Ekstremal situasiyada işləyəcək jurnalistlərə belə təlim keçirildi - FOTOLAR

20:25 | 06.11.2015
Ekstremal situasiyada işləyəcək jurnalistlərə belə təlim keçirildi - FOTOLAR

Ekstremal situasiyada işləyəcək jurnalistlərə belə təlim keçirildi - FOTOLAR

"Hələ 2003-cü ildə biz bu layihə ilə Müdafiə Nazirliyinə müraciət elədik. Amma o vaxt buna diqqət göstərmədilər” – ANN.Az-a açıqlamasında "Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübə öyrədilməsi (Ekstremal jurnalistikada qoyulan tələb və davranışlar)" layihəsinin müəllifi, "Dinc Dünya" Araşdırma Mərkəzinin İdarə Heyətinin sədri Əlisafa Mehdiyev deyib.

Qeyd edək ki, noyabrın 5 və 6-da Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin klubunda layihə çərçivəsində təlim keçirilib. Tədbirdə BDU-nun jurnalistika fakültəsinin jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, BDU-nun professoru Şirməmməd Hüseynov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Prezident Administrasiyasının ictimaiyətlə əlaqə şöbəsinin, eləcə də Müdafiə, daxili işlər, fövqəladə hallar nazirliklərinin, televiziya, radio, qəzet, internet  informasiya saytlarının nümayəndələri, jurnalistika fakültələrinin müəllimləri, mövzu üzrə mütəxəsislər, təlimlərə cəlb edilən müxbir, reportyor, operatorlar və başqaları iştirak ediblər.

Əlisafa Mehdiyev təlim kursunun yüksək səviyyədə keçilməsindən məmnunluq duyduğunu dilə gətirib: "Gənclərin bu cür vətənpərvər ruhda olması bizləri daha çox fərəhləndirir. Bu layihəni 2003-cü il də həyata keçirmək üçün Müdafiə Naziliyinə təqdim etmişdik. Amma təəssüf ki, o vaxt bu layihə ilə maraqlanan olmadı. Cənab nazir Zakir Həsənova təşəkkürümüzü bildiririk ki, bizim bu layihəni dəstəklədi  və həyata keçirilməsində bizlərə yardımçı oldu. Bu layihənin həyata keçirilməsi ilə hərbi jurnalistikaya marağın artacağına və ötən illərdə hərbi xəbərlərlə bağlı qeyri-peşəkarlıq hərəkətlərin aradan qaldırılacağına inanırıq. Növbəti illərdə layihəmizi daha da genişləndirəcəyik”.

Kursun iştirakçılarında hərbi bilikləri artıqmaq məqsədilə Müdafiə Nazirliyinin zabitləri seminar iştirakçılarına mühazirələr söyləyiblər.

Ehtiyatda olan polkovnik leytenant Firudin Səlimov media nümayəndələrinə Maddi Texniki Təminat haqqında ətraflı məlumat verərək, jurnalistlərin suallarını cavablandırıb.

Daha sonra polkovnik leytenant Elşən Kərimov tədbir iştirakçılarına silahların sökülüb-yığılması, onların istifadəsi və s. haqqında geniş bilgilər verib.

Təlimi idarə edən polkovnik Nizami Əliyev jurnalistlərə ekstremal şəraitdə işləməyin gedişatlarından, istifadə üsullarından, ən çətin vəziyyətdə hansı yollardan istifadə etmək təhlükədən sovuşmağın sirləri barədə təlim iştirakçılarına praktiki bilgilər verib.

Ehtiyatda olan mayor Rafiq Əliyev jurnalistlərə artileriya haqqında müzahirə söylərək jurnalistlərin maariflənməsini təmin edib.

Tədbirin sonunda polkovnik Aqil Hüseynov hava hücumundan müdafiə haqqında söz açıb: "Hava hücumundan qorunmaq digər hücumlardan qorunmaqdan fərqlənir. Çünki vətənin səması demək olar ki, Hərbi Hava Qüvvələri tərəfindən daima qorunur. Azərbaycan hərbi hava qüvvələri texnikası demək olar ki, dünyanın ən yaxşı texnikaları ilə təchiz edilib. Müstəqillik qazandıqdan sonra 3 dəfə hərbi parad keçirilib. Bu zaman texnikaların necə modernləşdiyi və necə yüksək səviyyədə olduğunu hər bir Azərbaycan vətəndaşı, eləcə də media mənsubları da yaxından şahid olublar. Buna dair bir çox misallar çəkmək olar, amma Azərbaycanın təkcə hava qüvvələrində olan texnika Ermənistanın hava qüvvələrindən qat-qat çoxdur”.

Təlimin yüksək səviyyədə təşkil olunmasından media nümayəndələri də razı qalıb.

Orxan Aslanlı
Foto müəllif: Fərqanə Novruzova

 





















0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM