Mərkəzi Bank 2026-cı il üzrə inflyasiya proqnozunu 6,1%-dən 5,9%-ə endirib.
Azərbaycan Mərkəzi Bankı (AMB) ortamüddətli dövrdə illik inflyasiyanın hədəf diapazonu daxilində qalacağını proqnozlaşdırır. Baza ssenarisi üzrə yenilənmiş oktyabr proqnozlarına əsasən, illik inflyasiyanın həm 2026-cı ilin, həm də 2027-ci ilin sonunda 5,9% səviyyəsində formalaşacağı gözlənilir.
İyul proqnozu ilə müqayisədə bu göstərici 2026-cı il üçün 0,2 faiz bəndi aşağı, 2027-ci il üçün isə 0,1 faiz bəndi yuxarı korreksiya edilib. Hesablamalarda tənzimlənən qiymət və tariflərin sabit qalacağı əsas götürülüb.
Tənzimləyici bildirir ki, inflyasiya üzrə əsas risklər xarici mühitdən qaynaqlanır. Qlobal geosiyasi gərginlik fonunda enerji və ərzaq qiymətlərinin yüksəlməsi və bu artımın ticarət tərəfdaşları vasitəsilə daxili bazara idxal edilməsi başlıca təzyiq amili olaraq qalır. Təzyiqlərin ötürülmə miqyası birbaşa manatın nominal effektiv məzənnəsindən asılı olacaq. Mövcud pul və fiskal siyasət çərçivəsində daxili tələbin qiymətlərə kəskin təzyiq yaratması gözlənilmir və faiz dəhlizinə dair növbəti addımlar bu amillərin ssenari təhlilləri əsasında müəyyənləşdiriləcək.
N. Təbrizli
Son xəbərlər
Daha çox