Bakı məktəblərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinə dair statistik göstəricilər açıqlanıb.
Nəticələr açıqlanan kimi builki nəticələri "şok statistika” adlandırdılar. Bu, həqiqətənmi belədir?
Virtualaz.org saytı bu suala cavab tapmaq, bütövlükdə buraxılış imtahanlarının nəticələrinə, təhsilin səviyyəsinə dair mütəxəssis rəyi almaq üçün tanınmış təhsil eksperti, "XXI əsr” Təhsil Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Etibar Əliyevə müraciət edib.
-Etibar müəllim, buraxılış imtahanlarının nəticələr cəmiyyətdə birmənalı qarşılanmadı, daha doğrusu, tənqid edildi. Bəs sizcə, bu nəticələrə gətirib çıxaran səbəblər hansılardır? Bunların olmaması üçün hansı işlər görülməlidir?
-Əslində orta məktəblərin 9-cu və 11-ci siniflərinin buraxılış imtahanlarının nəticələrinin yaxşılaşdırılması istiqamətində ciddi işlər aparılır. Bunu inkar etmək olmaz. Buraxılış imtahanlarının nəticələri məktəb təhsilinin keyfiyyətini tam ehtiva edə bilməz. Burada orta məktəblərdə keçilən fənlərin yalnız 3-dən imtahan götürülməsi bunu deməyə əsas verir. Bununla yanaşı Mikayıl Cabbarov təhsil naziri təyin olunanda indiki 11-cilər 9-cu sinfin buraxılış imtahanlarına hazırlaşırdı. Beləliklə, 2015/2016 tədris ilində 9-cu siniflərdə buraxılış imtahanında 31081şagird iştirak edib.
Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55.85%-i (17358 şagird) ana dili fənni üzrə, 57.98%-i (18020 şagird ) riyaziyyat fənni üzrə "2” və "3” qiyməti alıb. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 44.15%-i (13723), riyaziyyat fənni üzrə isə 42.02 %-i (13061) "4” və "5” qiyməti alıblar.
11-ci sinif buraxılış imtahanında 24094 şagird iştirak edib.
Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 45.67%-i (11002) ana dili fənni üzrə, 35.39%-i (8534) riyaziyyat fənni üzrə "2” və "3” qiyməti, həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 54.32%-i (13082), riyaziyyat fənni üzrə isə 64.62 %-i (15570) "4” və "5” qiyməti alıblar.
-Bəs ötən il necə idi? Bunlar ötən ilə baxanda pis nəticə sayılır, yoxsa qənaətbəxş?
-Suala dəqiq cavab vermək üçün əlbəttə ki, ötən tədris ili ilə müqayisə aparmaq lazım gələcək. 2014-2015 tədris ili ilində 9-cu siniflərdə buraxılış imtahanında 27029 şagird iştirak edib.
Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 56.31%-i (15220) ana dili fənni üzrə, 55.17%-i (14912) riyaziyyat fənni üzrə "2” və "3” qiyməti alıb. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 43.69%-i, (11809) riyaziyyat fənni üzrə isə 44.83 %-i (12117) "4” və "5” qiyməti alıblar.
11-ci sinif buraxılış imtahanında 19855 şagird iştirak edib. Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 38.66%-i (7675) ana dili fənni üzrə, 37.11%-i (7368) riyaziyyat fənni üzrə "2” və "3” qiyməti, həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 61.34%-i, (12179) riyaziyyat fənni üzrə isə 62.89 %-i (12486) "4” və "5” qiyməti alıblar.
Yəni müqayisə aparsaq görərik ki, cari tədris ilində 9-cu sinif şagirdlərinin ana dili fənni üzrə nəticələrində irəliləyiş, riyaziyat fənni üzrə nəticələrdə isə geriləmə var.
11-ci siniflərə diqqət etdikdə görürük ki, nəticələr əksinədir: ana dili fənni üzrə nəticələrdə geriləmə, riyaziyyat fənni üzrə nəticələrdə isə irəliləyiş var.
Məsələn, biz 2013/2014-cü tədris ilinin nəticələrini 2014-2015-ci tədris ilinin nəticələri ilə müqayisə etsək, onda oxşar mənzərənin şahidi olarıq.
Nəticələrin acınacaqlı olması haqda yürüdülən fikrlərin təsdiqi üçün ortada böyük faiz fərqləri olmalıdır. Ötən illərlə müqayisədə hər iki buraxılış siniflərində şagird sayında nəzərəçarpacaq (təxminən 4000 şagird çox) fərqin olması, nəticələrin kiçik faiz göstəriciləri ilə bir-birindən fərqlənməsi (irəliləyişin göstəricisi arxa plana çəkilməməlidir), həmçinin 9-cu və 11-ci siniflərin məzunlarının ötən illərlə müqayisədə fənlərin hər ikisindən aşağı nəticələr göstərməməsi (9-ci siniflərdə ana dili fənnindən, 11-ci siniflərdə riyaziyyat fənnindən irəliləyiş nəzərdə tutulur) onu deməyə əsas verir ki, məktəb təhsilində ciddi geriləmə baş verməyib.
Məsələn, nəticələri rəqəmlə ifadə etsək görərik ki, bu il 9-cu siniflər üzrə ana dilindən imtahan verib "4” və "5” qiymət alanların sayı ötən ilkindən 1914 nəfər, riyaziyyatdan imtahan verib yüksək nəticə göstərənlərin sayı isə 944 nəfər çox olub.
11-ci siniflər üzrə ana dilindən imtahan verib "4” və "5” qiymət alanların sayı ötən ilkindən 908 nəfər, riyaziyyatdan imtahan verib yüksək nəticə göstərənlərin sayı 3084 nəfər çox olub. Yəqin ki, "şok statistika” deyənlər axırıncı rəqəmin üstündən "ustalıqla” keçməyə çalışacaqlar.
Bakı şəhəri məktəblərinin maddi-texniki bazası yaxşılaşdırılıb, müəllimlərin əməkhaqqı əsaslı şəkildə yüksəldilib. Belə olan halda artıq məktəblər mütləq keyfiyyətə cavabdehlik daşımalıdır. Artıq bu tələbin bütün Bakı məktəblərinin qarşısında qoyulmasının vaxtı çatıb. (Virtualaz.org)
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !