Bakı qaz ixracı üçün Şərq və Cənub bazarlarına yönələ bilər - İlham Əliyev

Avropa İttifaqı Azərbaycandan qaz idxalını davam etdirmək və artırmaq istəyirsə, maliyyələşdirmə siyasətini və uzunmüddətli müqavilələrə yanaşmasını yenidən nəzərdən keçirməlidir. Əks halda, Bakı qaz ixracı üçün Şərq və Cənub bazarlarına yönələ bilər. Bu barədə Prezident İlham Əliyev bildirib.
“Avropa bazarı qanunvericilik, qaydalar və qiymət baxımından yüksək səviyyəlidir. Amma biz təkcə Qərbə baxmamalıyıq. Şərqə də, Cənuba da baxa bilərik. Bu, Azərbaycanın qaz sənayesinin gələcəyi və Avropanın enerji təhlükəsizliyi üçün vacibdir,” – Əliyev bildirib.
Onun fikrincə, 2022-ci ildə Aİ qaz tədarükünün artırılmasını istədikdən sonra, Azərbaycan tədarükü 2021-ci ildəki 8 milyard kubmetrdən 2024-cü ildə 13 milyard kubmetrə qədər artırıb. Bu artım Xorvatiya da daxil olmaqla daha çox ölkəni əhatə edib. Lakin əlavə tədarük yalnız maliyyə məhdudiyyətləri aradan qaldırıldıqdan sonra mümkün ola bilər.
“Enerji layihələrimizin hamısı – istər neft, istər qaz – 70% borc, 30% korporativ maliyyə əsasında həyata keçirilib. Avropa institutları bu modelə qayıtmalıdır,” – o bildirib.
Prezident əlavə edib ki, karbon neytrallığı hədəfləri ilə enerji reallıqları arasında uçurum var.
“Əgər siz 2050-ci ildə karbon neytral olacağınızı deyirsiniz, amma məndən qaz istehsalına sərmayə qoymağımı istəyirsinizsə, o qaz hara gedəcək?”, o deyib.
Əliyev bildirib ki, Azərbaycanın qazı hazırda 12 ölkəyə, onlardan 10-u Avropada, 8-i Aİ üzvüdür. Xorvatiya və Albaniya bu şəbəkəyə qoşulub, Albaniyada qazlaşdırma layihəsi artıq razılaşdırılıb, Bolqarıstanda isə müzakirə edilir.
O həmçinin Azərbaycanın yaşıl enerji sahəsində də paralel iş apardığını və Qara dəniz vasitəsilə Rumıniyaya 4 GW-lıq yaşıl enerji kabeli layihəsinin başladığını qeyd edib.
“Avropa Komissiyası reallığı görməlidir. Qafqazı sevimlilərə və sevmədiklərinə bölmək əvəzinə, əsl tərəfdaş kimi davranmalıdırlar. Biz buna hazırıq,” – Əliyev fikrini tamamlayıb.
N.Təbrizli