Azərbaycanın büdcə xərcləri 2025-in ilk yarısında 6,5% artıb

2025-ci ilin altı ayına dövlət büdcəsinin xərcləri 17 milyard 95,6 milyon manat təşkil edib. Bu göstərici illik büdcə xərclərinin 41,3%-nə bərabər olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% və ya 1 milyard 43,5 milyon manat çoxdur. Məlumat Maliyyə Nazirliyi açıqlayıb.
İlk yarımildə büdcə vəsaitləri əməkhaqları, pensiyalar, sosial müavinətlər, işğaldan azad olunmuş ərazilərin bərpası, dövlət proqramları və borc öhdəliklərinin yerinə yetirilməsi üçün tam və vaxtında maliyyələşdirilib.
Hesabat dövründə:
Cari xərclər 10 milyard 571,3 milyon manat və ya ümumi xərclərin 61,8%-ni təşkil edib. Bu, ötən ilə nisbətən 737,1 milyon manat (7,5%) çoxdur.
Əsaslı xərclər 5 milyard 496,8 milyon manat (32,2%) olub – 11,1% və ya 549,2 milyon manat artım.
Dövlət borcuna xidmətlə bağlı xərclər 1 milyard 27,5 milyon manat (6,0%) təşkil edib ki, bu da 19,1% və ya 242,8 milyon manat azalmaya uyğundur.
Nazirlik bildirir ki, bütün xərclər xəzinədarlıq orqanlarına təqdim olunan sifarişlər əsasında yerinə yetirilib.
Aytac