Son 5-6 ildə qeyri-neft sektoru iqtisadi inkişafın aparıcı qüvvəsi olub- nazir
Azərbaycan son 5-6 ildə qeyri-neft-qaz sektoru ölkə iqtisadiyyatının əsas inkişaf mühərrikinə çevrilib. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində keçirilən Azərbaycanın investisiya perspektivlərinə həsr olunmuş sessiyada ölkənin iqtisadi və investisiya imkanları təqdim olunub.
Onun sözlərinə görə, Azərbaycanın investisiya prioritetləri milli iqtisadi inkişaf sənədlərində əksini tapıb. Bu istiqamətlərə qeyri-neft sənayesi, mədənçilik və kritik minerallar, kənd təsərrüfatı və aqrar emal, nəqliyyat və logistika, turizm, bərpa olunan enerji, maliyyə xidmətləri və iqtisadiyyatın rəqəmsallaşdırılması daxildir.
M.Cabbarov vurğulayıb ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi və nəqliyyat infrastrukturunun genişləndirilməsinə yönəlmiş siyasəti ölkənin investisiya cəlbediciliyini artırır. O, həmçinin bildirib ki, siyasi və makroiqtisadi sabitlik, aşağı dövlət borcu, yüksək valyuta ehtiyatları və beynəlxalq reytinq agentliklərinin müsbət qiymətləndirmələri Azərbaycanın əsas üstünlüklərindəndir.
Nazirin sözlərinə görə, bu imkanlar investorlar və beynəlxalq maliyyə institutlarının nümayəndələrinə təqdim olunub, yerli özəl sektor şirkətləri isə ölkənin investisiya potensialının tanıdılmasında fəal iştirak ediblər.
Aytac