Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən "Əsgərə məktub” layihəsi davam edir.
Təhsil İdarəsindən ANN.Az-a verilən məlumata görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan I-XI sinif şagirdləri könüllülük əsasında əsgərlərə məktub yazırlar.
Layihənin əsas məqsədi əsgərlərimizə mənəvi dayaq olmaq, ictimaiyyətin ordu ilə birliyini daha da gücləndirmək və məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfə verməkdən ibarətdir.
Şagird məktublarında Azərbaycan əsgərinə göstərdiyi qəhrəmanlığa və möhkəm iradəyə görə minnətdarlıq edilir, xalqımızın hər bir nümayəndəsinin döyüşə hazır olduğu bildirilir və ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadə olunur. Əsgərlərimizdə ruh yüksəkliyini daha da artırmaq məqsədi daşıyan layihə dekabrın 20-dək davam edəcək.
Xalqımızın birliyini nümayiş etdirən, yaşından asılı olmayaraq hər kəsin mübariz ruhunun təcəssümü olan əsgərlərə yazılan məktublar paytaxtın təhsil işçiləri tərəfindən cəbhə bölgəsində xidmət edən əsgərlərimizə çatdırılacaqdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !