Türkiyənin müdafiə naziri Nurəddin Caniklinin Bakıya səfəri Ermənistanın siyasi elitasını narahat edib, hətta bir qədər qorxudub.
İrəvanda bildiriblər ki, yüksək çinli qonağın bəyanatı faktiki olaraq Dağlıq Qarabağda hərbi əməliyyatların başlamasına çağırışdır. Sarkisyan hakimiyyətinə yaxın olan politoloqlar səs-səsə verərək bildiriblər ki, Ankara hərbi çağırışları ilə Tehran və Moskvanın ünvanına sınaq şarları buraxır.
Söhbət Qarabağ probleminin həllindən gedir. Ancaq Türkiyənin bu uzun sürən münaqişə barədə söylədikləri Ermənistanda siyasi demaqoqiya kimi qələmə verilir. İrəvanda bəzi siyasi xadimlər hətta iddia edirlər ki, İran və Rusiyanın danışıqlar prosesi barədə maraqlanmağa Türkiyədən daha çox haqqı var, çünki bu ölkələr münaqişə regionu ilə birbaşa sərhədlərə malikdirlər.
Rusiyanın münaqişə zonası ilə birbaşa sərhədinin olması hardan çıxdı? İrəvanda yenə də dünya ictimaiyyətinə çağırışlar səsləndirib təcavüzkarları dayandırmağa yalvarırlar. Bu zaman təcavüzkar deyəndə tək Azərbaycanı deyil, Türkiyəni də nəzərdə tuturlar. Azərbaycana qardaş Türkiyənin Bakını işğal edilmiş torpaqların azad edilməsi məsələsində dəstəkləməsi Serj Sarkisyanı özündən çıxıb.
Buna görə də Ermənistan prezidenti Türkiyə ilə bağlanmış protokolları ləğv etməklə hədələyir. Hətta yerli ekspertlər sanır ki, bu, İrəvana daha çox zərər vura bilər.
Ermənistan rəhbərliyi artıq on illərdir ki, öz xalqında Türkiyəyə və Azərbaycana nifrət yaratmağa çalışır. Amma bu, ermənilərin alver məqsədi ilə xalq istehlak malları almaq üçün daima Türkiyə getmək istəyinə mane ola bilmir.
Mais Məmmədov, əməkdar jurnalist
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !