BP Azərbaycanda ən azı daha 30 il qalmağı planlaşdırır — vitse-prezident

BP artıq 30 ildir Azərbaycanda fəaliyyət göstərir və qarşıdakı üç onillikdə də ölkədə qalmağı planlaşdırır. Bu barədə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyədə hasilat üzrə vitse-prezidenti Stüart Şou Bakı İqlim Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.
O vurğulayıb ki, şirkət ölkə ilə uzunmüddətli əməkdaşlığa yönəlib, lakin uğurun davamı üçün ənənəvi yanaşmalardan uzaqlaşmaq lazımdır. “Əgər əvvəlki kimi işləməyə davam etsək, xüsusilə karbon izi və ətraf mühitə münasibətdə, əvvəlki qədər uğurlu ola bilməyəcəyik,” — deyə Şou qeyd edib.
Şirkət rəsmisi “Şahdəniz” layihəsinə də xüsusi diqqət ayıraraq, ilin əvvəlində yataqda əməliyyatların dekarbonizasiyası planlarının təsdiqləndiyini xatırladıb. “Xəzərdə iri kompressor qurğusu inşa ediləcək. O, daha təhlükəsiz və səmərəli olmaqla yanaşı, elektrikləşdirilmə əsasında sahildən çəkilmiş kabellərlə qidalanacaq,” — o bildirib.
Onun sözlərinə görə, məhz bu kimi qərarlar şirkətin gələcək strategiyasını müəyyənləşdirir. “Tərəfdaşlıqlarımız və ekoloji öhdəliklərimiz təkcə cari əməliyyatlara deyil, gələcək layihələrə də şamil olunur. SOCAR və texnoloji tərəfdaşlarla əməkdaşlıq bunun bariz nümunəsidir,” — Şou əlavə edib.
N.Təbrizli