«The New York Times» qəzetinin keçmiş əməkdaşı Stephen Kinzer deyir ki, Türkiyə onun fəxri vətəndaşlığını ləğv edib. O, prezident Recep Tayyip Erdoğan-ın ofisindən faks alıb, son məqaləsinə görə Türkiyə hökuməti və dövlətinin «düşməni» adlandırılıb. Bu barədə «Hurriyet Daily News» yazır.
Kinzer mayın 27-də «Boston Globe»da yazıb ki, Türkiyənin Qaziantəp vilayətinə gedib, şəhər meri onu fəxri vətəndaş elan etməliymiş. Bu ada illər öncə Roman mozaikalarının daşqınlardan xilas olunmasıyla nəticələnmiş yazısına görə layiq görülüb.
«Ancaq elə çatar-çatmaz, ev sahibləri bərk pərt halda mənə dedilər ki, mərasim də, fəxri vətəndaşlıq da təxirə salınıb. Bu, prezident Recep Tayyip Erdoğan-ın şəxsi göstərişi ilə edilib», - Kinzer yazıb.
Kinzer-in «düşmən» elan edilməsinin səbəbi isə yanvarın 4-də «Boston Globe»da dərc olunmuş köşə yazısında Erdoğan-la bağlı tənqidi abzasdır. Həmin hissədə Erdoğan-ın 1000-otaqlı sarayda oturub Avropa Birliyini pislədiyi, jurnalistləri həbsə atdırdığı, qısa ətəklərə və abortlara qarşı çıxdığı qeyd olunurdu.
7 iyun parlament seçkiləri yaxınlaşdıqca, Erdoğan Türkiyə mediasında tənqidi səslərə qarşı ritorikasını sərtləşdirib. O, bu yaxınlarda «The New York Times» qəzetini də pisləyib. Belə ki, qəzet mayın 22-də redaksiya məqaləsində Erdoğan-ı medianı qorxu altında saxladığına görə tənqid edirdi. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !