Türkiyə siyasətinin əsas fiquru və ideoloqu sayılan bu ölkənin xarici işlər naziri Əhməd Davudoğu nəhayət ki, ölkə daxilində baş verən hadisələrə reaksiya verib. Davudoğlu hadisələri özünəməxsus ifadələrlə, obrazlı bir şəkildə şərh edib.
"Nə edirlərsə, etsinlər, bu karvan öz yoluna davam edəcək. Türkiyənin qlobal bir güc olmasının qarşısını ala bilməyəcəklər." Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu son günlərdə ölkədə yaşanan siyasi gərginliklərə münasibət bildirərkən bu cür açıqlama verib. Manisa vilayətində çıxışı zamanı Davudoğlu qeyd edib ki, hazırda hökumətə qarşı çıxan qüvvələr, əslində Türkiyənin inkişafından narahat olduqları üçün ləkəyaxma kampaniyası aparırlar.
Əhməd Davudoğlu Ərdoğana qarşı kompaniyalara da münasibət bildirib: “Gəzi Parkı etirazlarından bu yana son zamanlarda baş nazirimizə, “Ədalət və İnkişaf” Partiyasının üzvlərinə, hökumətə qarşı keçirilən kampaniyaları təqib edirik. Səbəb nədir? Səbəb az öncə söylədiyim məsələdir. Türkiyə 90-cı, 80-ci illəri böhran içində keçirdi. Koalisiya hökumətləri, terror, iqtisadi böhranlar, qardaş döyüşləri Türkiyənin enerjisini tükətdi. Belə bir dövlətlə bağlı planları olanlar həmin dövrləri arzu edirlər. Biz harada olmağımızından asılı olmayaraq, xalqımızla da, dost və qardaş ölkələrlə də qəlb dili ilə danışırıq. Ona görə də qırmızı bayraq hər yerdə qurtuluş rəmzidir.”
Davudoğlu, eyni zamanda, 30 mart tarixində keçiriləcək bələdiyyə seçkilərinin Türkiyənin taleyini dəyişəcəyini qeyd edib və hakim “Ədalət və İnkişaf” partiyasının tərəfdarlarını səsverməyə çağırıb.
ANS PRESS