Bakı atacağı addımları beynəlxalq səviyyədə izah etməyə məcburdur
Rusiyada yaşayan erməni təbliğatçısı Stanislav Tarasov birdən-birə İrəvanın Azərbaycana qaytarılması məsələsini gündəmə gətirib.
İstiPress-in məlumatına görə, Gəncədə anadan olmuş və Bakı Dövlət Universitetini bitirmiş Tarasov hər gün ermənilərin xeyrinə nəsə bir cızma-qara yazmaq naminə Azərbaycan mətbuatını ələk-vələk edir və bu dəfə tarixçi alim Nəsiman Yaqublunun iyulun 3-də Azərbaycan mətbuatına verdiyi bir müsahibəni ortaya çıxarıb. Tarixçi alim İrəvanın ermənilərə paytaxt kimi 99 illiyə icarəyə verilməsinin müddətinin bitməsini xatırladaraq Azərbaycan Milli Şurasının 29 may 1918-ci il tarixli 3 saylı protokolunu təqdim edib.
Stanislav Tarasov bu faktı qabartmaqla Azərbaycan Milli Şuranın legitim orqan olmadığını iddia edir. Onun sözlərindən belə çıxır ki, bu sənəd Müəssislər Məclisi tərəfindən qəbul edilsəydi, legitim olardı. Amma o unudur ki, Milli Şura məhz Müəssislər Məclisinin azərbaycanlı deputatlarından təşkil edilib və anlaşma Azərbaycan və Ermənistan milli şuraları arasında bağlanıb. Sonradan hər iki milli şuranın fəaliyyətini parlamentlər davam etdirib. Yəni bu sənəd tamamilə legitim bir sənəddir.
Buna görə də keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli İstiPress-ə müsahibəsində bu məsələni unutmamağa çağırıb:
"Düzdür, hələ ki, Azərbaycan İrəvanı geri qaytarmaq iqtidarında deyil. Amma zaman gələcək və biz bunu bacaracağıq. Hələliksə, Azərbaycan bu məsələni mütəmadi olaraq qabartmalıdır və beynəlxalq səviyyəyə çıxarmaladır. Dünya İrəvanın ermənilərə məhz müvvəqqəti olaraq paytaxt kimi verildiyini və erməni dövlətinin Qərbi Azərbaycan torpaqlarında yarandığını bilməlidir”.
Təbii ki, heç kim Azərbaycan ordusunu İrəvana girməyə və Ermənistan respublikasının hüquqi ərazisini işğal etməyə çağırmır. Amma bir şey unudulmamalıdır ki, Ermənistan Azərbaycanın hüquqi sərhədlərini tanımaq istəmir və işğal etdiyi torpaqlardan geri çəkilmək istəmir, hətta daha çox ərazilər ələ keçirmək barədə planlar qurur. Buna görə ermənilərə Ermənistanın həqiqi sərhədlərini hərbi yolla başa salmağın vaxtı çatıb.
Bu, Qarabağ münaqişəsinin həlli baxımından da vacibdir. Erməniləri ən azından tarixi Azərbaycan torpaqlarından - Zəngəzurdan, Göyçədən, Vedibasardan və Zəngibasardan, yəni həm də İrəvandan uzaqlaşdırmaq lazımdır ki, Qarabağ barədə xam xəyallar qura bilməsinlər. Hər halda, 1918-ci ildə Gümrü Ermənistanın paytaxtı olsaydı, İrəvan Azərbaycanda qalacaqdı.
Düzdür, arxeoloji qazıntılar Gümrünün təkcə azərbaycanlıların deyil, bütün türklərin vətəni olduğunu ortaya çıxarır. Bu şəhərin yaxınlığında 3-4 min il əvvəl at əti yemiş və canvarı totem saymış köçərilərin, yəni türklərin yaşadığı ortaya çıxıb. Həmin türklərin qışı indiki Azərbaycan ərazisində keçirdiyini Strabon və Herodot da qeyd edib. Amma bu ayrı söhbətin mövzusudur.
Çingiz Rüstəmov
İstiPress
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !