"Azərbaycan
Dəmir Yolları” QSC, Visa, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan
Beynəlxalq Bankı Azərbaycanda ilk dəfə olaraq ölkəmizin dəmir yollarında sərnişinlərin
gediş haqlarının bank kartları ilə təmassız ödənişi sisteminin yaradılmasına
dair birgə addımlar atır.
Təmassız
bank kartları və ödəniş üzüklərinin köməyi ilə ödənişlərin sınaqlarına artıq
başlanılıb. Texniki sınaqlar başa çatdıqdan sonra belə ödənişlər Abşeron dairəvi
dəmir yolu xətti üzrə bir neçə stansiyada mümkün olacaq. İlkin mərhələdə ödənişlər
yalnız Azərbaycan Beynəlxalq Bankının Visa təmassız kartları və ödəniş üzükləri
ilə aparılacaq. Layihənin növbəti mərhələlərində bu sistemin bütün bankların təmassız
ödəniş alətləri vasitəsilə istifadəsi mümkün olacaq və Abşeron dairəvi dəmir
yolu xəttinin bütün stansiyalarında tətbiq ediləcək. Hazırda Abşeron dairəvi dəmir
yolu xəttinin sərnişinləri gediş haqlarını gediş kartları və ya biletlər vasitəsilə
ödəyə bilərlər.
Layihə
"Azərbaycan Dəmir Yolları” QSC, Visa, Azərbaycan Respublikasının Mərkəzi
Bankı və Azərbaycan Beynəlxalq Bankı arasında 2020-ci ilin mart ayında imzalanmış
əməkdaşlıq memorandumu çərçivəsində icra olunur. Memorandum dəmir yollarında təmassız
ödənişlərin inkişafına və ümumiyyətlə, nəqliyyat sektorunda nağdsız əməliyyatların
genişləndirilməsinə yönəlmiş bir sıra tədbirləri nəzərdə tutur.
«Visa şirkəti və bizim strateji tərəfdaşlarımız
kütləvi daşınmalar sisteminin və ictimai nəqliyyatda ödənişlər prosesinin
optimallaşdırılmasına önəmli töhfə vermək üzrədir. Biz sərnişinlər üçün
problemsiz gediş təcrübəsi yaratmaq məqsədilə sərnişin nəqliyyatı operatorları
tərəfindən rahat nəqliyyat həllərinin işlənilməsi səylərini dəstəkləyirik. VISA-nın
vəzifəsi öz təcrübə və ödəniş texnologiyalarını təklif etməklə Azərbaycanın
kütləvi daşınma operatorlarına nağd pul, kağız biletlər və müddətli gediş
kartlarından təmassız ödənişlərə keçiddə yardım etməkdir. Anlaşma memorandumu
ölkədə nağdsız iqtisadiyyatın artmasına yönəlmiş tədbirlərə dair bizim ümumi
baxışımızı əks etdirir», - Visa-nın Qafqaz regionu üzrə meneceri Kristina
Doroş qeyd edib.
Azərbaycan
Respublikası Mərkəzi Bankının baş direktoru Fərid Osmanov həmçinin bildirib: "Ölkəmizdə ödəniş ekosisteminin rəqəmsallaşdırılması
və nağdsız ödənişlərin inkişafı məqsədilə Mərkəzi Bank tərəfindən "Nağdsız
Azərbaycan" layihəsi çərçivəsində genişmiqyaslı dövlət proqramı
reallaşdırılır. Bu layihə üzrə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində
2018-ci il ilə müqayisədə ölkəmizdə ödəniş kartlarının sayı 37% artaraq 9,1
milyona, təmassız kartların sayı isə 3,6 dəfə artmaqla 2,4 milyona çatıb. Artım
dinamikası və nağdsız ödənişlərə yüksək bazar tələbatını nəzərə alaraq, təmassız
kartların funksional imkanlarının tam həcmdə istifadəsi məqsədəuyğundur. Əminəm
ki, dəmiryolu nəqliyyatında nağdsız ödəniş sisteminin tətbiqi layihəsinin
uğurla həyata keçirilməsi, bu həllin ölkəmizdəki digər nəqliyyat növlərində də
tətbiqinə əlverişli şərait yaradacaq".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !