SOCAR Vyetnama neft və mayeləşdirilmiş təbii qaz tədarük etməyə hazırdır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) vyetnamlı tərəfdaşlarla əməkdaşlığı genişləndirmək niyyətindədir və Vyetnama neft və mayeləşdirilmiş təbii qaz (LNG) tədarük etməyə hazırdır.
Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri ərəfəsində SOCAR mütəxəssisləri Hanoyda Vyetnamın Sənaye və Ticarət Nazirliyinin və yerli şirkətlərin nümayəndələri ilə danışıqlar aparıblar. Müzakirə mövzularından biri üçüncü ölkələrdən LNG tədarükü olub. "SOCAR Trading" bu cür LNG portfelini ildə təxminən 8 milyon tona qədər artırıb və onu Vyetnama tədarük etməyə hazır olduğu bildirilib.
"Vyetnamla əməkdaşlığın genişləndirilməsi üçün prosessual və digər məsələlər müzakirə olunur. Hələlik kommersiya müqavilələrindən söhbət getmir, lakin qarşılıqlı anlaşma haqqında sənəd imzalana bilər", — mənbə bildirib.
SOCAR artıq illik gücü 7 milyon ton olan "Dung Quat" neft emalı zavodunu idarə edən Vyetnamın "Binh Son Refining & Petrochemical" (BSR) şirkətinə neft ixrac edir.. Ötən il SOCAR Sinqapurdakı bölməsi vasitəsilə zavoda ayda 2 milyon barrelə qədər neft tədarükünü müzakirə edib. Həmin vaxt danışıqlar sövdələşmə ilə nəticələnməsə də, bu il tərəflər müzakirələri yenidən başlayıblar.
2010–2024-cü illərdə zavod "SOCAR Trading Singapore" vasitəsilə ümumi həcmi təxminən 31,7 milyon barrel, dəyəri isə 2,55 milyard dollara yaxın olan 35 partiya Azərbaycanın "Azeri Light" neftini alıb. "SOCAR Trading" həmçinin zavoda Nigeriyanın "Bonny Light", ABŞ-nin WTI və BƏƏ-nin "Murban" markalı neftlərini də tədarük edib.
"Dung Quat" NEZ ehtiyatları tükənməkdə olan Vyetnamın "Ağ Pələng" yatağından çıxarılan yüngül neft üçün layihələndirilib. 2028-ci ildə başa çatdırılması planlaşdırılan zavodun modernləşdirilməsi ona daha geniş çeşiddə neft növlərini emal etməyə imkan verəcək.

























