Ölkədə kredit kartları ilə aparılan əməliyyatların həcmi artıb

2025-ci ilin iki ayında ölkədə kredit kartları ilə aparılan əməliyyatların həcmi 1 milyard 635 milyon manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31.3% çoxdur.
Hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 1 milyard manatı elektron ticarət vasitəsi ilə, 350 milyon manatı POS-terminallar vasitəsi ilə, 236 milyon manatı bankomatlar vasitəsi ilə, 49 milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.
Azərbaycan Mərkəzi Bankı 2027-ci ilə qədər kart əməliyyatlarında nağdsız ödənişlərin payının 70%-i ötəcəyini gözləyir. Bu barədə Mərkəzi Bank tərəfindən təsdiq edilmiş və tənzimləyici orqanın saytında dərc edilən 2024-2026-cı illərdə Azərbaycanın maliyyə sektorunun inkişafı üzrə Strategiyada bildirilib.
Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin sonuna kart əməliyyatları üzrə nağdsız ödənişlərin payı 55% təşkil edir.
Bundan əlavə, Mərkəzi Bank 2024-2026-cı illərdə milli ödəniş sistemində ani ödənişlərin payını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Hazırda bu, cəmi 0,39% təşkil edir.
Mərkəzi Bank hesab edir ki, 2027-ci ilə qədər bu rəqəm 25%-dən çox ola bilər.
Digər məqsəd pərakəndə ticarət şəbəkəsində nağdsız ödənişlərin payının ən azı 40%-ə (hazırda 21,1%) çatdırılmasıdır.
Mərkəzi Bank həmçinin 2027-ci ilə qədər cari hesablardan müştəri köçürmələrində rəqəmsal bankçılığın payının 90%-i (hazırda 80%) keçəcəyini gözləyir.
Aytac