Azərbaycan kapital bazarı investor etimadı axtarır
Azərbaycanda IPO, səhm və istiqraz kimi anlayışlar gündəlik informasiya mühitinə daxil olsa da, yerli kapital bazarı hələ də məhdud alətlər, zəif ikinci bazar və investor etimadı problemi ilə üz-üzədir.
CFI Azerbaijan-ın icraçı direktoru Pərvanə Qasımovanın sözlərinə görə, bir çox vətəndaş investisiya alətlərini hələ də özünə uzaq hesab edir və bu, insanların kapital bazarından daha çox istehlakçı davranışına yaxın qalması ilə bağlıdır.
“Bəzən gileylənirik ki, niyə bizdə kapital bazarı inkişaf etmir? Əslində bunu bir az da özümüz etmişik. Artıq bütün dünya bu bazarla tanış olduğu halda, biz hələ də ondan uzaq gəzirik”, - Qasımova bildirib.
CFI Azerbaijan Azərbaycanda fəaliyyət göstərən lisenziyalı investisiya şirkətidir və beynəlxalq CFI Financial Group-un yerli törəməsi kimi fəaliyyət göstərir. Şirkət investisiya xidmətləri, qiymətli kağızlarla əməliyyatlar və maliyyə bazarlarına çıxış imkanları təqdim edir. CFI Financial Group Yaxın Şərq, Avropa və Asiya daxil olmaqla bir sıra ölkələrdə fəaliyyət göstərən beynəlxalq maliyyə qrupudur.
Qasımova qeyd edib ki, Azərbaycanda indiyədək iki iri IPO keçirilib və hər iki nümunə bank sektoruna aiddir. Banklar vətəndaşlara ən yaxın maliyyə institutları olsa da, insanlar həmin bankların səhmdarı olmağa hələ də ehtiyatla yanaşırlar.
“Demək olar ki, hər ailənin ən azı bir kredit kartı və ya istehlak krediti var. Lakin bizə deyəndə ki, bankın səhmini ala bilərsən, nədənsə şübhəli yanaşırıq. Halbuki bankın mənfəətliliyini elə özümüz faiz və komissiyalar ödəməklə formalaşdırırıq”, - ekspert deyib.
Qasımovanın fikrincə, investisiya yalnız gəlir əldə etmək deyil, həm də maliyyə intizamı yaradan prosesdir.
“Mən hamıya məbləğindən asılı olmayaraq investisiya etməyi məsləhət görürəm. İnsan səhm və ya istiqraz almamışdan əvvəl bazarı araşdırmalı, sonra isə aldığı şirkəti izləməyə başlamalıdır”, - o bildirib.
Ekspert hesab edir ki, bir səhm almaq insanda şirkətə sahiblənmək hissi yaradır və bu, zamanla uzunmüddətli investisiya vərdişinə çevrilə bilər.
ABB və PASHA Bank IPO-ları
Azərbaycanda ilk iri bank IPO-su ABB tərəfindən həyata keçirilib. Bank 2022-ci ildə nominal dəyəri 0,27 manat olan səhmlərini investorlara təklif edib.
Hazırda isə IPO prosesini PASHA Bank davam etdirir.
Belə ki, bank bu il aprelin 12-də hər biri 55 manat olan səhmləri satışa çıxarıb və daha sonra abunə yazılışının müddətini iyunun 12 kimi uzadıb.
Qasımova hesab edir ki, IPO müddətinin uzadılması beynəlxalq təcrübədə normal haldır və bu, daha geniş investor kütləsinin cəlb edilməsinə, əlavə məlumatlandırma aparılmasına və bazar şəraitinin optimallaşdırılmasına xidmət edə bilər.
“IPO prosesi mürəkkəb prosesdir. PASHA Bank-ın IPO-su Azərbaycanda korporativ sahədə ilk IPO-dur. İnvestora qərar vermək üçün vaxt lazımdır. Hesab edirəm ki, müddət daha çox gec investisiya qərarı qəbul edən retail investorlar üçün uzadılıb”, - o bildirib.
Ekspertin sözlərinə görə, korporativ investorlar emissiyanı ilk günlərdə yerləşdirə bilərdilər, lakin əsas məqsəd fiziki şəxslərin bazara çıxışını artırmaqdır.
