Dövlət İmtahan Mərkəzi (DİM) 18 noyabr 2017-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ilk test imtahanının nəticələri açıqlanıb.
DİM-dən Publika.az-a verilən məlumata görə, imtahanda 13 nəfər uğurlu nəticə göstərib.
"Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.
İmtahanın gedişini internet vasitəsilə də izləmək mümkün olub. İmtahanda iştirak edən 90 namizəddən AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 2 nəfər, AC2 altqrupu üzrə 3 nəfər, AC3 altqrupu üzrə 2 nəfər, AC4 altqrupu üzrə isə 4 nəfər olmaqla, ümumilikdə 13 namizəd uğur qazanıb”.
Qeyd edək ki, AB4 altqrupuna inzibati vəzifələrin 5-ci təsnifatı üzrə şöbə müdirinin müavini, AC1 altqrupuna inzibati vəzifələrin 5-ci təsnifatı üzrə yerli bölmənin rəhbəri, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri, AC2 altqrupuna inzibati vəzifələrin 6-cı təsnifatı üzrə şöbə müdiri, sektor müdiri, yerli bölmənin rəhbəri, AC3 altqrupuna inzibati vəzifələrin 6-cı təsnifatı üzrə yerli bölmələrin rəhbərlərinin müavini, şöbə müdirinin müavini, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri, AC4 vəzifə altqrupuna inzibati vəzifələrin 7-ci təsnifatı üzrə sektor müdiri, dövlət orqanı rəhbərinin köməkçisi vəzifələri daxildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikat əldə etmək üçün noyabrın 20-dən dekabrın 1-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Sertifikatı əldə etmiş şəxs müvafiq qrup və altqruplara aid vəzifələr üzrə müsahibədə iştirak etmək hüququ əldə edir.
Qeyd edək ki, dövlət orqanları tərəfindən inzibati rəhbər vəzifələr üzrə (A növü) müsabiqəyə 176 vakant vəzifə təqdim olunub, onlardan 162-si regionlardadır. Regionlar üzrə müsabiqəyə çıxarılması nəzərdə tutulan vəzifələr üzrə ətraflı məlumatla bu linkdə //dim.gov.az/documents/PDF/Rayon1.pdf tanış ola bilərsiniz.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !