“Azeri Light” ucuzlaşıb
Dünya bazarında Azərbaycan neftinin “Azeri Light” markasının qiyməti azalıb.
Bazar mənbələrinin məlumatına görə, bir barelin qiyməti 1,56 ABŞ dolları və ya 1,19 % azalaraq 130,79 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında isə qiymət 1,47 ABŞ dolları (1,18 %) enərək 124,08 ABŞ dollarına düşüb.
Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin iyun fyuçersləri 128,46 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb ki, bu da hazırkı bazar qiymətindən təxminən iki dəfə aşağıdır.
Məlumata görə, “Azeri Light” neftinin minimal qiyməti 2020-ci ilin aprelində 15,81 dollar, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub. Neft “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilir və layihədə SOCAR-ın payı 31,65 % təşkil edir.