ANN.Az Axar.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.
Onun sözlərinə görə, əksinə, daşınmaz əmlak bazarında qiymətlərin azalması müşahidə edilir: "Xüsusilə də daha bahalı daşınmaz əmlak məhsullarının qiymətinin azalması hiss olunur. Azərbaycanda vaxtilə ölkədaxili tələbatın formalaşmasında əsas aktyorlardan olan Rusiyada işləyən Azərbaycan vətəndaşlarının artıq alıcı kimi yox, satıcı olaraq bazarda iştirak etməsi və öncədən aldıqları əmlakı bazara çıxarmaları qiymətləri daha da aşağı salır. Faktiki olaraq hazırda daşınmaz əmlak bazarında çox ciddi durğunluq yaşanır. Alğı-satqı prosesləri çox az olduğu üçün müşahidə və nəticələri kompleksləşdirmək çətindir, çünki bir çox hallarda daha baha qiymətlərlə təşviqat ortaya çıxsa da, sonradan alıcı olmadığı üçün qiymət bazara uyğunlaşır. Şəhərin mərkəzində torpaqların qiymətinin qalxması isə təbiidir. Nəzərə alaq ki, mərkəzdə torpaq həddən artıq qıtdır və hər ay getdikcə bazara təqdim olunan istifadə olunmamış torpağın həcmi azalır. Torpağın qiymətinin artdığını müşahidə olunması məhz bu amildən irəli gəlir. Lakin ölkə üzrə götürdükdə, mənzillər, biznes təyinatlı obyektlər və torpağın qiymətində azalma müşahidə olunur. Əminliklə deyə bilərəm ki, 2015-ci ildə daşınmaz əmlak bazarında qiymətlər hiss olunacaq dərəcədə azalacaq. Bunun ən başlıca səbəbi ölkəyə valyuta axınının azalmasıdır”.
Ekspertin sözlərinə görə, 2015-ci il Olimpiya oyunlarından sonra daşınmaz əmlak bazarında daha da ucuzlaşma gözlənilir: "Dövriyyəyə daxil olan xərclərin böyük bir qisminin dövlət büdcəsindən qaynaqlandığını nəzərə alsaq, Olimpiya oyunlarından sonra büdcədə "kəmərsıxma”, yəni qənaətcillik ciddi pul qıtlığı yaradacaq. Bu kimi hallarda daşınmaz əmlakın təklifi çoxalsa da, alıcı aşağı düşəcək. Çünki daşınmaz əmlak sahiblər nağd pul qıtlığı səbəbindən əmlaklarını dəyər-dəyməzinə təklif etməyə məcbur olacaqlar. Bu isə qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !