Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaşdır, əməkdaşlıq bərpa olunan enerjiyə genişlənəcək — Borerro

Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır və tərəflər gələcəkdə bərpa olunan enerji sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırırlar. Bu barədə Aİ nümayəndəsi Kristina Borrero Bakı Enerji Həftəsində etdiyi çıxışında bildirib.
“Avropa Komissiyası 6 mayda REPowerEU Yol Xəritəsini təqdim edib və bu sənəd Rusiyadan enerji asılılığını tam aradan qaldırmağı hədəfləyir”, - Borrero deyib.
O əlavə edib ki, Azərbaycan qazı və Cənub Qaz Dəhlizinin genişləndirilməsi bu planın əsas hissəsidir.
“Lakin əməkdaşlığımız təkcə qazla məhdudlaşmır,” — Borerro vurğulayıb.
Onun sözlərinə görə, tərəflər bərpa olunan enerji, hidrogen və birləşmiş enerji sistemləri sahəsində də birgə investisiyaları nəzərdə tutur.
“Azərbaycanın bərpa olunan enerji istehsalçısına çevrilmək potensialı və istəyi var. Biz dənizdə külək və günəş enerjisi planlarını alqışlayırıq və bu potensialı reallaşdırmaq üçün əməkdaşlığa hazırıq,” — o qeyd edib.
Aİ nümayəndəsi əlavə edib ki, Avropa İttifaqının yeni Qara Dəniz Strategiyası regional və qitələrarası enerji əlaqələrinin inkişafı üçün yol xəritəsi təqdim edir.
Onun sözlərinə görə, Qara Dəniz regionu Avropa ilə Xəzər regionu arasında enerji inteqrasiyası üçün əsas qapıdır.
“Gəlin ortaq ambisiyamızı konkret nəticələrə çevirək. Yalnız alıcı və satıcı kimi yox, davamlılıq, rifah və enerji təhlükəsizliyi üçün tərəfdaşlar olaraq irəliləyək,” — avropalı xanım çıxışını tamamlayıb.
N.Təbrizli
Son xəbərlər
Daha çox 