Nobel mükafatlı məşhur fizik Albert Eynşteynin məktubları ABŞ-ın Los Anjeles şəhərində təşkil olunacaq açıq auksionda satışa çıxarılacaq.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, auksionun keçiriləcəyi "Profiles in History" muzeyinin qurucusu Cozef Maddalena jurnalistlərə açıqlamasında Eynşteynin 27 məktubundan bəzilərinin əl yazısı şəklində saxlandığını, bəzilərinin isə diktə ilə yazıldığı, bir hissəsinin ingiliscə, digərlərinin isə almanca olduğunu söyləyib.
Məktubların hər birinə ayrı-ayrılıqda 5 min-50 min qiymət qoyulduğunu qeyd edən Maddalena ümumilikdə 500 min-1 milyon dollar toplanacağını vurğulayıb.
O, Eynşteynin məktublardan birində uşaqlara tövsiyyələr verdiyini deyib: "Oğluna həndəsə fənninə çox diqqətli yanaşmağı məsləhət görüb. Başqa bir məktubunda isə Allahla, ilahi varlıqla bağlı düşüncələrinə yer ayırıb. Daha bir məktubunda isə atasının xəyanətini öyrənən bir dostuna təsəlli sözləri yazıb".
Yəhudi əsilli alman fizik Albert Eynşteyn 1879-cu il martın 14-də Almaniyanın Ulm şəhərində anadan olub. Albert Eynşteyn 3 yaşına qədər danışa bilməyib. O, ilk məktəb illərində dərslərdə çox geridə qalırmış. Həmişə müəllimləri valideynlərinə Albertdən şikayət edirmiş. 9-10-cu siniflərdə isə çox yaxşı oxumağa başlayıb. İlk təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb. 1894-cü ildə Hermann Eynşteynin iflası nəticəsində onlar İtaliyaya köçüblər. Albert təhsilini Münhendə davam etdirib. 1896-ci ildə İsveçrəyə təhsilini davam etdirmək üçün gedib və İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsili alıb. 1903-cü ildə Mileva Maric ilə evlənib. Bir qızı və iki oğlu dünyaya gəlir. 1905-ci ildə doktorluq dissertasiyası müdafiə edib və 1909-cu ildə Sürix Universitetində professor kimi çalışmağa başlayıb. 1911-ci ildə Praqa Universitetində fizika professoru olub. 1912-ci ildə Sürix Universitetinə geri dönüb riyaziyyatçı Marsel Qrossman ilə birgə fəaliyyət göstərib. 1914-cü ildə Berlin Universitetində professor kimi çalışmağa başlayıb. Albert Eynşteyn alman vətəndaşı olsa da, 1933-cü ildə siyasi səbəblərə görə bundan imtina edib ABŞ-a köçüb və Prinston Universitetində professor kimi çalişmağa başlayıb. 1940-cı ildə Amerika vətəndaşı olub və 1945-ci ildə təqaüdə çıxıb.
İkinci dünya müharibəsindən sonra Albert Eynşteyn böyük şöhrət qazanıb. Albert Eynşteyn Haim Ueytsman ilə Qüds Universitetində birgə çalışıb. 1945-ci ildə prezident Ruzveltə yazdığı məktubunda fizik və mühəndislər tərəfindən nüvə silahının yaradılması barədə xəbər verib. "Xirosima" və "Naqasaki" faciəsindən sonra elmi kəşflərin insanlıq əleyhinə istifadə edilməsindən bir elm adamı kimi böyük peşmanlıq hissi keçirib və bundan sonra nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizəyə başlayıb. Atom bombası Albert Eynşteynə, Avropa və ABŞ-dakı bir çox universitetlərdən fizika və tibb sahələrində qürurlu doktor dərəcəsini almağa haqq qazandırır.
Çalışmaları nəticəsində bir çox mükafatlar alıb. Bunlar arasında "Kopli Nişanı" (1925) və "Franklin Nişanı" (1935) da var. 1921-ci ildə fizika sahəsində fotoeffekt bağlı işlərinə görə Nobel mükafatı na layiq görülüb.
Albert Eynşteyn 18 aprel 1955-ci ildə Prinstonda vəfat edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !