Ermənistan Laçın dəhlizinin açılması tələbilə BMT məhkəməsinə müraciət edib

16:56 | 30.01.2023
Ermənistan Laçın dəhlizinin açılması tələbilə  BMT məhkəməsinə müraciət edib

Ermənistan Laçın dəhlizinin açılması tələbilə BMT məhkəməsinə müraciət edib

Azərbaycan Laçın dəhlizini bağlamaqla Qarabağdakı etnik ermənilərə təzyiqlərini davam etdirir. Bu bəyanatla bazar ertəsi Beynəlxalq Ədalət Məhkəməsində müvəqqəti tədbirlərə dair dinləmələrdə Ermənistan nümayəndəsi Yeqişe Kirakosyan çıxış edib.

"Biz  bu məsələnin çoxdan həll olunmasını gözləyirdik. Lakin Azərbaycan Laçın dəhlizini kəsməklə etnik ermənilərə təzyiq göstərməkdə davam edir. Artıq bir nəfər tibbi xidmətdən istifadə edə bilmədiyi üçün dünyasını dəyişib və başqalarını da oxşar aqibət gözləyə bilər. Mağazalarda rəflər boşdur, əhaliyə ərzaq çatmır. Qaz və elektrik enerjisinin verilməsi mütəmadi olaraq kəsilir",  - Kirakosyan bildirib. 

Ermənistan nümayəndəsinin sözlərinə görə,  bu məhkəməyə müraciət onların son ümid yeridir. 
 
Deputat Tural Gəncəliyev bildirir ki, Ermənistan tərəfi Beynəlxalq Ədalət Məhkəməsində müvəqqəti tədbirlərə dair keçirilən dinləmələrlə bağlı diqqəti yayındırmaq istəyir. 

"Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə  İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması Konvensiyası adı altında olan məsələlərlə bağlı 30 il ərzində Ermənistan tərəfindən törədilən cinayətləri ifşa edən, Ermənistanın yalanlarını və beynəlxalq hüquq pozuntularını təsdiq edən məlumatları təqdim edib”, - deputat deyib. 

Tural Gəncəliyev hesab edir ki, Ermənistan nümayəndəsinin bu məsələlərlə bağlı çıxışları,  beynəlxalq təşkilatlara olan müraciətləri beynəlxalq hüquq konteksindən kənardır. Azərbaycanın ərazi bütövlüyünü Ermənistan daxil olmaqla bütün dünya tanıyır. 

"Qarabağda yaşayan erməni əsilli vətəndaşlara təzyiqlər göstərilməsi cəfəngiyyatdır. Beynəlxalq ictimaiyyəti beynəlxalq təşkilat kimi təmsil edən əsas qurum Beynəlxalq Qırmızı Xaç Komitəsidir ki, o, həmin yoldan istifadə edərək müvafiq birinci dərəcəli malların, dərmanların və digər şeylərin ehtiyacı olanlara daşınması ilə məşğul olur. İkincisi, rus sülhməramlılarının nəqliyyat vasitələri ərazidə sərbəst hərəkət edə bilir. Bütün faktlardan  beynəlxalq təşkilatların  xəbəri var”, - Gəncəliyev qeyd edib. 

Deputatın sözlərinə yazır, Beynəlq Ədalət Məhkəməsi  ədalət prinsiplərinə uyğun məsələyə baxmalıdır. 

"Beynəlxalq hüququn ən mühüm prinsiplərindən biri də ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipidir. Ermənistan burada açıq şəkildə Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir. Bu addımlar, eyni zamanda BMT nizamnaməsinə də ziddir”, - Tural Gəncəliyev deyib. 

Deputat bildirir ki, Ermənistan  sadəcə, informasiya təbliğatı aparır. Məhkəmənin bu konteksdən Azərbaycana qarşı qərar verməsi gözlənilən deyil, olsa belə ədalətli qərar hesab oluna bilməz. 

Siyasi şərhçi Elxan Şahinoğlu bildirir ki, Laçın yolu Azərbaycana addir. Əgər onlar məhkəməyə müraciət etsələr, Azərbaycan da Avropadakı vəkilləri vasitəsilə doğru olanı onlara izah etməlidir. 

O bildirib ki, Məhkəmənin Azərbaycan əleyhinə qərar qəbul etməsi inandırıcı deyil. 

"Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olmalıdır. Tabe olmaq istəmirlərsə, Azərbaycanı tərk edə bilərlər. Bu etnik təmizləmə deyil, istənilən dövlətdə hansı etnik qrup olduğu ölkənin qanunlarına uyğunlaşmaq istəmirsə, o olkədə ona yaşamağa icazə verilmir”, - Şahinoğlu bildirib.

2022-ci il dekabrın 12-də bir qrup ekoloq Ermənistandan Dağlıq Qarabağa gedən yolun keçdiyi və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Laçın dəhlizinin qarşısında aksiya keçirir. İrəvan bunu humanitar fəlakət yaratmağa yönəlmiş təxribat kimi qiymətləndirib.

Ermənistan 2021-ci il sentyabrın 16-da İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya uyğun olaraq Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanla məhkəmə prosesi başlayıb. İddia Azərbaycanı 2020-ci ilin sentyabrında münaqişə zamanı gündəmə gələn onilliklər boyu irqi ayrı-seçkilikdə ittiham edir. Həmin il sentyabrın 23-də Azərbaycan əks iddia qaldıraraq Ermənistanın regionda azərbaycanlılara milli və etnik mənsubiyyətinə görə bir sıra ayrı-seçkilik törətdiyini və törətməkdə davam etdiyini bildirib.

Hər iki tərəf proses zamanı tərəflər arasında gərginliyin artmasının qarşısını almaq üçün məhkəmə tərəfindən müəyyən edilmiş müvəqqəti tədbirlərin tətbiq edilməsini tələb edib. Bu tələblər 2021-ci ilin dekabrında qismən yerinə yetirilib. Bazar ertəsi keçiriləcək dinləmələr əlavə müvəqqəti tədbirlərə həsr olunub. Onların çərçivəsində İrəvan Laçın dəhlizinin açılmasına nail olmağa çalışır, Bakı isə Dağlıq Qarabağda ərazilərin minalanmasına son qoyulmasını tələb edir.
 
Lida Abbaslı
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM