“Ərəb miqrantlar” və “ən ağlagəlməz seksual təcavüz”

20:52 | 12.01.2016
“Ərəb miqrantlar” və “ən ağlagəlməz seksual təcavüz”

“Ərəb miqrantlar” və “ən ağlagəlməz seksual təcavüz”


Almaniyada açıqlanmış məruzədə deyilir ki, Yeni il axşamı Köln şəhərində qadınlara hücum edənlərin demək olar hamısı Şimali Afrika və ərəb əsilli miqrantlar olub.

Bu sənəddə Köln polisi həm də hücumlara son qoymaq üçün əlavə qüvvələrin çağırılmamasının "böyük səhv” olduğunu etiraf edir.

Kölndə qadınlardan onlara hücum edildiyi barədə 500-dək ərizə daxil olub. Şikayətlərin 40 faizi seksual təcavüz barədədir.

Avropanın "mərhəmət heysiyyəti”

Roma papası bəyan edib ki, Köln hadisələri Avropanın "mərhəmət heysiyyəti”ni sarsıdıb.

Papa deyib ki, böyük miqrant axını problemlər yaradıb, lakin Avropa öz vətəndaşlarını qorumaq və miqrantlara kömək etmək arasındakı balansı saxlamaq iqtidarında olmalı idi.

Reyn-Vestfaliya torpağının daxili işlər naziri Ralf Jaeger deyib ki, hücum şübhəlilərinin arasında Almaniyaya lap bu yaxınlarda gəlmiş qaçqınlar da var.

Polis bildirir ki, hazırda 19 nəfər barədə cinayət işi qaldırılıb və onlardan heç biri Almaniya vətəndaşı deyil.

Bu 19 nəfərdən 14-ü Mərakeş və Əlcəzairdəndir. Şübhəlilərdən on nəfəri sığınacaq üçün müraciət edibmiş. Daha 9 nəfərin Almaniyaya qanunsuiz gəldiyi bildirilir.

Köln şəhərində qadınların üzərinə hücumlar və onlara qarşı zorlamalar da daxil seksual təcavüz bütün Almaniyanı sarsıdıb.

Köln şəhər polisinin rəisi artıq vəzifəsindən kənarlaşdırılıb.

Koordinasiya

Ralf Jaeger parlament qarşısında ifadə verərkən deyib ki, Yeni il bayramı axşamı Şimali Afrika və ərəb əsilli 1000-dək miqrant şəhərin mərkəzindəki dəmir yolu vağzalı meydanına yığılıb. Bundan sonra onlar dəstələrə ayrılaraq qadınlara hücum ediblər.

Daxili işlər naziri bunu da deyib ki, Şimali Afrika əsillilər dekabrın 31-də Almaniyanın müxtəlif şəhərlərindən Kölnə yığışıblar.

Cənab Jaeger bildirib ki, spirtli içkilər və narkotik maddələrin təsiri altında olan basqınçılar "cinsi təcavüzün ən ağlagəlməz formalarından istifadə ediblər”.

"Belə hərəkət çox sərt cəzalandırılmalıdır” – deyib Jaeger.

Mətbuat xəbər verir ki, təkcə 2015-ci il ərzində Almaniyaya 1 milyon 100 min qaçqın pənah gətirib.

Qaçqın axınının ən ağır vaxtında Almaniya kansleri Merkel onları öz himayəsi altına götürmüşdü.

"Məni Merkel dəvət edib…”

Lakin Köln hadisələrindən sonra kansler həm pərtlik keçirir, həm də siyasi opponentləri tərəfindən kəskin tənqid olunur.

Ötən həftə verdiyi bəyanatda Merkel deyib ki, qanun pozuntusu törətmiş qaçqınların Almaniyadan dərhal deportasiya edilməsi mexanizmi tətbiq olunacaq.

Angela Merkel-i məyus edən faktlardan biri də budur ki, qadınlara hücum edənlərdən bəziləri "məni bura Merkel dəvət edib” deyə rişxənd edirmişlər.

Yeni il gecəsi baş vermis hadisələr ötən həftə müsəlmanlara qarşı zorakılıq aktları ilə əks-səda verib.

Antimüsəlman Pegida hərəkatı hay-küylü etiraz yürüşü keçirib və polislə toqquşub.

Bazar günü 6 pakistanlı 20 nəfərin hücumuna məruz qalıb.

İki suriyalıya da hücum olub. Polis bu hücumların sosial media vasitəsilə koordinasiya edilib-edilməməsi mümkünlüyünü araşdırır.

"Təhərrüş”- Almaniyada yeni söz

Cəmiyyətdə Köln basqınlarından 5 gün keçdiyi bir müddətdə mətbuatın bu barədə susması hiddət doğurub. Lakin media rəhbərləri bildiriblər ki, polis orqanlarına qaçqınların törətdiyi qanun pozuntuları barədə mətbuata informasiya verməmək barədə sərt tapşırıq olub.

Köln polisi bildirir ki, qadınlara qarşı eyni zamanda həm seksual təcavüzün törədilməsi, həm də onların qarət olunması, cinayətin Almaniyada indiyədək görünməmiş formasıdır.
Polis bu "dəst-xəttin” də Şimali Afrikadan gəldiyini düşünür. Ərəb baharı zamanı Qahirədə Təhrir meydanında gedən izdihamlı mitinqlərdə bəzi dəstələr qadınları bir tərəfə çəkərək zorlayırdılar. Bu fənd ərəbcə "təhərrüş cəmea” (seks əyləncəsi) kimi tanınırmış.

Son günlər Kölndə baş vermis hücumların bir mərkəzdən idarə olunduğu barədə ehtimallar tez-tez səslənir. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM