2015-ci ilin may ayında ərzaq məhsullarının qiymətləri 1,5 % ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,2%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% bahalaşıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,6 %ucuzlaşıb.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Komitənin məlumatına görə, ay ərzində buğda ununun, balıq məhsullarının, qoyun və toyuq ətinin, süd məhsullarının, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, alçanın, çiyələyin, kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın, sarımsağın qiymətlərində ucuzlaşma müşahidə olunub.
Bundan başqa, qarabaşaq yarmasının, yumurtanın, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, göyərtinin, çuğundurun, kökün qiymətlərində isə bahalaşma olub.
May ayında qeyri-ərzaq mallarından parçaların, geyimin, inşaat materiallarının, mebel və ev əşyalarının, məişət cihazlarının qiymətləri bahalaşmış, səsin və təsvirin qəbulu, yazılması və əks etdirilməsi üçün qurğuların qiymətləri isə ucuzlaşıb.
Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən respublikadan kənara dəmiryolu sərnişindaşıma nəqliyyatı tarifləri və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma, MDB ölkələri üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma müşahidə olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !