ANN.Az Oxu.Az-a istinadən politoloq, sabiq diplomat Fikrət Sadıqovun müsahibəsini təqdim edir:
- Türkiyənin XİN rəhbəri Feridun Sinirlioğlunun Bakı səfəri ilə yekun mətbuat konfransı onun Azərbaycana gəlişinin əsas səbəbinin nədən ibarət olmasına dair suala dəqiq cavab vermədi, bu isə analitiklərə müxtəlif ehtimallar üçün şərait yaratdı. Bu səfəri siz nə ilə izah edərdiniz?
- Unutmaq lazım deyil ki, Türkiyənin XİN rəhbəri bu gün Türkiyənin müvəqqəti hökumətini təmsil edir. Noyabrda parlament seçkilərindən sonra ölkədə artıq yeni hökumət təşkil ediləcək. F.Sinirlioğlunun bu səfəri və onun Bakıda görüşləri, Türkiyənin daxili siyasi həyatının çətinliklərinə baxmayaraq Azərbaycanın yanında olmaq arzusunu nümayiş etdirdi.
- Yekun brifinqində Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov digər məsələlər ilə yanaşı, türk həmkarı ilə Suriyadakı vəziyyəti, qaçqınlar problemini müzakirə etdiyini bəyan edib. Bu məsələlər üzrə tərəflərin maraqları nədən ibarətdir?
- Yaxın Şərqdən və Şimali Afrikadan qaçqın axını hər şeydən öncə Avropa ölkələrində sabit həyat üçün təhlükədir, onların dolayı yolla respublikamıza da gəlməsi istisna deyil. Türkiyənin özündə Suriyadan gələn çoxsaylı qaçqın var. Suriya ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirildiyini bilirik, bu, dünya siyasətinin aparıcı dövlətlərinin nümayəndələrinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi formatında beynəlxalq strukturlar ilə münasibətimiz prosesində tamamilə yolverilməz faktdır.
Biz bundan narahatıq. Həqiqətən həm Türkiyə, həm də Azərbaycan qaçqınlar problemindən narahatdır və biz ona laqeyd yanaşa bilmərik. Təbii ki, bu mövzu ciddi müzakirələrə səbəb olub və bu məsələlərdə çətinliklərin meydana gəlməsi zamanı koordinasiyanın möhkəmləndirilməsinin müzakirəsinə də səbəb ola bilər.
- Bakıdan dərhal sonra Sinirlioğlu Rusiya XİN rəhbəri S.Lavrov ilə görüşə yollandı, bu isə bəzi analitiklərə Azərbaycan-Türkiyə-Rusiya üçbucağının yaradılması perspektivlərindən danışmağa imkan yaratdı. Bu proqnozlar nə dərəcədə əsaslandırılmışdır?
- Yaxın zamanlarda belə üçlü alyansın yaradılmasından danışmaq çətindir və real deyil. Amma üç dövlətin regionda təhlükəsizlik üçün qüvvələrini birləşdirmələri, Avropa ölkələri və beynəlxalq strukturlar ilə münasibətlərin mürəkkəb olması faktdır.
Azərbaycan Avropa İttifaqının subyektiv və qərəzli münasibəti ilə qarşılaşdı. İş o yerə çatıb ki, avropalılar tələsik qətnamələr qəbul edirlər və özlərinin batdıqları günahlarda Azərbaycanı ittiham edirlər. Onların indi Avropada çoxsaylı problemləri var, onlar dəniz kənarında həlak olan uşağı ələ salır, ona karikatura çəkirlər. Canlı yayımda jurnalistləri milyonlarla tamaşaçı qarşısında öldürürlər. İnsan haqları kütləvi şəkildə pozulur, özlərinin təbliğ etdikləri demokratik dəyərlər qulaqardına vurulur.
Sanksiyaların tətbiq edildiyi Rusiya daha çətin vəziyyətdədir. Rusiya Ukrayna ilə yaranmış münasibətlərin mürəkkəbliyinə baxmayaraq özünə qarşı bu münasibəti qəbul etmir.
Türkiyə müstəqil xarici siyasət yürüdür, bu isə Qərbdə bəzi qüvvələri qəzəbləndirir. Ona görə də düşünürəm ki, bizim ümumi maraqlarımız əlbəttə ki, bizi yaxınlaşdırır. Hər üç dövlət üçün mühüm məsələlər mövcuddur. Düşünürəm ki, Sinirlioğlunun Lavrov ilə görüşü təsadüfi deyil, bu addımı regionumuzda baş verən hadisələrin fonunda nəzərdən keçirmək lazımdır.
- F. Sinirlioğlu erməni-Azərbaycan münasibətlərinin normallaşdırılmasında "futbol diplomatiyasının” ideoloq və təbliğatçılarından biri kimi məşhurdur. Onun yüksək vəzifəyə təyin edilməsi Ankaranın Ermənistan ilə sərhədlərin açılması məsələsinə qayıtmaq niyyətində olmasıdırmı?
- Mənə elə gəlir ki, futbol diplomatiyası və erməni-türk münasibətlərinin normallaşdırılmasına dair Sürix protokolunun imzalanması amilləri məğlubiyyətə uğradılar.
Birincisi, Azərbaycan bu məsələlərə dair yetərincə sərt mövqe tutub və bu, Türkiyədən yan keçməyib. Türkiyə ictimaiyyəti və siyasi elitası üçün Azərbaycanın fikri boş söz deyil.
İkincisi, unutmaq lazım deyil ki, Türkiyə özü əmin oldu ki, Ankaranın İrəvana qarşı münasibətinin yumşaldılması və hətta diplomatik münasibətlərin qurulması ilk növbədə Türkiyənin maraqlarına xələl gətirir. Ermənistan hətta həmin dövrdə belə 1915-ci il soyqırımına dair tələblərini geri götürmədiyini, Türkiyəyə qarşı ərazi iddiasından əl çəkmədiyini bəyan etdi.
Rəsmi İrəvanın bu yanaşması ilə Ankara nəyə nail ola bilərdi? Məhdudiyyətlərin aradan qaldırılmasının, diplomatik münasibətlərin yaradılmasının və sərhədlərin açılmasının nə mənası var? Onlar anladılar ki, onların yaxınlaşmaya dair atdıqları addımlar tamamən nəticəsizdir, regionda vəziyyətin faktiki sabitləşməsini hədəf almayıb və sərhədlərin açılması ilə onlar heç nəyə nail olmayacaqlar.
Sinirlioğlu Abdullah Gül ilə bərabər Ermənistanla yaxınlaşma konsepsiyasının müəlliflərindən biri kimi, İrəvana səfər zamanı bu addımla Türkiyə üçün heç bir üstünlük əldə etmədiklərini anladı. Bundan başqa, onlar nəinki nə isə qazanacaqlarını, hətta əksinə, olduqlarından daha pis vəziyyətə düşəcəklərini anladılar.
Belə ki, Ermənistan mövqeyini dəyişmir və onilliklər boyu qarşısına qoyduğu strateji məsələlərdə inad etməyə davam edirdi. Aydındır ki, Ankaraya Qərb təzyiq edirdi, onların öz maraqları var, bu, erməni diasporunu dəstəkləməkdir. Sonda nəhayət ki, Ankara ayıldı və onlar anladılar ki, bu yol problemlərin həllinə və əsas da regionda sabitliyin və Ermənistan ilə münasibətlərin bərpa edilməsinə aparan yol deyil.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !