Azərbaycanda neft hasilatı 9,1 mln tona düşüb

2025-ci ilin yanvar-aprelində Azərbaycanda 16,7 milyard kubmetr təbii qaz hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat verib.
Qaz hasilatının 4,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 9 milyard kubmetri “Şahdəniz”, 0,5 milyard kubmetri “Abşeron” yataqlarının, 2,7 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.
Hesabat dövründə xaricə 8 milyard kubmetr qaz satılıb. Bunun 4 milyard kubmetri Avropaya, 3,1 milyard kubmetri Türkiyəyə (o cümlədən TANAP-la 1,9 milyard kubmetr), 0,9 milyard kubmetri isə Gürcüstana ixrac olunub.
Bu müddətdə neft hasilatı 9,1 milyon ton təşkil edib. Bunun 5,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”dən, 1,3 milyon tonu “Şahdəniz”dən (kondensat), 0,2 milyon tonu “Abşeron”dan, 2,3 milyon tonu isə SOCAR-ın payına düşüb.
İxraca 7,8 milyon ton neft göndərilib. Neftin 6,6 milyon tonu konsorsiumlar, 1 milyon tonu SOCAR, 0,2 milyon tonu isə “Abşeron” yatağı tərəfindən ixrac olunub.
Yanvar-aprel aylarında ölkədə 1,8 milyon ton neft emal edilib. Aprel ayında gündəlik neft hasilatı 75,1 min ton (566 min barrel) təşkil edib.
Ümumilikdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından 1 may 2025-ci ilədək 656,8 milyon ton neft (kondensatla birlikdə) və 480 milyard kubmetr qaz hasil edilib.
N.Tebrizli