“Bu, Azərbaycanda sayca ikinci IPO-dur və emitentlər hələ öz investorlarını tam tanımırlar. Müddətin uzadılması daha çox insanın bu prosesə qoşulması üçün verilən əlavə şansdır”, - Qasımova əlavə edib.
O, 55 manatlıq səhm qiymətinin yüksək olmadığını bildirib.
“Texniki baxımdan istənilən səhmi split etmək mümkündür. Bu halda səhmlər qəpiklərlə ifadə oluna bilər, amma şirkətin ümumi bazar dəyəri dəyişmir”, - ekspert deyib.
Qasımova qeyd edib ki, ABB səhmləri də dərhal satılmayıb və yalnız abunə yazılışı başa çatdıqdan sonra yerləşdirilib.
Dövlət müəssisələrini niyə səhmləşdirmir?
Qasımovanın fikrincə, kapital bazarının inkişafı birbaşa şirkətlərin inkişaf səviyyəsindən asılıdır və burada yalnız maliyyə göstəriciləri kifayət deyil.
“Kapital bazarı korporativ idarəetmə standartları formalaşdıran, etik qaydalara əməl edən və investorlarla kapitalını bölüşməyə hazır olan şirkətlər üçün nəzərdə tutulub”, - o bildirib.
Ekspert hesab edir ki, kapital bazarını süni şəkildə aktivləşdirmək mümkün deyil və bu proses investor etimadının formalaşmasından keçir.
“Şirkət bazarda uğur qazandıqca investorun ona güvəni yaranır. Azərbaycanda sahibkarlar üçün kifayət qədər imkan var və düzgün inkişaf strategiyası ilə kapital bazarı da təbii şəkildə böyüyəcək”, - Qasımova deyib.
Prezident İlham Əliyevin 2023-cü il sərəncamı ilə “Azərenerji”, SOCAR-ın Karbamid və Metanol zavodları da daxil olmaqla bir sıra iri dövlət müəssisələri özəl investisiya cəlb edilməsi nəzərdə tutulan şirkətlər siyahısına daxil edilib.
Qasımovanın sözlərinə görə, belə müəssisələrin IPO-ya çıxması üçün əvvəlcə onların idarəetməsi dəyişməli, maliyyə hesabatları daha şəffaf olmalı və şirkətlər bazar prinsipləri ilə işləməlidir. Yalnız bundan sonra həmin müəssisələrin səhmlərinin əhali arasında yerləşdirilməsi uğurlu ola bilər.
İqtisadiyyat Nazirliyi Anews-un sorğusuna cavab olaraq bildirib ki, dövlət müəssisələrinin səmərəliliyinin artırılması üçün özəlləşdirmə və özəl investisiyaların cəlbi istiqamətində tədbirlər davam etdirilir.
Nazirliyin məlumatına görə, ABB ASC tərəfindən satışa çıxarılan 322 milyon səhmin 64%-i satılıb və nəticədə dövlətdə olan pay 96,3%-dən 92,2%-ə enib.
“AzerGold”un Daşkəsən dəmir filizi layihəsi üzrə isti briketlənmiş dəmir istehsalı zavodunun yaradılması üçün “Daşkəsən Dəmir Filiz” MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti tərəfindən “Azerbaijan Metal Company” MMC təsis edilib, zavodun 2029-cu ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır.
Nazirlik həmçinin bildirib ki, SOCAR-ın Karbamid və Metanol zavodları, eləcə də “Azərkimya” İB-nin özəlləşdirməyə tam hazırlıq vəziyyətinə gətirilməsi işləri davam edir və investorlardan daxil olan təkliflər qiymətləndirilir. Bununla yanaşı, özəlləşdirmə və dövlət əmlakının idarə edilməsi sahəsində qanunvericiliyin modernləşdirilməsi üzrə təkliflər hazırlanır.
Yerli bazar və xarici səhmlər
Azərbaycanda yerli kapital bazarında aktivlik artsa da, investorların xarici bazarlara marağı daha yüksək olaraq qalır.
Yerli bazarda səhmlər üzrə ikinci bazar dövriyyəsi 2025-ci ildə 3,6 dəfə artaraq 18 milyon manat təşkil edib və bunun 48%-i ABB Invest-in payına düşüb.
