Abonentlər sabit tarif üçün 1 manatdan artıq ödəməyəcək - Nazir müavini

Sabit tarifin maliyyə tutumu ümumi xərclərin 2%-dən aşağıdır və hər bir abonent üzrə aylıq əlavə xərc 1 manatdan artıq olmayacaq. Bunu energetika nazirinin müavini Orxan Zeynalov Milli Məclisdə iyulun 8-də keçirilən iclasda deyib.
O bildirib ki, passiv abonentlərin xərclərinin digər istehlakçılar tərəfindən qarşılanması ədalətli sayılmır.
O, tarif sisteminin təkmilləşdirilməsinin uzunmüddətli dövrdə daha ədalətli və əlçatan tarif modelinin formalaşmasına imkan verəcəyini vurğulayıb.
Nazir müavini əlavə edib ki, Azərbaycanda məişət abonentləri üçün sayğaclar paylayıcı şirkətin hesabına təmin olunur.
“Türkiyə, Rusiya və Gürcüstanla müqayisədə bu, istehlakçılar üçün daha əlverişli yanaşmadır,” – o bildirib.
Zeynalov bildirib ki, “Elektroenergetika haqqında” qanun layihəsində nəzərdə tutulan sabit tarif mexanizmi elektrik enerjisi xidmətinin keyfiyyətini artırmaq və xərclərin istehlakçılar arasında daha ədalətli bölünməsini təmin etmək məqsədi daşıyır.
Zeynalovun sözlərinə görə, bu dəyişiklik mövcud tariflərin artırılması ilə deyil, mövcud tarif strukturlarının xərclərin xarakterinə uyğun formalaşdırılması yolu ilə həyata keçiriləcək.
“Yeni yanaşma hər ay ödəniş edən istehlakçılar üçün tarif yükünün cüzi də olsa azalmasına səbəb ola bilər,” – o qeyd edib.
Gülnar Nazimqızı