Ekspert: Səudiyyə Ərəbistanı Azərbaycan üçün ciddi investor ola bilər

18:17 | 07.04.2015
Ekspert: Səudiyyə Ərəbistanı Azərbaycan üçün ciddi investor ola bilər

Ekspert: Səudiyyə Ərəbistanı Azərbaycan üçün ciddi investor ola bilər

"Azərbaycan iqtisadi əməkdaşlıqda maraqlıdır”.

2015-ci ildə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı ticarət əlaqələri artacaq, eləcə də bu ölkənin mərhələli şəkildə Azərbaycan iqtisadiyyatında əsas xarici investorlardan birinə çevriləcəyi proqnozlaşdırılır.

Oxu.Az-a bu sözləri iqtisadçı-alim Vüqar Bayramov "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri Azərbaycan iqtisadiyyatı üçün gələcəkdə hansı perspektivlər yaradacaq?” sualını şərh edərkən bildirdi.

Vüqar Bayramovun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi arzuolunan səviyyədə olmasa da, bütövlükdə tendensiya müsbətdir:

"Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanına səfər edən zaman kral hava limanında İlham Əliyevi qarşıladı. Əslində bu da kifayət qədər ciddi bir addımdır, adətən kral qonaqları sarayda qarşılayır. Çünki bu, kral, eləcə də bütövlükdə Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycana verilən ciddi əhəmiyyətin və qiymətin göstəricisidir. Bu, onun üçün əsas yaradır ki, bu münasibətlər siyasi sferada deyil, daha çox iqtisadi sferada əməkdaşlığın genişləndirilməsinə səbəb olacaq”.

"Azərbaycanın ümumi ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi - 60%-i Avropa ölkələrinin payına düşməsinə baxmayaraq, Azərbaycan Yaxın Şərq ölkələri ilə əlaqələri genişləndirməkdə maraqlıdır. Sözsüz, Yaxın Şərq ölkələri arasında Səudiyyə Ərəbistanı həm iqtisadiyyatın həcminə görə, həm də regiondakı iqtisadi və siyasi əhəmiyyətinə görə aparıcı ölkələrdən biridir. Bu baxımdan təbii ki, Azərbaycan Yaxın Şərq ölkələri ilə əlaqələri genişləndirməkdə maraqlıdır” - deyə, ekspert bildirir.

İqtisadçı-alim 10 il ərzində iki ölkə arasında baş verən iqtisadi artımı rəqəmlərlə də izah edir:

"Baxmayaraq ki, iki ölkə arasındakı xarici ticarət dövriyyəsini 2005-ci ildən sonra müqayisə etsək, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 2005-ci ildən sonrakı müddətdə təxminən 23 dəfə artıb. Əgər 2005-ci ildə iki ölkə arasında xarici ticarət dövriyyəsinin həcmi cəmi 1.3 milyon dollar idisə, bu rəqəm ötən il 31 milyon dollara qədər yüksəlib.

Qeyd edək ki, Prezident İlham Əliyev Səudiyyə Ərəbistanında işgüzar səfərdədir.

Xatırladaq ki, İlham Əliyev aprelin 6-da Ciddədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşdə tərəfdaşlığın strateji xarakterinin biz tərəfdən bir daha təsdiqləndiyini vurğulayıb. 

"Səudiyyə Ərəbistanı və Azərbaycan qardaş və dostdurlar. Bütün beynəlxalq təsisatlarda hər zaman bir-birimizi dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik.

Eyni zamanda, dünən ölkənizin nazirləri ilə görüşlər zamanı iqtisadi və siyasi əməkdaşlığa dair müxtəlif layihələri, qarşılıqlı ticarətin həcminin artırılması imkanlarını müzakirə etdik. İqtisadi tərəfdaşlığımızı siyasi əməkdaşlığımız səviyyəsinə qaldırmalıyıq. Gələn ay ölkəmizə səfər edəcək Səudiyyə Ərəbistanının iş adamlarından ibarət böyük nümayəndə heyəti və noyabr ayında Sizin ölkəyə yollanacaq bizim nümayəndə heyətimiz, fikrimcə, iqtisadi əməkdaşlıq üçün çox məhsuldar format yaradacaq. Başqa sözlə, əminəm ki, səfərim ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək”, - deyə, İlham Əliyev bildirib.

ANN.Az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM