDV-nin payına düşmüşdür.

Hesabat dövrünün sonuna dövlət büdcəsinə borcların məbləği 19,5% artaraq (vergilər üzrə hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları nəzərə alınmadan) verginin əsas məbləği üzrə 1507,8 mln. manata çatmışdır. Bu, DVX xətti ilə proqnozun yüksək icrası üçün daha çox potensial olduğunu və borcların büdcəyə cəlb edilməsi üzrə tədbirlərin zəruri olduğunu deməyə əsas verir. Hesabat dövrünün sonuna vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə olan artıqödəmə məbləğləri 2187,6 mln. manat təşkil etmişdir ki, bu da dövrün əvvəlinə olan artıqödəmə ilə müqayisədə 26,6% artım deməkdir.
 
Hesabat dövründə ehtiyat fondlarının məbləğləri qanunvericilikdəki hədd çərçivəsində nəzərdə tutulmuş və icra edilmiş, ötən ilə nisbətən bu fondlar üzrə icra göstəricisində azalma olmuşdur. 2022-ci ildə ehtiyat fondlar üzrə 628,0 mln. manat vəsait nəzərdə tutulmuş, imzalanmış sərəncamlara əsasən hesabat dövrü üzrə 101,0 mln. manat nəzərdə tutulmuş, 44,1 milyon manat məbləğində maliyyələşmə açılıb.
 
Dövlət əsaslı vəsait qoyuluşunun 6 ayda icra səviyyəsi dövlət büdcəsinin xərclərinin ümumi icra səviyyəsindən geri qalmış, 2022-ci ildə nəzərdə tutulmuş bəzi layihələri üzrə ödənişə başlanılmamışdır. 2022-ci ilin ilk yarımilində dövlət əsaslı vəsait qoyuluşu üzrə illik proqnozun (2789,8 mln. manat) (yenidən baxılma zamanı artırılmış məbləğ nəzərə alınmadan) 1029,6 mln. manatı (36,9%) istifadə olunub. İlkin təsdiq edilmiş dövlət əsaslı vəsait qoyuluşu xərcləri 339 layihə üzrə nəzərdə tutulmuş, 30 layihə üzrə nəzərdə tutulmuş xərclərə qarşı tam həcmdə vəsait ayrılmış və ödənilmişdir. 25 sifarişçi təşkilat üzrə 502,3 mln. manat məbləğində 129 layihənin, eyni zamanda texniki-iqtisadi əsaslandırmaların, layihə-smeta sənədlərinin hazırlanması, məsləhətçi şirkətlərin, investisiya layihələrinin qiymətləndirilməsi və monitorinqi üçün ekspertlərin cəlb edilməsi ilə bağlı xərclərin maliyyələşməsinə başlanılmayıb.
 
Hesabat dövründə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artım tempi cari xərclərin artım tempini üstələmişdir. Hesabat dövründə cari xərclər 8714,1 mln. manat, əsaslı xərclər 3434,8 mln. manat və dövlət borcu üzrə xərclər 787,7 mln. manat məbləğində icra edilmişdir ki, bu da əvvəlki ilin müvafiq göstəricilərindən olaraq 13,8%, 12,5% çox və 10,8% azdır. Aparılan təhlillə 6 ayda cari xərclərin qeyrineft gəlirləri hesabına təmin olunma səviyyəsinin ötən ilin müvafiq dövrünə nisbətən artdığı və ya büdcənin qeyri-neft gəlirlərinin artımının cari xərclərinin artımını üstələdiyi müəyyən edilib.
 
Dövlət əmlakının özəlləşdirilməsindən 25,9 mln. manat daxil olmuş, 6 aylıq tapşırıq 20,0 mln. manat (44%) az icra edilmiş, ötən ilin müvafiq dövrünə nisbətən 6,4 mln. manat (19,9%) az olmuşdur. 6 ayda 41,4 mln. manat dəyərində dövlət əmlakı özəlləşdirilmiş, lakin dövlət büdcəsinə 25,9 mln. manat vəsait daxil olmuşdur ki, 15,5 mln. manat vəsait dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə qalıq məbləğini artırmışdır. Bu vəsaitlər üzrə vaxtı çatmış, lakin büdcəyə ödənilməmiş vəsaitlər üzrə qalıqlar dövrün sonuna əvvəli ilə müqayisədə artaraq 25,2 mln. manat təşkil edib. 

Hesabat dövründə kəsirin maliyyələşdirilməsi üçün digər mənbələrdən daxilolmalar üzrə 408,1 mln. manat vəsait daxil olmuşdur. Kəsirin bağlanmasına xaricdən cəlb edilən kreditlər hesabına 211,7 mln. manat proqnoza qarşı 118,5 mln. manat (44,0% az), daxili borclanma üzrə dövlət istiqrazları hesabına 380 mln. manat proqnoza qarşı 289,6 mln. manat (24,0% az) vəsait yönəldilmiş, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından isə vəsait yönəldilməyib.  
 
Cari ilin 6 ayında birbaşa xarici dövlət borcu 384,7 mln. manat azalmış, birbaşa daxili dövlət borcu 282,6 mln manat artmışdır. Ümumi şərti öhdəliklər 131,5 mln. manat artmış, nəticədə ümumi dövlət borcunda 29,4 mln. manat artım qeydə alınmışdır. Dövrün əvvəli ilə müqayisədə daxili zəmanətlər üzrə şərti öhdəliklər 177,5 mln. manat (31,6%) artıb.
 
Hesabat dövründə Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun təkrar borc sazişlərindən nəzərdə tutulmuş daxilolmalarının 11,9%-i icra edilmişdir. 01.01.2022-ci il tarixinə Təminat Fondunun qalığı 24,0 mln. manat və 480,0 mln. ABŞ dolları olmuşdur. 6 ay ərzində Fonda 83,8 mln. manat vəsait daxil olmuş, Fonddan 100,2 mln. manat, 4,9 mln. ABŞ dolları və 768,3 min Avro xərc edilmişdir. Dövlət zəmanəti ilə alınan borcların Fond tərəfindən ödənilmiş vəsaitlərin hər bir təşkilat üzrə 2022-ci ildə qaytarılması nəzərdə tutulan 639,4 mln. manatdan cari ilin 6 ayında 76,3 mln. manat (proqnozun 11,9%-i) bərpa edilib. 

Ləman Qasımova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM