Bakıda insanlar cinayətkarlardan yox, küçə itlərindən qorxur - Deputat
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Azərbaycanda sahibsiz itlər probleminin təhlükəli həddə çatdığını bildirərək, ev heyvanları ilə bağlı ayrıca qanunun qəbul edilməsinin zəruriliyini bəyan edib. Bu barədə deputat Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında bildirib.
Deputatın sözlərinə görə, hazırda ölkədə vətəndaşlar axşam saatlarında küçəyə çıxarkən cinayətkarlardan deyil, sahibsiz itlərdən qorxur.
“İnsanlar evə qayıdanda böyük stress və gərginlik yaşayırlar. Bu, artıq sosial təhlükəsizlik məsələsinə çevrilib”, – Həsənquliyev deyib.
O qeyd edib ki, ev heyvanları ilə bağlı Nazirlər Kabinetinin müəyyən qaydaları mövcud olsa da, bu sahəni sistemli şəkildə tənzimləyən xüsusi qanun yoxdur.
“Qanunvericilik boşluğu var və bu, ciddi problemdir. Qanunun qəbuluna ehtiyac var”, - o əlavə edib.
Deputat regional müqayisə apararaq bildirib ki, hətta Ermənistan da ev heyvanları üçün sığınacaqlar tikir.
“Bizdə də müasir sığınacaqlar olmalıdır. Bütün mədəni ölkələrdə bu cür xidmətlər mövcuddur”, - deputat vurğulayıb.
Həsənquliyev paytaxtın mərkəzində vəziyyətin dəyişməz qalmasını da tənqid edib.
“Space televiziyasının qarşısında 10–12 it var. Heç bir tədbir görülmürsə, bu, üzücüdür”, - deputat əlavə edib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox