Moldova energetika rəsmisi: Qaz təchizatında şaxələndirmə və bərpa olunan enerji üzrə irəliləyiş əldə olunub

Moldova Energetika Nazirliyinin dövlət katibi Karolina Novac çərşənbə axşamı bildirib ki, ölkəsi qaz və elektrik enerjisi təchizatını tam şaxələndirib və enerji təhlükəsizliyini artırmaq üçün infrastruktur layihələrini genişləndirir.
Moldova Trans-Balkan boru kəməri və Rumıniya ilə İași–Ungheni interkonnektoru kimi alternativ marşrutlardan istifadə etməyə başlayıb.
O əlavə edib ki, Moldovanın dövlət qaz şirkəti interkonnektor Yunanıstan–Bolqarıstan boru xəttində əsas istifadəçiyə çevrilib.
Novac, həmçinin, Moldovanın 16 mart 2022-ci ildə Avropa kontinental elektrik şəbəkəsinə qoşulmasını “enerji sektorunda tarixi gün” adlandırıb və bu prosesdə Avropa Komissiyasının və Rumıniyanın maliyyə və texniki dəstəyinə təşəkkür edib.
O, Azərbaycanın Moldovaya enerji sahəsində göstərdiyi əhəmiyyətli dəstəyi də xüsusi qeyd edib.
O bildirib ki, Suveren Qaz Dəhlizi layihəsi təkcə enerji və qaz təchizatını təmin etmir, həm də regionda sülh və sabitliyə töhfə verir. Novac, Trans-Balkan Boru Kəməri üzrə Bolqarıstan, Yunanıstan, Moldova, Rumıniya və Ukraynanın ötürmə sistem operatorları arasında imzalanan yeni razılaşmanın qaz nəqli üçün vahid tarif tətbiqini və aylıq ödənişlərin 25%-dək azaldılmasını nəzərdə tutduğunu deyib.
O, Moldovanın bərpa olunan enerji sahəsində əldə etdiyi uğurlara toxunaraq bildirib ki, son dörd ildə ölkədə quraşdırılmış bərpa olunan enerji gücü səkkiz dəfə artıb, istehlak isə beş dəfə yüksəlib. Moldova ilk bərpa olunan enerji hərracını başa çatdırıb və yaxın vaxtlarda qaliblər elan ediləcək. Dövlət katibi yeni planlaşdırılan ikinci, hibrid (külək və batareya) hərracda iştirak üçün maraqlı tərəfləri dəvət edib.
Novac, ilin sonunadək Moldova balanslaşdırma bazarını istifadəyə verəcəyini, qaz turbinaları və enerji saxlama sistemləri üçün yeni imkanlar yaradacağını bildirib. O əlavə edib ki, enerji səmərəliliyi sahəsində yaşayış evləri üçün yeni fond və üç dövlət binası layihəsi başlayacaq.
N.Təbrizli
Son xəbərlər
Daha çox 