"Ermənilər Şahbaz Quliyevi azad edir, amma..." – AÇIQLAMA

14:20 | 27.04.2015

"Ermənilər Şahbaz Quliyevi azad edir, amma..." – AÇIQLAMA

Kəlbəcər girovu Şahbaz Quliyev Xankəndində əməliyyat olunub. Bu xəbərlə hər kəs artıq tanışdır.

Doğulduğu Kəlbəcər rayonunu ziyarət edərkən erməni silahlı qüvvələrinə əsir düşən Şahbaz Quliyev cərrahi əməliyyata məruz qalıb. Yaxınları  Şahbaz Quliyevin səhhətində heç bir problem olmadığını bildirsələr də,  əsir götürüldükdən sonra erməni tərəfi Şahbaz Quliyevin səhhətində problem olduğunu ortaya çıxartdılar və bu günlərdə öd kisəsinin xroniki tutması dioqnozu ilə Xankəndində əməliyyat olundu.

Onun əməliyyat olunmasında işgəncələrə məruz qalması, döyülməsi ehtimal edilir. Əslində kimsənin buna heç şübhəsi də yoxdur. O zaman beynəlxalq qurumların bu hadisələrlə bağlı münasibəti niyə ortaya qoyulmur? Azərbaycan tərəfin erməni əsirlərlə beynəlxalq hüquq qaydaları əsasında davranmasına baxmayaraq ermənilər  azərbaycanlı əsirlərlə münasibətləri bu şəkildə deyil. İşğala məruz qalan və daha çox itkisi olan dövlətin beynəlxalq normalara riayət etdiyi, amma işğalçı ölkənin isə öz düşmənçiliyini daha artıq şəkildə biruzə verdiyi bir halda beynəlxalq və nüfuzlu qurumlardan nə üçün səs-soraq çıxmır, reaksiya vermir, bəyanatlar səsləndirmirlər? 

Bəs bundan sonra nə olacaq? Hərbi ekspert Üzeyir Cəfərov ANN.Az-a açıqlamasında  bildirib ki, Şahbaz əsir olan zamandan indiyədək ağır işgənclərə məruz qalmasına, döyülməsinə şübhə yoxdur: "Bunun da nəticəsində onun səhhətində problemlər yaranıb  və əməliyyat olunub. Fikrimcə, Şahbaz Quliyev əməliyyat olunduqdan sonra azadlığa buraxılacaq. Yox, elə fikirləşməyin ki, bu ermənilərin genişürəkli olmalarından, yaxud hansısa sülh naminə, ya da rəsmi Bakının istəyini yerinə yetirmək xatirinə atılacaq addım olacaq. Əsla! Ermənilər gözəl bilirlər ki, etdikləri işgəncələrin nəticəsində artıq Şahbaz Quliyevin həyatı təhlükə altındadır və onun ömrünə az qala bilər. Belə olan təqdirdə erməni düşmənlərimiz  onu azad etməklə beynəlxalq aləmdə özünə xal qazanmaq istəyəcək. Əlbəttə ki, daha bir əsir azərbaycanlının əllərində ölmələrinə razı olmazlar, çünki bu ermənilər üçün növbəti bir minus olacaq. Rəsmi Bakı bu faktı əsas götürərək  haqlı olaraq həm beynəlxalq təşkilatların, həm də ATƏT-in Minsk qrupu qarşısında erməni düşmənçiliyinin necə dərin olduğunu, ermənilərin qəsbkar və işğalçılıq planlarının ta qədimdən bəri davam etdiyini bəyan edəcək”. 

İndiki durum necə yaranıb? Hərbi ekspert xatırladır ki, BQXK(Beynəlxalq Qırmızı Xaç Komitəsi) nümayəndələri hər dəfə əsirlərin səhhətinin normal olduğunu açıqlayırlar: "Digər sülhməramlı təşkilat olan ATƏT-in Minsk qrupu isə əsirlərlə heç maraqlanmayıb. Ümumiyyətlə, beynəlxalq qurumların Azərbaycana münasibəti həmişə təktərəfli olmur. Beynəlxalq qurumlar belə vaxtlarda yalnız münaqişənin müddətinin artırırlar ki, özləri qazanc əldə etsinlər. Bundan əlavə münaqişənin həlli yollarının tapılmasında isə hələ indiyə qədər heç bir addım atılmayıb. Misal üçün, ATƏT-in Minsk qrupunun Qarabağ problemi ilə bağlı son illər hansı işini yaxşı mənada nümunə göstərmək olar? Hətta rəsmi Bakı, siyasətçilərimiz də dəfələrlə Minsk qrupunun üzvlərini tınqid ediblər. Beynəlxalq təşkilatlar heç vaxt bu problemin həll edilməsini istəməyəcəklər. Niyə də istəsinlər, çünki uzun illərdir Bakı-İrəvan arası onların iş yerinə çevrilib, məgər havayı iş yerlərini itirərlərmi?” 

Ü.Cəfərov bu durumla bağlı tezliklə tədbirlər görülməsini istədiyini dilə gətirib: "Biz çox istərdik ki, I Avropa Oyunlarından sonra BQXK və ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı lazımı tədbirlər görülsün. Çünki Azərbaycan tərəfi həmin qurumlarla çox mülayim danışır və bun nəticəsindədə bizə heç bir yardım edilmir. Belə durumların qarşısını almaq üçün Azərbaycan öz sözünü qəti şəkildə beynəlxalq qurumlara bildirməlidir”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər,  Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Orxan Aslanlı

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti