Tüstüsüz gələcəyə doğru - “Philip Morris İtaliya” ilə eksklüziv MÜSAHİBƏ

Dünyanın ən böyük tütün şirkətlərindən biri olan Philip Morris International, son illərdə özünü tamamilə transformasiya etmək və tüstüsüz gələcəyə doğru irəliləmək istiqamətində strateji kurs götürüb. Şirkət artıq 38 milyondan çox yetkin şəxsin ənənəvi siqareti tərk edərək tüstüsüz alternativlərə keçdiyini bəyan edir. Xüsusilə Aİ ölkələrində, o cümlədən İtaliyada, bu keçidin sosial və iqtisadi təsirləri getdikcə daha çox hiss olunur.
Biz bu dönüşün arxasında duran hədəfləri, investisiya planlarını və sosial məsuliyyət prinsiplərini daha dərindən anlamaq üçün "Philip Morris İtaliya"nın Xarici Əlaqələr üzrə Direktoru Michele Samoggia ilə əhatəli müsahibəni diqqətinizə təqdim edirik. O, Aİ-dəki qanunvericilik mühitinin dəyişməsi fonunda qarşıdakı çağırışlardan, yeni nəsil cihazların utilizasiyasından və şirkətin İtaliya iqtisadiyyatına töhfəsindən danışıb.
- "Philip Morris"in 2024-cü ildə Aİ-dəki ümumi satışının neçə faizi IQOS kimi tüstüsüz məhsulların payına düşür? Son 2 ildə bu rəqəm necə dəyişib?
- "Philip Morris International" 2030-cu ilin sonuna qədər tüstüsüz məhsulların ümumi xalis gəlirinin üçdə-ikisindən çoxunu təmin etməsini hədəfləyir. Bu məqsəd tüstüsüz gələcəyə keçmək və nəticədə ənənəvi siqaretdən imtina etmək üçün daha geniş strategiyanın bir hissəsidir. İnnovativ məhsulların PMI xalis gəlirlərindəki payı son illərdə əhəmiyyətli və davamlı şəkildə artmış, 10 faiz bəndi artaraq 2022-ci ildəki 32%-dən 2025-ci ilin birinci rübündə 42%-ə yüksəlmişdir. Bu məqsədə doğru irəliləyişin nümayişi olaraq 2025-ci ilin birinci rübündə IQOS qızdırılan tütün məmulatları bazarının payı Budapeşt (41,9%), Afina (34,4%) və Roma (31%) kimi Avropanın əsas şəhərlərində yaxşı irəliləyişlə 11,4%-ə yüksəlmişdir.
- "Philip Morris"in tüstüsüz alternativləri son 5 il ərzində İtaliya və Aİ-də tütünçəkmənin yayılmasına necə təsir göstərmişdir? Neçə siqaret çəkənin bu alternativlərə keçdiyinə dair statistikanız varmı?
- PMI dünyada 38,6 milyon yetkinlik yaşına çatmış şəxsin PMI tüstüsüz məhsullarından istifadə etdiyini təxmin edir. Xüsusilə, İtaliyada 2014-cü ildə IQOS-un istifadəyə verilməsindən bəri 2 milyondan çox yetkinlik yaşına çatmış siqaret çəkən tamamilə bu innovativ cihaza keçib və siqareti tərgidib .
- "Philip Morris"in Aİ investisiyalarının hansı hissəsi dayanıqlı texnologiyaların və "yaşıl" məhsulların inkişafına yönəldilib?
- 2008-ci ildən bəri, PMI tüstüsüz məhsulların inkişafı, elmi təsdiqi və kommersiyalaşdırılmasına 14 milyard ABŞ dollarından çox investisiya yatırıb ki, bu investisiyaların da çoxu eko-dizayn, dairəvilik və ekoloji "ayaq izi"nin azaldılması prinsiplərini özündə birləşdirir. Bunu təkcə 2024-cü ildə AR-GE xərclərinin 99,5%-nin şirkətin dayanıqlılıq strategiyasının əsasını təşkil edən tüstüsüz məhsulların inkişafına yönəldilməsi sübut edir. Bundan əlavə, hələ 2024-cü ildə PMI IQOS ILUMA i cihazları üçün ilk Ekoloji Məhsul Bəyannamələrini (EPD-lər) nəşr etdi və qarşısına 2025-ci ilin sonuna qədər eko-dizayn standartlarına uyğun olaraq bazara çıxarılan yeni elektron cihazların 100%-ni sertifikatlaşdırmaq məqsədi qoydu.
- "Philip Morris"in yeni nəsil məhsullarda istifadə olunan elektron cihazların utilizasiyası proqramı varmı?
- "Philip Morris İtaliya" IQOS, Lil və Veev elektron cihazlarının tullantılarına həsr olunmuş təkrar emal layihəsi olan "REC - Recycling for Circular Economy" (Dairəvi İqtisadiyyat naminə Təkrar Emal) layihəsini təbliğ edir. Bu layihə həmi cihazların ətraf mühitdə yayılmasının azaldılmasına və yeni hasilatın qarşısını almaq üçün mühüm xammalın bərpasına yönəlib. Layihə, əslində, cihazlardakı xammalın, o cümlədən plastik və metal materiallar, maqnitlər, litium-ion batareyalar və sxemlərin orta hesabla 80%-dən çoxunu bərpa etmək kimi iddialı bir hədəfə malikdir.
Layihənin başladılmasından 1 il sonra, 2024-cü ilin sonuna, ilkin toplama hədəfinə cavab verən 500 mindən çox cihaz toplanmışdır. Təşəbbüsün müvəffəqiyyəti 2025-ci il üçün eyni toplama hədəfi qoymağımıza səbəb oldu və layihənin başladılmasından bəri toplanan cihazların sayını 1 milyona çatdırdı.
"Phillip Morris İtaliya" layihəni həyata keçirmək üçün istehlakçıların toplama məntəqələrinə gətirdikləri cihazların toplanması və daşınmasından məsul olan distribusiya sektorunun tanınmış aktoru ilə və PMI standartlarına uyğun olaraq bu cihazları təşkil edən xammalın emalı və bərpasından məsul olan Tullantı Elektrik və Elektron Avadanlıqların (WEEE) təmizlənməsi üzrə ixtisaslaşmış şirkətlə əməkdaşlıq edir.
- "Philip Morris İtaliya"nın investisiya, vergi ödəmələri və yeni iş yerlərinin açılması baxımından milli iqtisadiyyata verdiyi ümumi töhfə nədən ibarətdir?
- "Philip Morris İtaliya" innovativ tüstüsüz məhsullarla əlaqəli mükəmməllik istehsalından keçən, tütün zavodundan istifadə müddəti bitmiş məhsulların idarə edilməsinə qədər inteqrasiyalı dəyər zəncirinə rəhbərlik edir. Bu təchizat zənciri təxminən 8000 italyan təchizat və xidmət şirkətindən, o cümlədən kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən 1000 şirkətdən ibarətdir və ölkə üzrə təxminən 41.000 nəfər üçün iş yeri təmin edir.
Bu, kənd təsərrüfatı, sənaye və xidmət sektorlarına strateji investisiyalar sayəsində mümkün olmuşdur. Kənd təsərrüfatından başlayaraq, Kənd Təsərrüfatı Nazirliyi və italyan istehsalçılarını təmsil edən əsas milli assosiasiya olan "Coldiretti" ilə çərçivə razılaşmaları sayəsində 2011-ci ildən bəri kənd təsərrüfatı təchizat zəncirinə 2 milyard avrodan çox investisiya yatırmışdır. 2033-2034-cü biznes ilinə qədər bu investisiyalara daha 1 milyard avro əlavə olunacaq.
Sənaye nöqteyi-nəzərindən, ümumi investisiyaları 1,5 milyard avrodan çox olan "Philip Morris", 2014-cü ildə Krespellanoda (Bolonya) son 25 ildə İtaliyanın ən böyük "sıfırdan" fabriki olan "Philip Morris Manufacturing & Technology Bologna" fabrikinin açılışını etdi. Fabrik 2022-ci ildə ixrac dəyəri 1,8 milyard avrodan çox olan innovativ yanmayan məhsulların genişmiqyaslı istehsalı üçün mükəmməllik mərkəzi rolunu oynayır.
Nəhayət, "Philip Morris İtaliya" Taranto, Marçanize (Kazerta) və Terni şəhərlərində bu yaxınlarda tüstüsüz məhsul istifadəçilərinə dəstək üçün nəzərdə tutulmuş üç Rəqəmsal İnformasiya Xidməti Mərkəzinin (RİXM-lər) açılışını etdi. İnvestisiyalar 2027-ci ilə qədər təxminən 180 milyon avroya çatacaq və ümumilikdə 700-ə yaxın iş yeri yaradılacaq.
Ümumiləşdirsək, "Philip Morris İtaliya"nın İtaliya iqtisadiyyatına ümumi illik töhfəsi 10 milyard avronu keçir ki, bu da milli ÜDM-nin 0,5%-nə bərabərdir . Bu töhfə "Philip Morris"in İtaliyadakı fəaliyyətindən birbaşa, dolayı və induksiya edilmiş əlavə dəyər, tütün mağazalarında PMI məhsullarının satışından əldə edilən əlavə dəyər və aksiz vergiləri və məhsullara ƏDV-dən vergi daxilolmaları ilə müəyyən edilir.
- İtalyanlar və avropalıların tüstüsüz məhsulları necə qavradığına dair hər hansı bir məlumatınız varmı? Məsələn, insanların neçə faizi onların ənənəvi siqaretdən daha az zərərli olduğunu düşünür?
- "Philip Morris İtaliya"nın töhfəsi ilə CENSIS tədqiqat mərkəzinin bu yaxınlarda keçirdiyi sorğu göstərir ki, əksər italyan respondentlər (57,6%) tüstüsüz məhsulları ənənəvi siqaretlərdən daha az zərərli hesab edirlər.
Sorğu həmçinin qavranılan faydalarla bağlı maraqlı bir faktı göstərir: respondentlərin əksəriyyəti tüstüsüz məhsulların həm estetik (61,8%), həm də fiziki cəhətdən (daha az öskürək və daha çox nəfəsalma ilə) (56,4%) siqaretdən daha az problem yaratdığını hesab edir.
Bununla belə, bu qavrayışlar bu məhsulların yenə də asılılıq yaratması barədə məlumatlılığı sarsıtmır, buna italyan respondentlərinin 79,5%-i inanır.
- Sizcə, Aİ-də hansı qanunvericilik təşəbbüsləri yaxın bir neçə il ərzində "Philip Morris"in fəaliyyətinə daha çox təsir edəcək?
- Yaxın keçmişdə Avropa institutları yeni tüstüsüz məhsulların inkişafı üçün qitəyə əhəmiyyətli investisiyalar yatırmağa imkan verən normativ baza yaratmışlar. Bu normativ bazanın gələcəkdə yenilənməsi halında bu sahənin tüstüsüz gələcəyə transformasiyanın hərəkətverici qüvvəsi olan investisiya, tədqiqat və innovasiyaları təşviq edən fərqləndirici sistemi prioritet etmək çox vacibdir.
- Sizcə, dövlətlə tütün şirkətləri arasında konstruktiv dialoq zərərin azaldılması kontekstində mümkündürmü?
- Heç bir aktor təkbaşına tütün sənayesi kimi mürəkkəb bir sektorun transformasiyasını həyata keçirə bilməz. Bu sektora təsir edən hər bir keçid prosesi yalnız dövlət, özəl və sosial sektorların müxtəlif aktorları arasında əməkdaşlıq çərçivəsində mümkün ola bilər. Bu aktorların hər biri müvafiq vəzifələrini nəzərə alaraq əsas rol oynayır.
- Enel, BASF, İqtisadi İnkişaf Nazirliyi və FAO-da işləmisiniz. Bu şirkətlərdə tutduğunuz vəzifələrdən hansı korporativ xarici əlaqələr haqqında düşüncənizə ən çox təsir edib?
- Bu vəzifələrin hər biri korporativ xarici əlaqələrə baxışımı özünəməxsus şəkildə formalaşdırdı və dövlət siyasətinin və iqtisadi strategiyaların korporativ davranışa və maraqlı tərəflərlə qarşılıqlı əlaqəyə necə təsir etdiyinə dair vahid bir fikrin yaranmasına kömək etdi.
Bu təcrübə korporativ məqsədlərin milli iqtisadi məqsədlərlə uyğunlaşdırılmasının vacibliyini nümayiş etdirdi və dövlət, özəl və sosial sektorlar arasında şəffaf kommunikasiya və əməkdaşlığın mühüm rolunu vurğuladı.
- Siz "YUNİSEF İtaliya"nın İdarə Heyətinin üzvü olmusunuz. Humanitar sektordakı təcrübəniz Korporativ Sosial Məsuliyyətə yanaşmanıza necə təsir etdi?
- "YUNİSEF İtaliya"nın İdarə Heyətinin üzvü olmaq mənə insanların rifahına və biznes təcrübələrindəki etik mülahizələrə üstünlük verməyin vacibliyini və şirkətlərin sadəcə qaydalara riayət etməklə yanaşı, cəmiyyətin rifahına fəal töhfə vermə ehtiyacını dərk etməyə kömək etdi.
Humanitar sektor təcili ehtiyacların ödənilməsinə və dayanıqlı inkişafın təşviqinə yönəlmişdir. Bu baxış məndə belə bir inam formalaşdırdı ki, KSM təşəbbüsləri şirkətin əsas strategiyasına inteqrə olunmalı və şirkətin fəaliyyətinin cəmiyyətə və ətraf mühitə müsbət təsir göstərməsi təmin edilməlidir.
N.Təbrizli