Əhməd bəy Ağaoğlu tarixi türk-iran qarşıdurması və türklərin bəzi özəllikləri haqqında

11:15 | 11.04.2020
Əhməd bəy Ağaoğlu tarixi türk-iran qarşıdurması və türklərin bəzi özəllikləri haqqında

Əhməd bəy Ağaoğlu tarixi türk-iran qarşıdurması və türklərin bəzi özəllikləri haqqında

Aydın Balayev 
tarix elmləri doktoru

Əhməd bəy Ağaoğlunun "Sırat-ı Müstakim”in 1910-cı il oktyabr-noyabr saylarında işıq üzü görmüş "İranın keçmişi və indiki halına bir nəzər” (Iran`ın Mazi ve Haline Bir Nazar) başlıqlı məqalələr silsiləsi türklərlə farslar arasındakı çoxəsrlik əlaqə və barışmaz ziddiyyətlərdən bəhs edir. Müəllif, ilk növbədə, belə bir suala cavab axtarırdı: "Niyə xüsusi bacarıq və istedad sahibi olan türklər İran sivilizasiyasının inkişafına böyük təhfələr verdikləri və yüzilliklər ərzində İranda siyasi hakimiyyətdə olduqları halda, mədəniyyət və dil baxımından farslardan asılı duruma düşüblər?” Müasir türk tədqiqatçısı A. Gündoğdu haqlı olaraq göstərir ki, bu araşdırmanın gedişində Ə. Ağaoğlunun gəldiyi nəticələr bu gün də Azərbayvan və Anadolu türkləri üçün öz dəyərini saxlamaqdadır.

Ə. Ağaoğlunun qənaətinə görə, türklərlə farslar arasında qarşılıqlı münasibətlərin tarixi yüzilliklərin dərinliklərinə gedib çıxır. Müəllif vurğulayır ki, "Şahnamə”nin bütün səhifələrini işğal edən türk xaqanı Əfrasiyabla fars qəhrəmanı Rüstəmin mübarizəsi, türklərlə farslar arasında əsrlərlə davam edən "çarpışma və pəncələşmələrin” təzahürüdür.

Ə. Ağaoğlu göstərir ki, türklərin Mərkəzi Asiya və Orta Şərqdə yüksəlişi Abbasilərin hökmranlığı dövrünə təsadüf edir. Bu dönəmdə İran, Əfqanıstan, eləcə də müasir Orta Asiyanın bütün ərazisi türklərin faktiki nəzarəti altına keçmişddi. Bu ərazilərin formal hakimi ərəb xəlifələri sayılsalar da, real hakimiyyət türklərin əlində idi və onlar demək olar ki, müstəqil şəkildə həmin torpaqları idarə edirdilər.

Ə. Ağaoğlu təəssüf hissi ilə bildirir ki, türklər bu ölkələrdəki siyasi hökmranlıqlarından heç bir fayda əldə etmədilər, çünki öz etnik mənsubiyyətini unudaraq, onları əhatə edən tayfa və xalqların rifahı və tərəqqisi üçün çalışdılar. Qələbə qazanan türklər sonucda məğlub olmuş yerli xalqları türkləşdirmək əvəzinə, özləri onların təsiri altına düşdülər.

Əhməd bəy bunun səbəbini izah edərək yazırdı ki, "iştə, türklüyün ən zəif tərəfi, bu qövmün bütün tarixi boyunca qətiyyən hissi-qövmiyyət nə olduğunu düşünməməsidir. Bunlar haraya varmışlarsa, oralı olmuş, oranın ruhu ilə ruhlanmış, rəngi ilə rənglənmişlər! İstanbulda Bizans adət-ənənələrini almış, Asiyanın qərbində ərəbləşmiş, mərkəzində - farslaşmış, Hindistanda hindləşmiş və Hindistanın şərqində də çinləşmişlər!».

Əhməd bəyin sözlərinə görə, bu baxımdan İran türklərinin taleyi daha səciyyəvi və ibrətamizdir. Belə ki, Mahmud Qəznəvidən (998-1030) başlayaraq son 900 il ərzində İranda müstəsna olaraq yalnız türk sülaləri – Səlcuqlar, Atabəylər, Səfəvilər, Əfşarlar və Qacarlar hakimiyyətdə olmuşlar. Lakin onlar " türk dilini, türk ədəbiyyatını və türk ənənələrini dirçəldib nəşr etməli olduqları halda, fars dilini qəbul edərək, fars dili və ədəbiyyatının intibah və tərəqqisinə xidmət etdilər”. Bu baxımdan, türklər durğunluq dövrünü yaşayan İran mədəniyyətinə yeni nəfəs gətirərək, onun intibah və yüksəlişinin səbəbkarı oldular. Məhz türk hökmdarlarının himayəsi sayəsində Firdovsi, Ömər Xəyyam, Əmir Xosrov Dəhləvi, Sədi, Hafiz Şirazi və d. görkəmli fars şairləri yetişdi, fars dili isə Asiyanın qərbində beynəlxalq dilə çevrildi.

Ə. Ağaoğlunun fikrincə, türklərin ən böyük səhvi fəth etdikləri bütün ölkələrdə yalnız dövlət idarəçiliyi və orduda yüksək vəzifələri tutmaqla kifayətlənmələri idi. Halbuki, "ticarət, iqtisadiyyat, ədəbiyyat, elm və fünun kimi mühüm sahələri” yerli əhalinin tam nəzarəti altında qalmaqda davam edirdi. Buna görə də, hərb meydanında türklər farslara bircə şans da vermədikləri halda, elm və mədəniyyət sahəsində həmişə onlara uduzurdular. Baxmyaraq ki, qabiliyyət və istedad baxımından türklər nəinki farslardan geri qalmır, əksinə, müəyyən mənada hətta onları üstələyirdilər.

Əhməd bəyin qənaətinə görə, etnik şüurun yoxluğundan savayı, türklərin ən böyük nöqsanlarından biri, onların siyasi və dini (məzhəb) baxımdan parçalanmış vəziyyətdə olmalarında idi. O yazırdı ki, məhz bu səbəbdən də, "Qafqazda bulunan bir türk Ərzurumda bulunan bir türkdən, Ərzurumda bulunan bir türk Azərbaycanda bulunan bir türkdən və xüsusilə də, Türküstandakı türkdən bixəbərdir! Halbuki bunların hamısı irqən, lisanən və ruhən bir qövm olaraq İstanbuldan Çinə qədər 50-60 milyonluq böyük bir kütləni təşkil edirlər”.

Əhməd bəy ürək ağrısı ilə qeyd edirdi ki, "İrana ruh verən, İranı yaşadan türklərdi. Ədəbəiyyat və mətbuat sahəsində olduğu kimi, siyasi və ictimai işlərdə də İranın müqəddəratı türklərin əlindədir. Lakin bəyan etdiyimiz kimi bunlarda hissiyyatı-qövmiyyə yoxdur. Bunlar qətiyyən özlərilə farslar arasında fərq və təfavüd görmürlər”. Maraqlıdır ki, "Azərbaycan türkləri” dedikdə Ə. Ağaoğlu İran azərbaycanlılarını nəzərdə tuturdu. Arazdan şimalda, yəni müasir Azərbaycan Respublikasının ərazisində yaşayan azərbaycanlıları isə o, "Qafqaz türkləri” adlandırırdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti