Elçin Sadıqov Əvəz Zeynallını şou yaratmaqda qınayıb

14:03 | 28.03.2023
Elçin Sadıqov Əvəz Zeynallını şou yaratmaqda qınayıb

Elçin Sadıqov Əvəz Zeynallını şou yaratmaqda qınayıb

Vəkil Elçin Sadıqov Xural TV internet televiziyasının təsisçisi Əvəz Zeynallını onun adndan istifadə edərək  şou yaratmağa çalışmaqda ittiham edib.  Bu barədə vəkil həbsdə olan jurnalist Əvəz Zeynallının məhkəmədə onun ünvanına səsləndirdiyi ittihamlara cavab olaraq facebook hesabında yazıb.
 
2022-ci il sentyabrın 10-da vəkil Elçin Sadıqov və Xural TV internet televiziyasının təsisçisi Əvəz Zeynallı rüşvət almaqda şübhəli bilinərək saxlanılıb, sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib. Onlar Baku Steel Company şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən külli miqdarda rüşvət almaqda təqsirləndiriliblər. Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına buraxıb.

Əvəz Zeynallıya qarşı isə sonradan ona qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ilə yeni ittiham irəli sürülüb.

"Əvəz Zeynallıdan Ramin Məmmədov və onun ailə üzvləri barəsində yazmamağı xahiş edəndə Əvəz Zeynallı məndən nə qədər pul qazandığımı, dolanışığımın necə olduğunu soruşdu. Allaha şükür etdim və bunun məsələyə nə aidiyyətinin olduğunu soruşdum. O isə bildirdi ki, sən dolanırsan, mən də dolanmaq istəyirəm. Ramin Məmmədovun ailəsinə dedim ki, bu yaxşı adam deyil, 14 il pulsuz vəkillik etmişəm, indi bir şeyi xahiş edəndə pul istəyir, bununla, ümumiyyətlə, danışmayaq. O gündən sonra Əvəz Zeynallı dayanmadı, hər gün Məmmədova və ailə üzvlərinə qarşı hədyanlar danışmağa başladı. Hətta 2022-ci il avqustun 26-da  çıxışında Əvəz Zeynallı adımı çəkməsə də, Məmmədovun müdafiə işinə də ilişmişdi. Məcbur olduq Əvəzlə danışmağa. Əvəz mənə fantastik məbləğ demişdi. Sonra razılaşdıq. Pulu aldı. Cəmi 4 gün sonra yenə hədyanlar danışdı. Mən Əvəzin bunu mənə edəcəyini, yəni pul alıb yenə danışacağını, karusel edəcəyini heç gözləməzdim", - vəkil bildirib.

Onun sözlərinə görə, bu hadisədən sonra o şəxsi vəsaiti hesabına Məmmədovların pulunu geri qaytarıb.  Əvəz Zeynallı vəkilin ona sənəd verməsi barədə bəyanatından sonra isə  onu və jurnalisti həbs ediblər.
 
"Sənəd adı gələn kimi, ikimizi də tutdular. Halbuki, CM-nin 312-ci maddəsinin qeydini bilən hər kəs bilir ki, mənim əməlimdə heç vaxt cinayət tərkibi olmayıb. Məni vəsatətə görə həbs edilmişəm.  Əvəzə qarşı müxtəlif ittihamlar və çoxlu epizodlar var. Bəlkə də maddələrinin sayını özü də bilmir. Amma yenə də mənim adımı çəkib şou düzəldir”, - vəkil vurğulayıb.
 
Əvəz Zeynallının xanımı Məlahət Zeynall isə Facebook hesabında vəkilə cavab olaraq Elçin Sadıxovun səhv məlumat verdiyini bildirib.
 
"İmkan verin Bakıya çatım. O həqiqətləri bir-bir gözünüzün içinə deyəcəm",  -  Məlahət Zeynallı yazıb. 

Martın 27-də hakim Əli Məmmədovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində "Xural Yayınları" MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə prosesi bitdikdən sonra jurnalistlərə açıqlama verən Əvəz Zeynallının vəkili Aqil Layıc bildirib ki, prosesdə müdafiə tərəfi vəsatətlər qaldırıb.

Jurnalistlərə açıqlama verən Əvəz Zeynallının anası Şamama Zeynallı bildirib ki, məhkəmə prosesində Əvəz Zeynallı ittihamlardan özünü təqsirli bilməyib.
 
Bildirib ki, o, vəzifəli şəxs olmadığı halda ona bu barədə ittiham verilib.

Məhkəmə prosesi aprelin 10-na təyin edilib.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb