Deputat xarici şirkətlərin Azərbaycandan getmə səbəbini AÇIQLADI

"Xarici şirkətlərin Azərbaycandan getməsinin əsas səbəbi ölkədə hələ də, stabilləşmənin olmaması ilə bağlıdır”.
Bunu ANN.Az-a açıqlamasında Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov xarici şirkətlərin nümayəndəliklərinin Azərbaycandan getməsinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, xarici şirkətlərin Azərbaycandan getməsinin iki səbəbi var:
"Əvvəla, Azərbaycanda artıq inkişaf etmiş elə yerli şirkətlər var ki, onlar ölkədən gedən müəssisələrin fəaliyyətini yenidən davam etdirirlər. Məsələn, "Kempinski” otellər şəbəkəsi ölkədən getdi, ancaq hazırda həmin şəbəkəni yerli şirkətlər idarə edirlər və həmin otel hazırda başqa adla fəaliyyət göstərir. Digər səbəb isə milli valyutanın kəskin devalvasiyası ilə əlaqədardır. Qiymət artımı və digər məsələlər də müəyyən qədər xarici şirkətlərin ölkədən getməsinə təsir göstərir. Çünki, Azərbaycanda hələ də stabilləşməyə nail ola bilməmişik. Sadaladığım bu səbəblər də xarici şirkətlərin Azərbaycandan getməsilə nəticələnir. Düzdür, bu, elə də kütləvi hal almayıb. Yəni əksər şirkətlərin filialları ölkədən getməyib. Bundan elə də böyük problem yaratmaq lazım deyil”.
"İstənilən xarici şirkət Azərbaycana sərmayə qoyursa, bu, müsbət haldır. Yox, əgər Azərbaycanda gəlir əldə edib, qazandığı vəsaiti xaricə aparırsa, bu, qəbul edilən deyil. Azərbaycanda nə qədər çoxsaylı xarici şirkət fəaliyyət göstərərsə, bir o qədər də, bizim üçün önəmlidir. Həm də onların filiallarında göstərilən xidmətlər, əməliyyatlar daha yüksək səviyyədə təşkil edilir. Bir sözlə, bu şirkətlərin sayı çox olarsa, bu, bizim ölkənin beynəlxalq imicinə də müsbət təsir edəcək”, - deyə V. Əhmədov əlavə edib.
Həmin şirkətlərin ölkədən getməsinin qarşısını almağa gəlincə, Millət vəkili bildirib ki, prezident tərəfindən Starteji Yol Xəritəsi təsdiqlənib:
"Həmin Yol Xəritəsi 2017-ci ildən fəaliyyətə başlayacaq. Ola bilsin, gələn il müəyyən qədər çətinliklər olsun. Ancaq 2018-ci ildən sonra ölkədə stabilləşmə olacaq, xarici şirkətlər daha çox Azərbaycana meyil göstərəcək. Bəzi xarici şirkətlərin ölkədən getməsilə bağlı yəqin ki, hökumət müəyyən addımlar atacaq”.
Qeyd edək ki, dünyada baş verən iqtisadi proseslərdən sonra bir neçə xarici ölkə brendi ("Jumeirah”, "Kempinski” və digərləri) Azərbaycanı tərk edib. Vergilər Nazirliyinin "Vergilər” qəzetinin dekabr ayına olan məlumatına görə, daha üç xarici şirkət ("Black Gold International Oil FZCO”, "CBC Polska” MMC və "Ex Libris Polska” MMC) Azərbaycandakı nümayəndəliyini bağlayıb.
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 