Ermənistan TRIPP layihəsi çərçivəsində Bakı ilə birbaşa dəmir yolu əlaqəsinə ümid edir
Ermənistan hakimiyyəti TRIPP layihəsi çərçivəsində yaxın bir neçə il ərzində Bakı ilə birbaşa dəmir yolu əlaqəsinin qurulacağına ümid edir. Bu barədə iqtisadiyyat naziri Gevorq Papoyan mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, yaxın vaxtlarda Ermənistan–Türkiyə sərhədinin açılması ilə də bağlı müsbət xəbərlər gözlənilir.
“Türkiyə ən azı iqtisadi baxımdan ÜDM həcminə görə bizim ən böyük qonşumuzdur. Sərhədi açmaq imkanımız var”, — Papoyan bildirib.
O, daha əvvəl Ermənistan və Azərbaycan arasında qarşılıqlı maraq doğuran malların siyahılarının dəyişdirildiyini və yaxın vaxtlarda biznes ictimaiyyətinin mövqeyinin gözlənildiyini söyləyib.
Nazirin sözlərinə görə, hazırda ölkələr arasında aktiv ticarət yoxdur, çünki bazarlar bir-birini kifayət qədər tanımır və dayanıqlı ticarət əlaqələrinin formalaşması vaxt tələb edir və əsasən özəl sektorun səlahiyyətinə daxildir.
N.Təbrizli