"Şirkət rəhbərlərinin ev alqı-satqısı zamanı mənzil alan şəxslərdən əlavə pul tələb etməsi qanunvericiliklə nəzərdə tutulmayıb” – Bu sözləri ANN.Az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Yeni tikilmiş binalarda şirkət rəhbərləri mənzil almaq istəyən şəxslərdən əlavə olaraq pul tələb edirlər. Redaksiyamıza daxil olan məlumata görə, Yasamal rayonu ərazisində tikilən mənzil tikintisi ilə məşğul olan bir neçə şirkət sahibi artıq bu halları dəfələrlə təkrar edib və müştərilərindən külli miqdarda pul mənimsəyiblər. Sakinlər bu pulun nə üçün tələb olunduğunu soruşduqda isə onlara belə cavab verilib: "Bu vəsait şirkətin daxili qaydaları əsasında tələb olunur və mənzillərin digər xərcləri üçün istənilir”.
Mənzil alarkən şirkət rəhbəri ilə ev alan şəxs arasında müqaviləyə əsasən nə qədər pul alınmalıdır? Qanunvericilikdə bununla bağlı hansı hallar nəzərdə tutulub? Binalara kupça alınmasını şirkətlər hansı müddət ərzində həyata keçirməlidir?
Məsələyə aydınlıq gətirmək üçün iqtisadçı ekspert Vüqar Bayramovun və "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun, eləcə də əmlak alqı-satqısı ilə məşğul olan iş adamlarının fikirlərini öyrəndik.
İqtisaçı ekspert Vüqar Bayramovun açıqlamasında bildirib ki, bu gün yeni tikilmiş binalardakı mənzillərin satışı üçün reklam xatirinə qaz və ya digər kommunal xidmətlərin istifadəyə verilməsi deyilir: "Amma alıcılar diqqətli olmalı, bu cür reklamlara aldanmamalıdırlar. Evlərə mənzil sertifikatlarının verilməsi üçün öncə evlərin qeydiyyatdan keçməsi lazımdır. Qeydiyyatdan keçdikdən sonra mənzil sertifikatı ilə bina təhvil alınmalıdır. Bina təhvil alındıqdan sonra mənzil sertifikatı ilə təmir olunmalıdır”.
Ekspert əlavə edib ki, əgər bina rəsmi şəkildə dövlət qeydiyyatına alınmayıbsa və mənzilin alqı-satqısı ilə bağlı, eləcə də dövlət notarial kontorunda alqı-satqı ilə bağlı müqavilə yoxdursa, o zaman münasibətlər şirkət-alıcı olaraq tamamlanır: "Mənzilin alqı-satqısı zamanı ev almaq istəyən şəxslə şirkət arasında müqavilə bağlanır. Həmin müqavilədə tərəflərin bir-birinə maliyyə borcunun olmaması ilə əlaqədar da arayış göstərilir. Bu zaman şirkət özü müəyyənləşdirir ki, hansı məbləğdə vəsait, və ya rüsum alınsın. Əslində, bunu rüsum adlandırmaq düzgün deyil. Çünki rüsum qanunla müəyyən edilir. Əslində kimdənsə 2000-3000 manat pul tələb edilirsə, bu təbii ki, düzgün deyil. Yəni qanunverciliklə belə hal müəyyən edilməyib. Düzdür, şirkət rəhbəri mənzil alqı-satqısı zamanı evi alan şəxsdən mənzilin kommunal və digər xərcləri üçün pul almalıdır, ancaq çox yüksək miqdarda yox. Bu rəqəm adətən 200-300 manat arasında dəyişə bilər. Ümumilikdə, belə hallar qanunvericiliklə tənzimlənməyib, yəni qanunvericilikdə belə hallar yoxdur. Bu qanunvericilikdəki boşluqlardan biridir”.
Ekspert sonda qeyd edib ki, binanın kommunal xidmətləri hazırdırsa, yeni tikili dövlət tərəfindən təhvil alınmalıdır: "Bu halda tikinti şirkətinin heç bir günahı yoxdur. Tikintinin təhvil alınması prosesinin uzun olması ilə əlaqədardı. Burada şirkəti günahlandırmaq düzgün deyil”.
Məsələyə münasibət bildirən "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov açıqlmasında bildirib ki, MTK-larda mənzillər satılarkən, ilk növbədə onlar korperativlərə müraciət edir: "”Korperativ üzvləri qanunvericiliklə müəyyənləşmiş müddətdə o evi özləri alırlarsa, həmin mənzillər kənar şəxslərə satıla bilər. Bu halda heç bir qanun pozuntusu olmur”.
Yeni tikilmiş binalardakı mənzillərə gec kupça alması məsələsinə gəlincə, ekspert qeyd edib ki, qanunvercilikdə belə hal nəzərdə tutulmayıb: "Bina tikildikdən sonra, qısa müddət ərzində və ya bir neçə il ərzində kupça verilməlidir”.
Daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan makler İlkin Sadıqovun sözlərinə görə, əslində ev-əmlak alışı zamanı ilk növbədə rəsmi şəkildə sənədləşdirilmə olmalıdır: "Yəni ev aldıqda ilk növbədə evin kupçası yeni alıcının adına rəsmiləşdirilməlidir. Yəni əmlak alan şəxs əmlakın kupçasını "ASAN xidmət” mərkəzinə, yaxud hər hansı notarial şöbəyə apararaq dövlətin qoyduğu rüsumu ödəməli, rəsmi şəkildə alqı-satqını həyata keçirməlidir. Mənim digər şirkətlərin hər hansı formada pul tələb etməsi barədə heç bir məlumt yoxdur. Çünki biz bu işlərdə yalnız vasitəçiyik. Və heç bir sənədsiz(kupçasız) evin alınıb satılmasında iştirak etmirik”.
Məsələ ilə əlaqədar ev alqı-satqısı ilə məşğul olan və adının açıqlanmasını istəməyən digər şirkət nümayəndəsi açıqlamasında qeyd edib ki, bu barədə eşitdikləri ancaq söz- söhbətlərdən ibarətdir: "Ev alan şəxslərlə tikinti şirkətləri arasında danışıq məbləğinin təxminən 1500-2000 manat məbləğində olduğunu eşitmişik. Ancaq alınan ev kupçalı olanda bu prosses baş vermir, yəni təzə mənzil alan şəxs ancaq dövlətin qoyduğu rüsumu ödəyir”.
Orxan Aslanlı
Bizi sosial şəbəkələrdə izləyin !