Ekspertdən Sosial Müdafiə Nazirliyinə cavab: "Maliyyə yardımına möhtac olanların sayı 100 minlərlədir"

00:29 | 20.10.2019
Ekspertdən Sosial Müdafiə Nazirliyinə cavab:

Ekspertdən Sosial Müdafiə Nazirliyinə cavab: "Maliyyə yardımına möhtac olanların sayı 100 minlərlədir"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, Ünvanlı Dövlət Sosial Yardımı alan ailələrin sayı 70 minə, ailə üzvlərinin sayı isə 300 min nəfərə yüksəlib.

Ğtən ilin nəticələrinə görə, bu yardımı alan ailələrin sayı 42,7 min, ailə üzvlərinin sayı isə 170,8 min nəfər olmuşdu. Bu iki dövrün müqayisəsindən ortaya çıxan nəticə budur ki, bu ilin əvvəlindən ötən 9 ayda aztəminatlı ailə səviyyəsinə enən, yəni sosial vəziyyəti həddən ziyadə ağır olan ailələrin sayı 27,3 min və ya 64 faiz, bu ailələrdə yaşayan üzvlərin sayı isə 129,2 min nəfər və ya 76 faiz çoxalıb.

Məsələni anews.az-a şərh edən iqtisadçı ekspert Nemət Əliyev deyir ki, Rəsmi rəqəmlərə görə bu belədir. Gerçəklikdə isə, maliyyə yardımına möhtac olanların sayı 100 minlərlədir.

Onun sözlərinə görə, əslində real rəqəmlər ağır sosial vəziyyəti özündə əks etdirir.



"Məsələ ondadır ki, hökumət 2017-ci ilin əvvəlindən başlayaraq 2018-ci ilin sonunadək olan dövrdə ehtiyac içərisində üzülən 467 min üzvü olan 117 min ailənin sosial yardımlarını kəsmək yoluyla yardım verdiyi ailələrin sayını 43 minə qədər azaltmışdır. Lakin sonrakı dövrdə yardım alanların sayı yenidən 70 minə yüksəlib. Aradakı fərqin böyüklüyünə diqqət edirsinizmi? Rəqəmlərin səviyyəsindəki bu əks və kəskin dönüşün üzərindən görmədən keçmək mümkün deyil. Bu dönüş ağır sosial vəziyyəti çox bariz şəkildə özündə əks etdirir”, - deyə Nemət Əliyev bildirib.

Ekspert deyir ki, hökumətin hər gün elan etdiyi o inqilabi sosial paketin yan keçdiyi insanların sayının niyə bu dərəcədə artması sualı xeyli düşündürücüdür.

Onun sözlərinə görə, o inqilabi paketlərin heç bir izahı mümkün deyil.
 
"Yaranmış bu vəziyyət aztəminatlı ailələrə dövlətin qayğı göstərməsi baxımından müsbət hal kimi diqqəti cəlb etsə də, sosial yardıma möhtac vəziyyətə düşmüş insanların sürətlə artması nöqteyi-nəzərdən çox acınacaqlı hal kimi ciddi narahatçılıq yaradır. Mütləq nəzərə almaq vacibdir ki, bu mənfi tendensiya ölkədə hansısa inqilabi sosial paketin tətbiq olunmasına, yaxud da minlərlə yeni iş yerlərinin açılmasına dair rəsmi məlumatların qulaq deşdiyi bir şəraitdə əmələ gəlib. Elə isə o inqilabi sosial paketin yan keçdiyi insanların sayının niyə bu dərəcədə artması sualı xeyli düşündürücüdür. Burası dəqiqdir ki, qiymətlərin sürətlə bahalaşdığı indiki şəraitdə sosial yardımlarla bir yerdə aylıq gəlirləri 143 manatdan o yana keçməyən insanların sayının 76 faiz artmasını heç bir bir inqilabi-sosial islahatla izah etmək mümkün deyil”, - deyə iqtisadçı ekspert Nemət Əliyev bildirib.

Bu günə olan statistikaya görə, ən çox ÜSY alan rayon və şəhərlərin ilk onluğu belədir:

Lənkaran 2433 ailə, Sumqayıt 2294 ailə, Masallı 1790 ailə, Gəncə 1631 ailə, Abşeron 1576 ailə, Suraxanı 1513 ailə, Xaçmaz 1293 ailə, Şabran 1230 ailə, Qaradağ 1196 ailə, Sabunçu 1091 ailə.

Statistikaya görə, ən az ÜSY alanların 5-liyi isə aşağıdakı şəkildədir:

Qobustan 27 ailə, Naftalan 59 ailə, Oğuz 68 ailə, İsmayıllı 79 ailə, Zərdab 84 ailə.

Həzi


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb