Fazil Mustafaya sui-qəsd edənlərin məhkəməsi başlayıb - REPORTAJ

23:22 | 22.01.2024
Fazil Mustafaya sui-qəsd edənlərin məhkəməsi başlayıb  - REPORTAJ

Fazil Mustafaya sui-qəsd edənlərin məhkəməsi başlayıb - REPORTAJ

Ötən il martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında "Kalaşnikov”dan atəş açaraq qolundan yaralamışdılar. Qısa müddətdən sonra buna görə DTX "Hacı Azər” kimi tanınan Azər Səricanov, Emin Əliyarov, Rəşad Əhmədov, Elşad Əsgərov və Səbuhi Şirinovu həbs etmişdi. Yanvarın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə bu iş üzrə  məhkəmə prosesi başlayıb. 

Məhkəmə iclası başlayan kimi təqsirləndirilən şəxslər və onların vəkilləri zərərçəkmiş qismində millət vəkili  Fazil Mustafanın da məhkəmədə iştirak etməsini tələb ediblər. Yalnız Emin Əliyarovun vəkilləri Kamandar Nəsibovla Sadiq Rəsulov məhkəmə iclaslarında Fazil Mustafanın iştirakını vacib hesab etməyib. Hakim bildirib ki, hazırkı mərhələdə Fazil Mustafanın iştirakı vacib hesab edilmir. Növbəti məhkəmə iclaslarında zərurət yaranarsa, Fazil Mustafanın iştirakı təmin ediləcək. 

Prokuror Orxan Kəngərli İttiham aktını elan edib. 

İttihama görə, Azər Səricanov və digər təqsirləndirilən şəxslər İranın Rey şəhərində olarkən "Hüseyniyyun" qrupunun üzvləri ilə millət vəkili Fazil Mustafanın dini baxışlarına görə siyasi fəaliyyətinə son qoymaq, bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etməyi müzakirə ediblər. Bu məqsədlə Fazil Mustafanın fəaliyyəti ilə bağlı sosial şəbəkədə gündəlik məlumatlar toplayıblar. Daha sonra terror aktını həyata keçirmək məqsədilə 2022-ci ildə "Kalaşnikov” konstruksiyalı avtomat silah əldə ediblər. Terror aktını həyata keçirmək üçün Rəşad Əhmədov 30 min ABŞ dollarını İrandakı dəstənin üzvlərindən qəbul edib və Qaradağdakı evinə gıtirib. Plana əsasən o, həmin vəsaiti daha sonra Azər Səricanova verib. Hadisədən əvvəlki vaxtlarda Səbuhi Şirinov Fazil Mustafanın yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən evi ətrafında müşahidələr aparıb. Azər Səricanov hadisədən öncə terror aktında istifadə ediləcək tapanca silahı avtomat silahı isə Səbuhi Şirinova verib. Daha sonra Elşad Əsgərov və Səbuhi Şirinov Fazil Mustafanın evinin yanına gəlib. Orada Səbuhi Şirinov Fazil Mustafaya 7 dəfə atəş açıb. Nəticədə Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Hadisədən sonra Azər Səricanov ona verilən 30 min ABŞ dollarını şəhərin müxtəlif istiqamətlərində dəyişib. Bu puldan 15 min manatı Səbuhi Şirinova verib. Dəstə üzvləri teror aktından başqa Azərbaycanda müxtəlif adreslərdə olan hərbi təyinatlı obyektləri barədə məlumatları İranda tanış olduğları xüsusi xidmət  orqanları əməkdaşlarına ötürüb.

Hakim ifadə vermək üçün təqsirləndirilən şəxslərə müraciət edib. İlk olaraq Azər Səricanov ifadə verib. Səricanov İttiham aktında yazılanlarla tam razılaşmasa da, Fazil Mustafanın güllələnməsinə göstəriş verməsini təsdiqləyib. Deyib ki, deputatın sosial şəbəkələrdə dinlə bağlı səsləndirdiyi fikirlər, imamlarla bağlı yazdıqları onu qıcıqlandırıb: 
 


"İnsanın dini etiqad azadlığı var. Dövlət xadimi olmur, lap kim olursa olsun, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sataşa bilməz. Aşura gününü qeyd edənlər haqqında "hürürlər, mələşirlər” ifadəsini işlətmək nə deməkdir? 2019-cu ildən bu adamın dedikləri, yazdıqları məni narahat edirdi. 2020-ci ildə Qarabağ müharibəsində şəhidlərlə bağlı səslənən fikirlər lap ağ oldu. "Kişi ağlamaz”, "şəhid ölüb ölüb də” yazması nə deməkdir?.. Dövlət başçısı məscidə ayaqyalın girib, qapısını öpür. Yoldaşı ilə birlikdə köhnə, torpaq yerdə ayaqyalın gəzirlər. Quranı başlarına qaldırıb öpürlər. İcra başçısı isə məscidə girib deyir ki, "mən buradayam, İmam Hüseyn hardadır?” 

Təqsirləndirilən şəxs bildirib ki, Fazil Mustafayla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər, sosial şəbəkələr üzərindən Fazil Mustafaya yazıblar, nəticəsiz qalıb. Ona görə də özləri cəza kəsməyə qərar veriblər. Hətta cəzanı icra edəcək şəxsin sonradan İrana sığınması üçün tədbirləri də əvvəldən görüb. Buna görə İrana gedib, yer axtarıb, ancaq uyğun bir sığınacaq tapa bilməyib. İrandan qayıdaraq Fazil Mustafanın yaşadığı ərazini təsbit edib, plan qurub. İşi icra edəcək adam axtarıb, Səbuhi Şirinovla tanış olub: 

"Səbuhiylə bir məclisdə tanış oldum. Dedi ki, xüsusi təyinatlılarda MAXE olub. O dəqiqə bildim ki, mənə lazım olan adamdır. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul idim. Səbuhiyə də məhsul verməyə başladım. Sonralar yanında Fazil Mustafadan söz açdım. Dedi, hamı zəncir çeynəyir onun əlindən. Səbuhi işi öz üzərinə götürdü, Qayınatamdan qalmış avtomatı ona verdim. Əvvəldən də onu öldürmək fikrimiz yox idi. Yoxsa güllə çiyninə yox, başına dəyərdi”. 

Azər Səricanov ifadəsinə davam edərək bildirib ki, Fazil Mustafanı gülləylə vurandan sonra Səbuhi Şirinov onun evinə gəlib, paltarlarını dəyişib, o da izi itirmək üçün Səbuhi Şirinovun paltarlarını samovarda yandırıb. Fazil Mustafanın cəzasını icra etdiyi üçün Səbuhi Şirinova 15 min manat verib: 

"İttiham aktında yazıblar ki, guya bu cinayətin sifarişi İrandan gəlib, guya buna görə Rəşad Əhmədovun vasitəsiylə mənə 30 min dollar çatdırılıb, hamısı yalandır. Bir də onu bildirim ki, məndə tapança da olub, 2022-ci ildə Emin Əliyarovdan (təqsirləndirilənlərdən biri də odur) almışdım. Fazil Mustafanı vurmağa gedəndə o tapançanı Rəşad Əhmədova vermişdim”. 

Azər Səricanov ifadəsini başa çatdırandan sonra hakim növbəti məhkəmə iclasını fevralın 16-na təyin edib. 

Bu iş üzrə ibtidai istintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi aparıb. Fazil Mustafaya sui-qəsddən sonra həmin İdarədə Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
 
Günel Əliyeva

 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM