Parlament seçkisindən sonra ölkə gündəmini təşkil edən mövzu ikinci devalvasiyanın olub-olmayacağı ilə bağlıdır. Çünki bu il fevral ayının 21-də baş verən ilk devalvasiyadan sonra ekspertlərin əksəriyyəti ikinci devalvasiyanın noyabr seçkisindən sonra olacağını proqnozlaşdırırdılar. Amma hazırda manatın dollara qarşı məzənnəsində (1 dollar - 1,0491 manat) sabitlik davam edir.
Bu sabitlik nə vaxta kimi davam edəcək? Ümumiyyətlə, ikinci devalvasiyanın olacağı gözlənilirmi? Dünyada baş verən proseslər manatın məzənnəsinə necə təsir göstərir? Neftin qiymətinin hansı həddə qədər ucuzlaşması növbəti devalvasiyaya şərait yarada bilər?
Milli Məclisin üzvü, iqtisadçı Əli Məsimli ANN.Az-a açıqlamasında hazırda Azərbaycanda devalvasiya üçün heç bir şəraitin olmadığını vurğulayıb: "Əgər Azərbaycanda ödəniş balansının taksiti, yəni müsbət rəqəmi 10 milyard dollardan yuxarıdırsa, devalvasiyaya yer ola bilməz. İndi ödəniş balansının müsbət rəqəmi 10 milyard deyilsə, bu o demək deyil ki, mütləq devalvasiya baş verəcək. Neftin qiymətinin aşağı düşməsindən əvvəl ixracla idxal arasında 2,5 dəfə fərq var idi. Hazırda fərq o qədər olmasa da idxalla ixrac arasında yetərincədir. Həmin fərqlər konteksindən çıxış edəndə də görünür ki, devalvasiyanın olması üçün bir əsas yoxdur. Digər məqamlar başqa amillərin təsirləri ilə olur. Yəni neftin qiyməti 30 dollara düşərsə, demək, bu ödəniş balansında toplanmış məbləğlərin müsbətdən mənfiyə doğru enəcəyindən xəbər verəcək. Bu zaman devalvasiya üçün səbəb yarana bilər. Amma indi neftin qiyməti 50 dolların altında dəyişir. Əgər belə bir vaxtda manatın ucuzlaşmasına bir əsas yoxdursa, həmçinin bahalaşmasına da əsas yoxdur”.
Deputat hesab edir ki, dünyada gedən proseslərin manata təsirinin dollar, rubl və Qazaxıstan təngəsi timsalında qeyd etmək olar: "Dünyadakı proseslərin təsiri sözsüz ki, dolların bahalaşmasına da təsir edə bilər. Bu proses özünü hələ bir müddət də göstərəcək. Belə bir şəraitdə təbii ki, dollarla yanaşı, manatın bahalaşması prosesi davam etməyəcək. Amma rus rublunda gedən proseslər Azərbaycan manatına keçən dəfə olduğu kimi müəyyən dərəcədə təsir göstərə bilər. Rubl kəskin surətdə ucuzlaşmaqda davam edərsə, bunun Azərbaycan manatına müəyyən təsiri ola bilər. Qazaxıstan təngəsinin Azərbaycan manatına birbaşa təsiri yoxdur. Amma Qazaxıstan təngəsi rus rubluna ciddi təsir göstərən valyutadır. Dolayı yolla, yəni qazax təngəsi rus rublununa təsir göstərə bilər. Rus rublunun qiymətdən düşməsi isə Azərbaycan manatına təsir göstərə bilər. Amma bu gün kiçik amillər olsa da, kəskin sürətdə manatın devalvasiyasına təsir göstərəcək amil yoxdur. Belə vaxtı hökumət ajiotajdan, valyuta tənzimləmə sahəsində kobud səhvlərdən özünü hifz etməlidir ki, heç bir problem yaranmasın”.
İqtisadçı sonda Mərkəzi Bankın 17 fevraldakı yumşaq devalvasiya haqqında qərarından sonra belə bir proqnoz verdiyini xatırladıb: "Hesab edirdim ki, yumşaq devalvasiya bir müddət davam edib sonunda dolların manata nisbəti 90 qəpiklə nəticələnə bilər. Bəzi savadsızlar bundan tutub durdular ki, fevral ayının 21-də baş verən devalvasiyada manatın məzənnəsinin 1,05 olması proqnozlarını düzgün verməmisiz. Sadəcə savadları çatmayan, iqtisadiyyatla əlaqəsi olmayan şəxslər bilmirlər ki, inzibati yolla atılan addımı proqnozlaşdırmırlar. Hökumət tərəfindən inzibati yolla şok devalvasiya həyata keçirilir. Bu proses həyata keçiriləndə, bunu ancaq yüksək dairələr bilir. Növbəti gün əhali bu qərardan xəbərdar olur. Ola bilsin o, adamların savadı çatmır ki, yumşaq devalvasiya ilə inzibati yolla həyata keçirilən devalvasiyanı bir-birindən ayıra bilsinlər. Yumşaq devalvasiyanın davam etdirilməsində heç bir problem yoxdur. Bu əksinə neftdən kənar olan iqtisadiyyatın inkişafına təkan verə bilər”.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !