Türkiyənin baş naziri Qərbin Suriya mövqeyini pisləyib
Dünya Türkiyə daxildəki xain abidələrə baş əyməyəcəyi kimi, xaricdəki xain abidələrə də baş əyməyəcək. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Ədalət və İnkişaf" Partiyasının qrup toplantısında regionda, o cümlədən Suriyada baş verənlərə münasibət bildirərkən bəyan edib. ANS PRESS-in məlumatına görə, Ərdoğan Qərbin Suriyada baş verənlərə dair mövqeyini, eləcə də Suriya prezidenti Bəşər Əsədin yenidən prezident olmağa hazırlaşmasını da pisləyib.
"Suriyada 4 ildir qan su yerinə axır. 200 min insan ölüb, səsləri çıxırmı? Hələ də bir müdaxilə edilibmi? Tam əksinə olaraq, orada qatil bir hökumət dəstəklənir. İndi də öz-özünə prezident olmağa hazırlaşır. Hansı üzlə, kimin qarşısında seçki keçirəcəksən?" - Ərdoğan belə deyib.
Ərdoğan həmçinin bildirib ki, "Türkiyənin üzərində əməliyyat aparmaq istəyən qüvvələr qarşılarında çökmüş bir ölkənin dayanmadığını" yəqin etməlidirlər.
ANN.Az