Ekspertlər kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi yollarını göstərdilər - AÇIQLAMALAR

12:35 | 09.10.2015
Ekspertlər kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi yollarını göstərdilər - AÇIQLAMALAR

Ekspertlər kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi yollarını göstərdilər - AÇIQLAMALAR

"Azərbaycanda kiçik və orta sahibkarlığın inkişaf etməməsinin əsas səbəbi monopoliyadır” – bu fikirləri ANN.Az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev deyib.  Onun sözlərinə görə, artıq bu sahədə kifayət qədər problemlər meydana çıxmağa başlayıb. Bəzi sahibkarlar maliyyə vəsaitlərinin, bəziləri isə lazımi ehtiyaclarının ödənilməsi üçün bu sahədə inkişafsızlıqdan şikayətlənirlər.

Azərbaycanda kiçik və orta sahibkarlığın inkişaf etməməsinin əsas səbəbi nədir? Kiçik və orta sahibkarlığı inkişaf etdirəcək yollar hansılardır? Dünya praktikasında vəziyyət necədir? Kiçik və orta sahibkarlar lazımi yardımlar ala bilirlərmi? Bu sualları cavablandırmaq üçün iqtisadçı ekspertlərin - Vüqar Bayramov, Vahid Məhərrəmov və Samir Əliyevin fikirlərini öyrəndik.
 
 

İqtisadçı ekspert Vüqar Bayramov açıqlamasında bütün ölkələrdə iqtisadiyyatın əsas aparıcı mühərriklərindən birinin məhz kiçik və orta sahibkarlıq olduğunu deyib: "Əksərən inkişaf etmiş ölkələrdə kiçik və orta sahibkarlığın inkişafı üçün xüsusi güzəştlər layihəsi tətbiq edilir. Azərbaycanda da onlar üçün vergi güzəştləri var və bu sadələşdirilmiş vergidir. Bundan əlavə İqtisadiyyat və Sənaye Nazirliyi yanındakı Sahibkarlığa Dəstək Fondunda kiçik və orta sahibkarlığa kredit təklifləri verilir. Bunlara baxmayaraq, kiçik və orta sahibkarlığın ümumi Azərbaycan iqtisadiyyatında payı çox aşağı dərəcədədir. Əsas səbəb Azərbaycanın neft ölkəsi olması və iqtisadiyyatının  çox hissəsinin neft sektorunun təşkil edilməsidir. Bu da öz növbəsində qeyri-neft sektorunun inkişafının qarşısını alır. Azərbaycanda kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, bu sahədə inkişaf meyllərinin artırılması olduqca vacibdir. Çox təəssüflər ki, Azərbaycanda kiçik biznes şəbəkəsinin inkişafı üçün çox az sayda tədbirlər görülür. Bu amillərin özü də kiçik və orta sahibkarlığın inkişafını sürətləndirə bilər”.

Ekspertin fikrincə, bank kreditlərinin verilməsi və dövlət dəstəyinin olması ölkədə bu sahənin daha çox inkişaf etməsinə yardımçı ola bilər: "İxracla məşğul olan kiçik və orta sahibkarlar üçün  ən çox subsidiyaların müəyyənləşdirilməsinə ehtiyac var. Subsudiyaların müəyyənləşdirilməsi imkan verəcək ki,  ixracla məşğul olan sahibkarlar iş fəaliyyətlərinin həcmlərini daha da genişləndirsinlər”.
 
 

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov ANN.Az-a açıqlmasında kiçik və orta sahibkarlığın inkişaf etməməsini bu sahədə yaranmış problemlərin həllinin tapmaması ilə əlaqədar olduğunu bildirib: "Fermer təsərüffatlarının, kiçik pay torpaq sahiblərinin  problemləri uzun müddətdir ki, öz həllini tapa bilmir. Kiçik və orta sahibkarlar hər hansı məhsulunu bazara çıxarmaq istəyirsə, öncə onlara maliyyə  dəstəyi olmalıdır. Yəni nə qədər ki, orta sahibkarlara kredit payı çox ayrılacaq, o zaman bu sahədə inkişafın şahidi ola bilərik. Pambıqçılıqla bağlı bir nüansa toxunmaq istəyirəm. Bu yaxınlarda onların kreditlə bağlı çətinlikləri oldu və pambıq yığımında xeyli əziyyət çəkdilər”. 

