"Ermənistanın hazırkı vəziyyətini dolu stəkana son damlanın düşməsi ilə eyniləşdirə bilərik. Yəni həmin son damla stəkandakı suyu daşıracaq. Ermənistanda əhalinin vəziyyəti artıq bu şəkildədir. Adi bir qığılcım hamının - bütün ölkə əhalisinin yenidən kütləvi şəkildə ayağa qalxmasına səbəb ola bilər” – bunu ANN.Az-a açıqlamasında hüquqşünas, media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyib.
Ekspert Ermənistanda keçirilən aksiyaların, üsyanların əsas səbəbləri və bəhanaləri haqqında danışıb: "Bunun əsas səbəbləri ölkədə iqtisadiyyatın günü-gündən zəifləməsi, ölkənin Rusiyadan asılılığının aydın şəkildə görünməsi, ölkədəki rejimin sərtləşdirilməsi, əhalinin yaşayış səviyyəsinin aşağı olması artıq əhali arasında hakimiyyətə qarşı belə aksiyaların keçirilməsi ilə nəticələnir. Sadalanan səbəblərdən ən böyüyü ölkədə sosial problemlərin artıq yetəri qədər artmasıdır. Çünki sosial problemlər əhalini narahat edən ən birinci problemlərdəndir. Bundan başqa digər qonşu ölkələrlə müqayisədə Türkiyənin necə inkişaf etdiyi, Gürcüstanda turzimin hansı səviyyədə olması və nəhayət Azərbaycanın günü-gündən inkişafda olması onların içlərində paxıllıq və həsəd hissini artırır, bizə qarşı olan düşmənçilik hisslərini daha da gücləndirir”.
Ermənistanda baş verən sonuncu geniş miqyaslı aksiyanın elektrik enerjisinin qiymətinin artımı ilə bağlı olduğunu deyən Ələsgər Məmmədli qonşu dövlətdə bu kimi tədbirlərin yenidən təkrarlayacağını bildirib: "Çünki "müstəqil” olan bir dövlətin əhalisi başqa bir dövlətdən asılı olduqlarını etiraf etdilər. Ermənistanda tikilən iri ticarət, sənaye obyektlərinin hamısı Rusiyaya məxsusdur. Bunun danılmaz fakt olduğunu artıq yerli əhali də bildirir”.
Ölkədə baş verən son olayların siyasi tərəfinə toxunan Ə.Məmmədli bu aksiyanın keçirilməsinin digər səbəblərindən də danışıb: "Aksiyanın keçirilməsində əsas məqsəd onsuzda sürünməkdə olan erməni xalqının vəziyyətinin daha da pis olması ilə əlaqədar idi. Hakimiyyətdə bu enerji qiyməti ilə bağlı səhv addım atdığını qəbul edib, ödənişlərin bir qismində əhaliyə güzəştə getdi”.
Hüquqşünas Azərbaycanda keçirilən "Bakı -2015” Avropa Oyunlarının Ermənistanda baş verənlərlə heç bir aidiyyatı olmadığını deyib: "Erməni xalqı bizə düşmən gözü ilə baxır, ona görə də bu cür tədbirlərin bizim ölkədə keçirilməsini sadəcə qəbul edə bilmirlər”.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !