Mərkəzi Bank iki BOKT-un lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı (AMB), kapitalın minimum 1 milyon manatlıq tələbinə əməl etmədiklərinə görə “Finoko” ASC və “İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatlarının (BOKT) lisenziyalarını ləğv edib.
AMB-dən verilən məlumata görə, bu qərar 29 avqust 2025-ci il tarixində İdarə Heyəti tərəfindən qəbul edilib və sözügedən qurumlar qanuni olaraq fəaliyyətini dayandırıblar.
Lisenziya ləğvi, “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 25.1.4-cü maddəsinə əsasən həyata keçirilib. Hər iki təşkilat daha əvvəl AMB tərəfindən minimum kapital tələbinə əməl etmədikləri üçün rəsmi xəbərdarlıq almışdı.
Yeni prudensial qaydalara görə, BOKT-lar üçün minimum nizamnamə kapitalı tələbi 1 milyon manat səviyyəsində müəyyən edilib. Bu addım sektorun maliyyə dayanıqlığını artırmaq və istehlakçı hüquqlarını qorumaq məqsədi daşıyır.
AMB qeyd edir ki, bank olmayan kredit təşkilatlarının fəaliyyəti bundan sonra da requlyativ çərçivədə nəzarətdə saxlanılacaq. Kapital tələblərinə əməl etməyən digər qurumlara qarşı da oxşar tədbirlər görüləcək.
Gülnar