Müqayisə üçün, ABB Invest vasitəsilə xarici bazarlarda pərakəndə investor portfelləri həmin il 68% artaraq 101 milyon dollara çatıb.
Bu rəqəmlər yerli bazarda əməliyyatların artdığını, lakin Azərbaycanın pərakəndə investorlarının xarici səhmlərə yatırımlarının həcminin hələlik daha böyük olduğunu göstərir.
Qasımova investorların xarici səhmlərə marağını yerli bazara inamsızlıqla əlaqələndirmir.
“İnvestorlar sadəcə portfellərini diversifikasiya etməyə çalışırlar. Yerli bazarda daha çox səhm və istiqraz aləti yarandıqca xarici bazarlara maraq da tədricən azalacaq”, - o bildirib.
Ekspertin fikrincə, yerli bazara marağın artması həm də aktiv ikinci bazarın formalaşmasından və qiymət dəyişkənliyinin investorlar üçün daha aydın idarə olunmasından asılıdır.
İslam bankçılığı və yeni maliyyə alətləri
Qasımovanın sözlərinə görə, islam bankçılığı uzun illərdir Azərbaycanda müzakirə olunur və bu sahə həm dini qaydalara görə bank xidmətlərindən istifadə etməyən şəxslərin maliyyə sisteminə qoşulması, həm də iqtisadi diversifikasiya baxımından əhəmiyyətlidir.
Onun fikrincə, bu istiqamətdə qanunvericiliyin dəyişdirilməsi mürəkkəb prosesdir, çünki mövcud maliyyə və hüquq sistemi əsasən faiz əsaslı münasibətlər üzərində qurulub.
“Bank, vergi, mülki hüquq, mühasibat uçotu, girov münasibətləri, öhdəlik hüququ və tənzimləyici nəzarət mexanizmlərinin islam maliyyəsi prinsiplərinə uyğunlaşdırılması tələb olunur”, - ekspert bildirib.
Qasımova hesab edir ki, islam bankçılığı ayrıca inkişaf etdirilərsə, paralel islam kapital bazarı da formalaşdırılmalıdır.
“Yalnız islam bankçılığı kifayət etməyəcək. Sukuk, şəriətə uyğun investisiya fondları və digər islam maliyyə məhsulları üzrə hüquqi və institusional çərçivə yaradılmalıdır”, - o bildirib.
Azərbaycan Mərkəzi Bankı islam maliyyəsi sahəsində beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı genişləndirir. Bu çərçivədə Mərkəzi Bank Asiya İnkişaf Bankı ilə birlikdə Azərbaycanda islam bankçılığı və şəriətə uyğun maliyyə alətlərinin tətbiqi imkanları üzərində işləyir. Layihə çərçivəsində qanunvericiliyin təhlili, beynəlxalq təcrübənin öyrənilməsi və sukuk kimi islam maliyyə alətlərinin inkişaf perspektivləri müzakirə olunur.
Asiya İnkişaf Bankından Anews.az verilən məlumata görə, bu ilin sonuna qədər tərəflər qanunvericiliyin təkmilləşdirilməsi üzərində işi bitirməyi planlaşdırır.
İlk mərhələdə sukukun böyük ehtimalla ABŞ dolları ilə buraxılması nəzərdə tutulur və ilkin buraxılışın 100-200 milyon dollar intervalında ola biləcəyini istisna edilmir.
AİB-dən verilən məlumata görə, Azərbaycan sukukuna xüsusilə Körfəz ölkələrindən institusional investorların marağı yüksək ola bilər.
“Əgər 100 milyon dollarlıq sukuk buraxılsa, 300-400 milyon dollarlıq maraq yarana bilər”, - məlumatda bildirib.
AİB hesab edir ki, sukuk vəsaitləri şəriət prinsiplərinə uyğun, aktiv əsaslı və inkişaf yönümlü layihələrə, xüsusilə yaşıl maliyyə, iqlim maliyyəsi və iş yerlərinin yaradılmasına xidmət edən sahələrə yönəldilməlidir.
N.Təbrizli
Son xəbərlər
Daha çox