Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində fevralın 24-də ali məktəb tələbələri üçün "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə növbəti qısamüddətli kurslara yekun vurulub.
ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, sonuncu mühazirəni Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov "Xocalı soyqırımının səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” mövzusunda oxuyub.
Professor Əli Həsənov qeyd edib ki, XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə "Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti də kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20000 azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 mini isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. Eyni zamanda, 1988-1994-cü illərdə dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan tərəfindən ümumilikdə müxtəlif səpkili 373 terror aktı törədilib ki, nəticədə 1200 nəfər həlak olub, 1705 nəfər yaralanıb.
Əli Həsənov bildirib ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyəti açıqlanıb, bu hadisələrə siyasi-hüquqi qiymət verilib.
Bununla yanaşı, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib:
"Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır” fikrini dəfələrlə irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərti ilə münaqişənin ədalətli şəkildə həll ediləcəyinə olan ümidləri daha da artırıb. Biz də hər zaman olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin apardığı bu siyasəti müdafiə edərək, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyasını genişləndiririk.
Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verib və bu proses sürətlənməkdə davam edir. Heç şübhəsiz, bütün bunlar Azərbaycan dövlətinin apardığı səmərəli təbliğat işinin nəticəsidir və Ermənistanın ölkəmizə qarşı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Münaqişənin nizama salınması prosesində Ermənistanın təcavüzkar siyasətindən, qeyri-konstruktiv mövqeyindən danışan, Azərbaycanın diplomatik səylərini, son vaxtlar dövlətimizin hücum diplomatiyasına üstünlük verdiyini qeyd edən Əli Həsənov, eyni zamanda, dinləyicilərin nəzərinə çatdırıb ki, Prezident İlham Əliyev bu işğal, etnik təmizləmə siyasəti və ərazilərimizin müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulayıb:
"Bu səbəbdən biz Dağlıq Qarabağ uğrunda Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin yürütdüyü böyük siyasətə dəstək verməliyik. Ermənilərin Cənubi Qafqazda yürütdüyü təcavüz siyasətinə ağıl və intellektlə yanaşmaq lazımdır. Eyni zamanda, biz həm də güclü olmalıyıq. İqtisadi güc Azərbaycanın qurtuluş missiyasının əsasını təşkil edir”.
Əli Həsənov tələbələrin diqqətinə çatdırıb ki, biz dövlətimizin başçısının Azərbaycan vətəndaşları, ziyalıları, ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum diplomatiyasını yaddan çıxarmamalı, təcavüzkar Ermənistanın bütün dünyada ifşa edilməsinə nail olmalıyıq.
Kurslarda "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri”, AMEA Tarix İnstitutunun professoru, tarix elmləri doktoru Kərim Şükürov "Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun Qarabağ şöbəsinin böyük elmi işçisi Nazim Mustafa "XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)”, tarix elmləri doktoru, professor Solmaz Toqidi-Rüstəmova "Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)”, Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları (1918-1923-cü illər)”, tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı Musa Qasımlı "Sovet dövründə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və onun nəticələri (1945-1985)”, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin üzvü, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov "Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti. Qaradağlı soyqırımı” mövzularında proqram üzrə mühazirələr oxuyublar.
Fevralın 4-dən-24-dək davam edən kursların budəfəki dinləyiciləri Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri olublar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !