Azərbaycanda Yeni il gecəsi neçəyə başa gələcək? - SİYAHI
Azərbaycanda yerləşən hotellər Yeni il gecəsi üçün müəyyən etdikləri qiymətləri paylaşıb.
Lənkəranda yerləşən Spring Hoteldə Yeni il qeyd etmək istəyənlər iki gecə üçün iki nəfərlik otağa 1500 manatdan başlayan qiymətlə ödəniş etməli olacaqlar. Qiymətə üç dəfə qidalanma, müxtəlif master-klasslar, sərgilər, oxatma, canlı musiqi və atəşfəşanlıq kimi əyləncələr daxildir.
Şabran Wellbeing Resor-da isə analoji xidmət 1800 manat və yuxarıdır. Paketə üç dəfə qidalanma, spa xidmətləri və müxtəlif əyləncələr daxildir.
Şəki Marxal Restoran & Hoteldə Yeni il paketi Şabran Wellbeing Resor-a nisbətən daha ucuz iki nəfər üçün iki gecəyə 1660 manatdır. Qiymətə isə yalnız səhər yeməyi daxildir.
Hoteldən verilən məlumata görə, dekabrın 31-də keçiriləcək gala gecəsinə yerlər artıq dolub, lakin hotel də qalmaq istəyənlər qeydiyyat apara bilərlər.
Hilton Baku Hotel-də Yeni il gecəsi restoran və hoteldə qalma qiymətləri ayrı-ayrı təqdim edilir.
Restoranda adambaşına qiymət 490 manatdır. Bura menyuya daxil edilən bütün yeməklər, alkoqollu və alkoqolsuz içkilər, eləcə də Yeni il şou proqramları daxildir. Hoteldə gecələmək üçün qiymət isə vergi və səhər yeməyi daxil olmaqla 850 manatdır.
Qəbələdə yerləşən Tufandağ Resortda Yeni ili qarşılamaq istəyənlər isə, iki nəfərlik otaq üçün iki gecəyə 1700 manatdan başlayan qiymətlə pul ödəməli olacaqlar. Bura səhər yeməyi, spa xidmətləri və Yeni il gecəsi üçün təşkil olunan qala gecəsində iştirak daxildir.
Şahdağ Resort yeni il paketlərini iki fərqli hotellə təqdim edir. 31 dekabr–3 yanvar tarixləri üçün dağ mənzərəli otaq paketinin qiyməti 1845 manatdır. Paketə səhər yeməyi, spa, idman zalı, türk hamamı, həmçinin 31 dekabr gecəsi üçün gala yeməyi daxildir. Eyni zamanda, Zirvə Hoteldə eyni tarixlər üçün qiymət 1435 manat təşkil edir.
Naftalandakı Çinar Hoteldə isə Yeni il paketi 726 manatdır. Bura üç dəfə qidalanma daxildir.
Four Seasons Hotel yeni il üçün iki fərqli restoranda istirahət təklif edir.
Bunlardan biri, hotelin doqquzuncu mərtəbəsində yerləşən Kaspi Restoranda Yeni ili qarşılamaq istəyənlər adambaşına 450 manat ödəməli olacaq. Qiymətə ət trollyerləri, steyklər, kabab növləri, bötöv hinduşka, quzu budu, balıq növləri, şah plov, püre, toyuq və s kimi yeməklər daxildir. Alkoqollu içkilər içmək istəyənlər isə əllərini ciblərinə salmalı olacaq.
Hotelin dördüncü mərtəbəsində yerləşən zalda Yeni il gecəsi menyu set formasında təqdim olunur. Burada adambaşına qiymət 360 manatdır. Bura müxtəlif salatlar daxildir. İsti yeməklərə gəlincə isə müştəri ya ət, ya da toyuq yeməyi seçməlidi. Hər iki paketə canlı musiqi və DJ proqramı daxildir.
Hoteldə İçərişəhərə açılan delyuks otaqda iki gecə qalma iki nəfər üçün 2300 manat olacaq. Standart otaqlar artıq tutulub. Standart otaqla delyuks otaq arasında qiymət fərqi təxminən 150–200 manat təşkil edir.
İqtisadçı Natiq Cəfərli bildirir ki, Azərbaycanda bəzi populyar hotellərdə qalmaqdansa, xaricdə istirahət etmək daha sərfəlidir.
"Hotellər yeni il üçün qiymətlərini açıqlayıblar. İki gecə adambaşı 750–950 manat arası dəyişir. Məsələn, Şamaxıda iki gecə qalıb bayram keçirmək 950 manat tələb edir, yəni gecəlik qiymət təxminən 475 manat təşkil edir. Turizm şirkətləri 28 dekabr – 1 yanvar tarixləri üçün, yəni 4 gecə 5 günlük Dohaya yeni il turları təklif edir. Qiymət adambaşı ortalama 750 dollardır (təxminən 1275 manat). Qiymətə təyyarə bileti, mehmanxanada gecələmə, səhər yeməyi, sığorta və transfer daxildir. Otellər 5 ulduzludur, siyahıda Cielo Hotel Lusail, Steigenberger Hotel & Residence Shaza Doha, City Centre Rotana Doha və Doubletree by Hilton Doha Old Town kimi prestijli məkanlar var. Gecəlik qiymət təxminən 318 manat edir",- iqtisadçı vurğulayıb.
Aytac Zeynalova