Ekspert əlavə edib ki, fermer təsərrüfatı, koorperativlər orta sahibkarlığın əsasını təşkil edir: "Buna görə də orta sahibkarlığın inkişafı üçün bu sahələrə xüsusi önəm verməlidirlər. Kənd təsərrüfatında kiçik-orta sahibkarlığı inkişaf etdirmək üçün öncə bazardakı mövcud durum nəzərə alınmalıdır. Həmin sahibkarlar bazar imkanlarını genişləndirmək üçün ən birinci maliyyə durumlarını yaxşılaşdırmalıdırlar. Onların bütün ehtiyaclarının qarşını almaq üçün şərait yaradılmalıdır”.
 
 

ANN.Az-a danışan iqtisadçı ekspert Samir Əliyev qeyd edib ki, hər bir dövlət, hər bir hökumət kiçik və orta sahibkarlığı inkişaf etdirməkdə marağlı olmalıdır: "Kiçik və orta sahibkarlığın inkişafı öncə rəqabət mühiti yaradır. Müəssisələr nə qədər çox olarsa, məhsul miqdarı da o qədər çox olar və bu da rəqabət şəraitini daha çox artırar. Bu rəqabətdə məhsulların birinin digərinə nisbətdə daha tez satılması ilə nəticələnə bilər. Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi  işsizliyin aradan qaldırılmasına təsir edən amilərdən biridir. Yəni nə qədər çox müəssisə olarsa, bir o qədər də yeni iş yerləri yaranar. Azərbaycanda kiçik və orta sahibkarlığın sayı çox aşağı dərəcədədir. Məsələn, inkişaf etmiş ölkələrdə bu (yəni onların yaratdığı dəyər) ÜDM-un 70-80-ni təşkil edirsə, Azərbaycanda bu rəqəm 10 faizdən çox olmur. Bu, həqiqətən də çox aşağı göstəricidir. Azərbaycanda böyük şirkətlər daha çox məhsul istehsal edir, iri şirkətlərin çoxunu neft şirkətləri əhatə edir. Bu da kiçik və orta sahibkarlığın inkişafına təsir göstərir. İqtisadiyyatın neft asılılığını azaltmaq üçün mütləq qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Qeyri-neft sektorunun inkişafı da kiçik və orta sahibkarlığın inkişafından keçir”. 

Kiçik və orta sahibkarlığın Azərbaycanda inkişaf etməməsinin səbəblərinə toxunan ekpsert bunun səbəbini bu sahənin monopoliyada olması ilə əlaqələndirib: "Hansı sahədə ki, inhisar mövcuddur, bu həmin sahənin ən böyük problemidir. İkinci problem isə maliyyə durumlarının aşağı səviyyədə olması ilə əlaqədardır”. 

Qeyd edək ki, ötən gün 2016-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı millət vəkili Asim Mollazadə kiçik və orta sahibkarlığın gücləndirilməsi ilə əlaqədar çıxış edib.

Millət vəkilinin fikrincə, məhz kiçik və orta sahibkarlığı inkişaf etmiş ölkələr dünyada dayanıqlı, sabit inkişaflı ölkələr sayılır: "Heç də böyük sahibkarlığı, iri korporasiyaları olan ölkələr inkişaf etmiş hesab edilmirlər. Onlarda iqtisadi sabitlik dayanıqlı olmur”.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə daha sonra əlavə edib ki, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün sahibkarlara lazımi şərait yaradılmasına, ilk növbədə vergi sistemində təkmilləşməyə ciddi ehtiyac var: "Biz Azərbaycanda xidmət, kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsi üçün ciddi tədbirlər həyata keçirməliyik. Bu sahələrin inkişafı peşəkar mütəxəssislər tələb edir ki, bu mütəxəssislərin hazırlanması üçün də peşə təhsili sahəsi gücləndirilməlidir. Azərbaycanda xidmət sahəsi inkişaf edir, müasir otellər, istirahət mərkəzləri yaradılır. Lakin ölkəyə turistlərin cəlb edilməsi üçün turizm sahəsi inkişaf etdirilməlidir. Turizm sahəsinin də inkişafı üçün gənc, peşəkar menecerlərə ciddi ehtiyac var”.

Orxan Aslanlı


               

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM