Ağıllı qaz şəbəkəsi üzrə 480 milyon dollarlıq saziş imzalanıb

Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin “Esyasoft Holding” LTD şirkəti arasında ölkədə ağıllı qaz şəbəkəsinin qurulması üzrə 480 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb. Bu barədə SOCAR mətbuat xidməti məlumat yayıb.
Sazişə əsasən, 2,5 milyon ədəd ağıllı qaz sayğacının mərhələli şəkildə quraşdırılması və layihənin təxminən 14 il ərzində icrası nəzərdə tutulur.
Layihənin məqsədi qaz paylanmasında əməliyyat səmərəliliyinin artırılması, xərclərin azaldılması və qaz itkilərinin minimuma endirilməsidir. Eyni zamanda, “Azəriqaz” İstehsalat Birliyinin xidmət keyfiyyətinin artırılması və istehlakçı məmnunluğunun yüksəldilməsi hədəflənir.
Layihə çərçivəsində şəbəkənin rəqəmsallaşdırılması, təzyiq və temperatur sensorlarının quraşdırılması, “Rəqəmsal Həllər Laboratoriyası”nın yaradılması, süni intellekt texnologiyalarının tətbiqi və Hökumət buludu üzərindən informasiya təhlükəsizliyinin təmin olunması planlaşdırılır.
İstehlakçılar üçün real vaxt rejimində izləmə, uzaqdan xidmət, dəqiq hesablama və rəqəmsal platformalar vasitəsilə məlumatlara asan çıxış kimi funksiyalar təqdim ediləcək.
Bu saziş ötən il COP29 çərçivəsində imzalanmış əməkdaşlıq razılaşmasının davamı kimi qiymətləndirilir. Müqaviləni SOCAR prezidenti Rövşən Nəcəf, “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədov və “Esyasoft Holding” LTD-nin baş icraçı direktoru Bipin Çandra imzalayıblar.